Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, sentyabrın 23–25-də Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədrisin distant (məsafədən) formaya keçirilməsi ilə əlaqədar Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində də dərslər onlayn formatda təşkil olunur.
Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.
Qeyd olunub ki, fakültənin Feldşer hazırlığı kurslarının kursantları tədris proqramına uyğun olaraq dərslərini məsafədən davam etdirirlər. Müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla təşkil edilən onlayn məşğələlərdə kursantların nəzəri bilikləri mənimsəməsi və tədris prosesinin fasiləsizliyi təmin edilir.
Distant tədris prosesinin keyfiyyətli və nizamlı təşkili xüsusi diqqət mərkəzində saxlanılır. Məsələ ilə bağlı fəaliyyətin təşkilində iştirak edən Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev dərslərin gedişatını və distant təhsilin effektivliyini yaxından izləyir.
Fakültədə distant tədrisin müəyyən olunmuş qrafikə və standartlara uyğun şəkildə həyata keçirilməsi üçün bütün lazımi texniki və təşkilati tədbirlər tam təmin edilib.

