Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq fakültəsinin IV kurs tələbəsi Amin Əhmədov “Yüksəliş” müsabiqəsinin qaliblərinin iştirakı ilə keçirilən III Tələbə Mentorluq Proqramını fərqlənmə ilə başa vurub. O, proqramın yekununda fərqlənmə sertifikatına layiq görülən 22 tələbə arasında yer alıb.
ATU-dan Aztibb.az-a verilən xəbərə görə, proqrama 11 universitetdən 628 tələbə müraciət edib. Seçim mərhələsindən uğurla keçən 83 iştirakçı arasında yer alan Amin Əhmədov həmçinin yekun tədbirdə çıxış etmək üçün seçilən iki tələbədən biri olub.
Tədbirdə çıxış edən ATU tələbəsi mentorluq müddətində qazandığı təcrübə, əldə etdiyi nailiyyətlər və gələcək hədəfləri barədə danışıb. Ona fərqlənmə sertifikatını gənclər və idman nazirinin müavini, “Yüksəliş” İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev təqdim edib.
Mentoru Ayaz Əhmədzadənin dəstəyi ilə proqram müddətində liderlik, strateji düşüncə və peşəkar inkişaf istiqamətlərində bilik və bacarıqlarını təkmilləşdirən Amin Əhmədov əldə etdiyi təcrübəni universitetdəki fəaliyyətində və innovativ layihələrdə tətbiq edir.

