ATU-da Böyük Elmi Şuranın yeni tədris ilində ilk iclası keçirilib
01.10.2026 09:02

Azərbaycan Tibb Universitetinin (ATU) Böyük Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, iclasın giriş nitqində rektor, professor Gəray Gəraybəyli Şura üzvlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. O, Xarici dillər kafedrasının müdiri professor Zemfira Məmmədovanı 70, Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri professor Vəfa Pənahianı 60, Ağciyər xəstəlikləri kafedrasının müdiri dosent Rafiq Bayramovu isə 50 illik yubileyləri münasibətilə təbrik edərək, onlara möhkəm cansağlığı və uğurlar arzulayıb.

 

Daha sonra “ATU-da 2025/2026-cı tədris ilinin yekunları və 2026/2027-ci tədris ilində universitet kollektivinin qarşısında duran vəzifələr” mövzusunda Tədris işləri üzrə prorektor, professor Anar Ağayevin hesabat məruzəsi dinlənilib.

 

A.Ağayev hesabat dövründə tədrisin təkmilləşdirilməsi istiqamətində görülən işlər, imtahan sessiyalarının nəticələri və qarşıdakı dövr üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Bildirilib ki, ATU-da təhsilin inkişafı məqsədilə 1 illik və 2026–2030-cu illəri əhatə edən 5 illik strateji fəaliyyət planları hazırlanıb. Planlarda tədrisin mərhələli şəkildə təkmilləşdirilməsi, klinik yönümlülüyün artırılması, müasir qiymətləndirmə üsullarının tətbiqi və rəqəmsal həllərin genişləndirilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib.

 

Prorektor tədris proqramlarının məzmun və texniki baxımdan təkmilləşdirilməsi, dərs yükünün optimallaşdırılması və auditoriyalardan daha səmərəli istifadə ilə bağlı görülən işlərdən də danışıb. O, universitetin auditoriya və tədris məkanlarının bütün struktur bölmələrinin ümumi istifadəsində olan resurslar kimi koordinasiyalı idarə edilməsinin vacibliyini vurğulayıb.

 

Tədris prosesinin rəqəmsallaşdırılması və 2025/2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının nəticələri də diqqət mərkəzində olub. Bildirilib ki, sessiyada iştirak edən 7420 tələbədən 6591-i bütün imtahanlardan müvəffəq qiymət alaraq akademik borc olmadan sessiyanı başa vurub. Universitet üzrə ümumi müvəffəqiyyət göstəricisi 88,82 faiz, keyfiyyət göstəricisində artım isə 4 faiz təşkil edib.

 

Hesabatda rezidentlərin dövri və yekun attestasiyalarının təşkili, apellyasiya müraciətlərinin daha operativ və obyektiv qiymətləndirilməsi üçün kafedralar üzrə ekspertlərin müəyyənləşdirilməsi barədə də məlumat verilib.

Prorektor çıxışının sonunda Simulyasiya Mərkəzinin maddi-texniki bazasının mərhələli yenilənməsi, klinik bacarıqların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi üzrə vahid metodik təlimatın hazırlanması və ingilis dilində beynəlxalq magistr proqramının hazırlanmasına başlanmasını təklif edib.

 

Məruzə ətrafında Rezidentura və magistratura departamentinin müdiri dosent İlhamə Mustafayeva, Əczaçılıq fakültəsinin dekanı dosent Fərəh Mədətli və Sitologiya, histologiya və embriologiya kafedrasının müdiri professor Eldar Qasımov da çıxış ediblər.

 

İ.Mustafayeva magistratura və rezidentura proqramlarının əmək bazarı və səhiyyə sisteminin tələblərinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, hesabat dövründə 44 ixtisas üzrə rezidentura proqramı yenilənib, magistratura proqramlarının yenilənməsi və təsdiqi prosesi başa çatdırılıb. Rezidentlərin hazırlığının səmərəli təşkili üçün müvafiq klinik bazalarla əməkdaşlıq çərçivəsində rotasiyalar da təşkil edilib.

 

F.Mədətli tədrisin keyfiyyətinin qiymətləndirilməsində statistik göstəricilərlə yanaşı, məzunların real peşəkar kompetensiyalarının əsas meyar olduğunu vurğulayıb. O, məqsədin yalnız göstəriciləri yüksəltmək deyil, müasir tələblərə cavab verən və peşəsinə məsuliyyətlə yanaşan mütəxəssislər hazırlamaq olduğunu bildirib.

 

E.Qasımov isə tədris proqramlarının müqayisəli şəkildə yenidən nəzərdən keçirilməsini, təkrarların aradan qaldırılmasını və semestrlər üzrə bölgünün təkmilləşdirilməsini vacib addımlar kimi qeyd edib.

