Azərbaycan Tibb Universitetində (ATU) elmi tədqiqatların müasir rəqəmsal imkanlardan istifadə etməklə daha səmərəli təşkili məsələlərinə həsr olunan veb-seminar keçiriləcək.
ATU-dan Aztibb.az-a verilən xəbərə görə, “Yeni nəsil elmi axtarış: Azərbaycan Tibb Universitetində təhsildə və elmi tədqiqatların aparılmasında süni intellektdən (Sİ) və EBSCOhost platformasının alətlərindən istifadə imkanları” mövzusunda keçiriləcək veb-seminarda süni intellekt texnologiyalarının elmi axtarış prosesində tətbiqi, elmi mənbələrin daha sürətli və dəqiq müəyyənləşdirilməsi, axtarış nəticələrinin təhlili və tədqiqat fəaliyyətinin səmərəli təşkili ilə bağlı imkanlar təqdim olunacaq.
Tədbirdə EBSCOhost platformasının elmi tədqiqatçılar üçün təqdim etdiyi funksional imkanlar xüsusi diqqət mərkəzində olacaq. İştirakçılara axtarış sorğularının dəqiqləşdirilməsi və optimallaşdırılması, elmi məqalələrin və annotasiyaların təhlili, sənədlərin tam mətnləri ilə işləmək, elmi materialların yadda saxlanılması və istinadların hazırlanması imkanları nümayiş etdiriləcək.
Veb-seminar çərçivəsində tibb sahəsində mühüm informasiya resursları olan MEDLINE Ultimate, SMART tibbi təsvirlər kolleksiyası və sübuta əsaslanan tibb üzrə DynaMed verilənlər bazaları haqqında da məlumat veriləcək. Bu resursların elmi ədəbiyyatın axtarışı, aktual və etibarlı məlumatların əldə olunması, eləcə də tədqiqat işlərinin hazırlanmasında istifadəsi izah ediləcək.
Bununla yanaşı, iştirakçılar süni intellekt alətlərindən istifadə etməklə elmi ədəbiyyatın axtarışının optimallaşdırılması və tədqiqat prosesinin daha səmərəli təşkili üsulları ilə tanış olacaqlar.
Seminarda EBSCOhost platformasının kurs, buraxılış (diplom) və elmi-tədqiqat işlərinin hazırlanmasında istifadəsinə dair imkanlar da diqqətə çatdırılacaq. Həmçinin seçilmiş materialların biblioqrafik menecerlərə ixracı və elmi mənbələrlə işin sistemləşdirilməsi funksiyaları təqdim olunacaq.
Veb-seminar 26 oktyabr 2026-cı il tarixində, saat 14:30-da onlayn formatda keçiriləcək. Bir saat davam edəcək tədbir rus dilində təşkil olunacaq.
İştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatdan sonra iştirakçıların elektron poçt ünvanına veb-seminara qoşulmaq üçün zəruri məlumatları əks etdirən təsdiq məktubu göndəriləcək.
Veb-seminarın bütün iştirakçılarına sertifikat təqdim olunacaq.

