Azərbaycan Tibb Universitetinin (ATU) rezidenti London şəhərində keçirilən Avropa Katarakta və Refraktiv Cərrahlar Cəmiyyətinin 44-cü Konqresi — ESCRS 2026 - da iştirak edib.
ATU-dan Aztibb.az-a bildirilib ki, konqresin elmi proqramı çərçivəsində universitetin Oftalmologiya kafedrasının III kurs rezidenti Xumar İbrahimovanın “Phacoemulsification in Small Pupils: Bimanual Pupil Stretching – Clinical Cases” adlı elektron posteri təqdim olunub.
Elmi işdə dar bəbəkli pasiyentlərdə kataraktanın fakoemulsifikasiyası zamanı yaranan cərrahi çətinliklər, mümkün intraoperativ risklər və bəbəyin bimanual dartılması texnikasının klinik hallarda tətbiqi nəzərdən keçirilib.
Təqdimatda bu texnikanın əməliyyat sahəsinin genişləndirilməsinə, cərrahi manipulyasiyaların daha nəzarətli aparılmasına və mümkün intraoperativ ağırlaşmaların riskinin azaldılmasına verdiyi imkanlar klinik nümunələr əsasında göstərilib.
Qeyd edək ki, ATU-da rezidentlərin elmi fəaliyyətinin və beynəlxalq tədbirlərdə iştirakının dəstəklənməsi onların davamlı peşəkar inkişafına və keyfiyyətli tibbi təhsil almasına şərait yaradır. Bu yanaşma BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü məqsədi – “Keyfiyyətli təhsil” çərçivəsində ömürboyu öyrənmə və keyfiyyətli peşə hazırlığının təşviqi istiqaməti ilə səsləşir. Əldə olunan biliklərin klinik praktikada tətbiqi isə 3-cü məqsəd – “Yaxşı sağlamlıq və rifah”ın səhiyyə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqaməti ilə əlaqəlidir. Bu cür elmi fəaliyyətlər gənc həkimlərin peşəkar inkişafına və müasir tibbi yanaşmaların klinik praktikaya inteqrasiyasına imkan yaradır.

