Azərbaycan Tibb Universiteti (ATU) Elmi Araşdırmalar Mərkəzinin (EAM) alimlərinin iştirakı ilə hazırlanmış məqalə beynəlxalq elmi nəşrlər sırasında yer alan, “Scopus” bazasında indekslənən Q2 kateqoriyalı “Acta Biomedica” jurnalında dərc olunub.
Aztibb.az xəbər verir ki, “The effect of superoxide dismutase on lipid peroxidation products and antioxidant activity in peritoneal exudate in the terminal phase of peritonitis” adlı tədqiqatın müəllifləri arasında EAM əməkdaşları – dosent Orxan İsayev, dosent Elçin Əkbərov və t.ü.f.d., böyük elmi işçi Rəna Kərimova yer alırlar.
Tədqiqat peritonitin terminal mərhələsində peritoneal eksudatda oksidativ stress göstəricilərinin dəyişməsini və superoksiddismutaza (SOD) fermentinin lipidlərin peroksidləşməsi məhsullarına və antioksidant müdafiə sisteminə bərpaedici təsirini ex vivo şəraitdə qiymətləndirir.
Əldə olunan nəticələr fermentativ antioksidantların tətbiqinin peritonit zamanı toxuma zədələnməsinin azalmasında və kompleks müalicənin effektivliyinin artırılmasında mühüm rol oynaya biləcəyini göstərir.
Məqalənin Q2 kateqoriyalı jurnalda dərc olunması ATU alimləri tərəfindən müasir biotibb elminin aktual problemləri üzrə aparılan tədqiqatların qlobal elmi platformada təqdimatı və universitetin elmi potensialının beynəlxalq səviyyədə nümayiş etdirilməsi baxımından əhəmiyyətli nəticədir.

