Azərbaycan Tibb Universitetinin (ATU) II Müalicə-profilaktika fakültəsinin VI kurs, 221İ-2b qrup tələbəsi Simge Kıran Ertan beynəlxalq elmi arenada Azərbaycan tibb tələbələrini uğurla təmsil edib.
Universitetdən Aztibb.az-a verilən xəbərə görə, ATU tələbəsi ABŞ-ın Texas ştatının San Antonio şəhərində keçirilən SIOP (International Society of Paediatric Oncology) Konqresində iştirak edərək nadir xəstəliklər sahəsində apardığı elmi tədqiqatı poster təqdimatı formatında beynəlxalq elmi ictimaiyyətə təqdim edib.
Simge Kıran Ertanın “Malignancy in Immunodeficiency, Centromeric Instability and Facial Anomalies (ICF) Syndrome: A Systematic Review of Spectrum, Genotype Associations and Clinical Outcomes” adlı tədqiqatı ICF sindromunda bədxassəli xəstəliklərin spektrini, genotip–malignitə əlaqələrini və klinik nəticələri sistematik şəkildə araşdırır.
Tədqiqat çərçivəsində ICF sindromu diaqnozu qoyulmuş 27 xəstənin məlumatları təhlil edilib. Onların 12-də malignitə aşkar olunub. Araşdırmada xüsusilə ICF2 (ZBTB24) ilə EBV-pozitiv B-hüceyrəli limfomalar arasındakı əlaqə diqqət çəkib. ICF1 (DNMT3B) qrupunda isə daha geniş hematoloji və solid şiş spektrinin müşahidə olunduğu müəyyən edilib.
Tədqiqatın nəticələri ICF sindromlu pasiyentlərdə genotipə spesifik malignitə monitorinqinin əhəmiyyətini vurğulayır. Eyni zamanda, uyğun klinik hallarda erkən hematopoetik kök hüceyrə transplantasiyasının nəzərdən keçirilməsinin vacibliyinə diqqət çəkilir.
ATU tələbəsinin araşdırmasının dünyanın müxtəlif ölkələrindən mütəxəssisləri bir araya gətirən SIOP Konqresində təqdim olunması onun elmi fəaliyyətinin beynəlxalq səviyyədə tanınması baxımından mühüm göstəricidir.
Bu təqdimat həmçinin Azərbaycan Tibb Universitetinin tələbələrinin nadir xəstəliklər, uşaq onkologiyası və müasir tibbi tədqiqatlar sahəsində beynəlxalq elmi platformalarda fəal iştirak etdiyini nümayiş etdirir.
S.K.Ertanın beynəlxalq konqresdə elmi tədqiqatla çıxışı ATU tələbələrinin elmi potensialının və beynəlxalq akademik mühitdə təmsilçiliyinin diqqətçəkən nümunələrindən biridir.

