Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında Elmi tədqiqatların idarəolunması departamentinin təşkilatçılığı ilə kafedrada elmi hesabatların elektronlaşmasına dair kafedra əməkdaşlarının iştirakı ilə təlim keçirilib.
ATU-dan Aztibb.az-a verilən xəbərə görə, təlim kafedraların elmi fəaliyyətinə dair hesabatların hazırlanması üçün yeni yaradılmış elektron sistemin təqdim edilməsi, iştirakçıların sistemin iş prinsipi və funksional imkanları barədə məlumatlandırılması, eləcə də platformadan istifadə qaydalarının izah olunması məqsədilə təşkil olunub.
Təlim zamanı elektron sistemin əsas funksional imkanları, kafedraların elmi fəaliyyətinə dair məlumatların sistemə daxil edilməsi, müvafiq məlumatların strukturlaşdırılması və sistemləşdirilməsi, habelə elmi hesabatların elektron formatda hazırlanması prosesi ətraflı şəkildə izah edilib. Eyni zamanda, sistemdən istifadə zamanı nəzərə alınmalı texniki və məzmun xarakterli əsas məqamlar diqqətə çatdırılmış, hesabat məlumatlarının düzgün və ardıcıl şəkildə daxil edilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.
Yeni elektron sistemin tətbiqi ATU-da elmi fəaliyyətin rəqəmsallaşdırılması, kafedraların elmi hesabatlılıq prosesinin təkmilləşdirilməsi, elmi fəaliyyətə dair məlumatların vahid informasiya mühitində toplanması və idarə olunması, həmçinin elmi fəaliyyət göstəricilərinin sistemli şəkildə monitorinqinin həyata keçirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilə bilər.
Departament tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər universitetdə elmi fəaliyyətin idarə edilməsi və koordinasiyasının təkmilləşdirilməsinə, hesabatlılıq və məlumatların idarə olunması mexanizmlərinin müasirləşdirilməsinə, eləcə də elmi fəaliyyət göstəricilərinin daha sistemli və səmərəli şəkildə izlənilməsinə xidmət edir.
Tədbirdə Elmmetrik araşdırma şöbəsinin müdiri, professor Fatimə Seyidbəyova, Əqli mülkiyyətin inkişafı şöbəsinin müdiri, dosent Aygün Kazımlı, eləcə də təlimçi qismində Elmmetrik araşdırma şöbəsinin koordinatoru Püsən Məmmədova iştirak ediblər.

