Azərbaycan Tibb Universitetində I kurs tələbələri ilə tanışlıq görüşü təşkil edilib
23.09.2026 15:54

Azərbaycan Tibb Universitetində (ATU) I kurs tələbələri ilə tanışlıq görüşü keçirilib. ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən görüşdə yeni tələbələrin universitet mühitinə uyğunlaşması, tələbəlik həyatının imkanları barədə məlumatlandırılması və onların ictimai fəaliyyətə cəlb olunması məsələləri diqqət mərkəzində olub. 

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 

Tədbirdə çıxış edən THİK-in sədri Qoşqar İsmayılov yeni tələbələri ATU-ya qəbul olunmaları münasibətilə təbrik edib, onlara təhsil və tələbəlik həyatında uğurlar arzulayıb. THİK sədri rektor, professor Gəray Gəraybəylinin rəhbərliyi ilə ATU-da elmi və tədris fəaliyyəti ilə yanaşı, tələbələrin ictimai fəallığının dəstəklənməsi istiqamətində də ardıcıl fəaliyyət göstərildiyini nəzərə çatdırıb.  Həmçinin bildirib ki, THİK tələbələrin müxtəlif layihə və təşəbbüslərdə iştirakına, sosial və ictimai fəaliyyətə cəlb olunmasına, eləcə də şəxsi və peşəkar bacarıqlarının inkişafına şərait yaradır. 

 

Q.İsmayılov qeyd edib ki, tələbəlik dövrü yalnız akademik biliklərin mənimsənilməsi ilə məhdudlaşmır. Bu mərhələdə müxtəlif bacarıqların formalaşdırılması, təşkilati və ictimai fəaliyyət təcrübəsinin qazanılması da mühüm əhəmiyyət daşıyır. O, I kurs tələbələrini universitetdə yaradılan imkanlardan səmərəli istifadə etməyə və tələbə həyatında fəal iştirak etməyə çağırıb. 
Görüşdə THİK-in sədr müavini Aydın Cəfərov, komitənin fakültələr üzrə sədrləri və THİK-in nəzdində fəaliyyət göstərən tələbə klublarının rəhbərləri də çıxış ediblər. 

 

Tələbələrə THİK-in və tələbə klublarının fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr, könüllülük proqramları və sosial təşəbbüslər barədə məlumat verilib. Çıxışlarda bu fəaliyyətlərin tələbələrin təşəbbüskarlıq, yaradıcılıq, kommunikasiya və təşkilatçılıq bacarıqlarının inkişafına verdiyi töhfə vurğulanıb. 

 

Bildirilib ki, ATU-da tələbə həyatı tədris prosesi ilə yanaşı, gənclərin öz potensiallarını reallaşdırmaları, müxtəlif layihələrdə iştirak etmələri və sosial əlaqələrini genişləndirmələri üçün geniş imkanları əhatə edir. 

 

Görüş tələbələrin suallarının cavablandırılması və qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.

ÇOX OXUNANLAR