Müzakirələrə yekun vuran rektor, professor G. Gəraybəyli tədrisin keyfiyyətinin yüksəldilməsinin davamlı və sistemli proses olduğunu vurğulayıb. O, təhsil proqramlarının, tədris texnologiyalarının, innovativ yanaşmaların və qiymətləndirmə metodlarının müasir tələblərə uyğun mütəmadi olaraq təkmilləşdirilməsinin vacibliyinə diqqət çəkib.

 

Rektor tədris prosesinin səmərəli təşkili və keyfiyyətinin təmin olunmasında kafedra müdirlərinin məsuliyyətinin artırılmasının zəruriliyini qeyd edib. Bu məqsədlə auditoriyalardan və digər tədris məkanlarından səmərəli istifadənin vəziyyətinin mütəmadi monitorinqinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.

 

G. Gəraybəyli elektron diplomların tətbiqi ilə əlaqədar növbəti ilin məzunlarının sənədlərinin əvvəlcədən və vaxtında hazırlanmasının vacibliyini vurğulayıb. Bununla yanaşı, 6-cı kurs tələbələrinin imtahanların təşkili, qiymətləndirmə meyarları və qarşıya qoyulan tələblərlə bağlı əvvəlcədən ətraflı məlumatlandırılmasının əhəmiyyətini diqqətə çatdırıb.

 

Universitetin təhsil proqramlarının akkreditasiyaya hazırlığı məsələsinə də toxunan rektor bu prosesin indidən sistemli və məqsədyönlü şəkildə təşkil edilməsinin vacibliyini bildirib. Qeyd olunub ki, akkreditasiya hazırlığı yalnız müvafiq sənədlərin hazırlanması ilə məhdudlaşmamalı, tədrisin təşkili və həyata keçirilməsi, təhsil proqramlarının məzmununun müəyyən edilmiş tələblərə uyğunluğu, qiymətləndirmə mexanizmləri, tədris resursları və digər mühüm istiqamətləri əhatə etməlidir.

 

Rektor müasir maddi-texniki imkanların tədris prosesinə daha fəal inteqrasiyasının əhəmiyyətini də vurğulayıb. Xüsusilə maneken, mulyaj və simulyatorlardan istifadənin genişləndirilməsinin tələbələrin praktiki bacarıqlarının inkişafına mühüm töhfə verdiyini qeyd edən G. Gəraybəyli tələbələrin bu imkanlardan daha səmərəli və fəal istifadəsinin təmin edilməsinin vacibliyini bildirib.

 

Sonda tədrisin keyfiyyətinin yüksəldilməsi, təhsil proqramlarının davamlı təkmilləşdirilməsi və müasir tədris imkanlarından səmərəli istifadənin universitetin əsas prioritetləri sırasında olduğu diqqətə çatdırılıb.

 

İclasın sonunda digər məsələlərə baxılıb. İmmunologiya kafedrasının adının, həmçinin “Tibb”, “Stomatologiya”, “Əczaçılıq” və “Tibb bacısı (qardaşı) işi” ixtisasları üzrə təhsil proqramlarının adlarının dəyişdirilmədən məzmununun yenilənməsinə razılıq verilib.

 

Bununla yanaşı, yeni yaradılan Maliyyə departamenti və Sənədlər və müraciətlərlə iş şöbəsinin əsasnamə layihələri, ATU-nun fəaliyyət planı, klinik protokollar və elmi adların təsdiqi ilə bağlı məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

ÇOX OXUNANLAR
 Şərur rayonunun Kərimbəyli kəndində tibbi aksiya: 98 nəfər müayinə olunub   
90 yaşlı alimlə MÜSAHİBƏ
Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat
 TƏBİB və ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb   
İsmayıllı RMX-nın iki əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib
 Suraxanı Tibb Mərkəzində “Bronxial astma tutmalarının idarəedilməsi” mövzusunda təlim keçirilib   
 Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb   
 Ağır əl travması alan pasiyentin III, IV və V barmaqları amputasiyadan xilas edilib - Tədris Cərrahiyyə Klinikasında    
 Mərkəzi Klinikanın ümumi cərrahı Böyük Britaniyada beynəlxalq konqresdə çıxış edib   
Daşkəsəndə tanınmış ginekoloq uzun sürən xəstəlikdən sonra vəfat edib
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
 Qobustan RMX-da mürəkkəb cərrahi əməliyyat icra olunub   
Binəqədi Tibb Mərkəzinin ümumi cərrahı Asif Qaranizadə - Həkimlərimizi tanıyaq!
 Azərbaycanda ÜST-nin MOSAIC alətinin təqdimatı: Psixi sağlamlıqla bağlı stiqmanın azaldılması istiqamətində əməkdaşlığa əsaslanan yanaşma   
 Ordubad rayonunun Nüsnüs kəndində tibbi AKSİYA