ABŞ və Almaniyadan olan tədqiqatçılar işıq enerjisini hüceyrələrin istifadə edə biləcəyi kimyəvi enerjiyə çevirən genetik olaraq modifikasiya edilmiş mitoxondrilər hazırlayıblar.
Aztibb.az xəbər verir ki, “Nature Aging” jurnalında dərc olunan araşdırmaya görə, bu texnologiya dairəvi qurd C. elegansın ömrünün uzanmasına və daha sağlam yaşamasına səbəb olub.
Alimlər mitoxondrilərin fəaliyyətini işıq vasitəsilə dəyişdirmək üçün optogenetika metodundan istifadə ediblər. Bu məqsədlə mitoxondrilərə işıqla aktivləşən proton nasosu əlavə edilib. Nəticədə işıq enerjisi mitoxondrinin əlavə ATP – hüceyrənin əsas enerji mənbəyi – istehsal etməsinə imkan verib.
Tədqiqatçılardan doktor Brandon Berry bu mexanizmi mövcud enerji istehsal sisteminə günəş paneli əlavə etməyə bənzədib. Onun sözlərinə görə, normal mitoxondrial mexanizmə əlavə olaraq işıq enerjisindən istifadə etməklə hüceyrənin enerji təminatını artırmaq mümkün olub.
Tədqiqatın müəlliflərindən doktor Endiryu Vojtoviç bildirib ki, mitoxondrial funksiyaların pozulmasının yaşlanma prosesinin nəticələrindən biri olduğu məlumdur. Araşdırma isə işıqla aktivləşdirilən mitoxondrilər vasitəsilə metabolizmin sürətləndirilməsinin laboratoriya qurdlarında daha uzun və sağlam həyatla əlaqəli olduğunu göstərib.
Alimlər hesab edirlər ki, bu yanaşma mitoxondrilərin yaşlanma və yaşla əlaqəli xəstəliklərdə rolunun daha yaxşı öyrənilməsi üçün yeni imkanlar yaradır. Hazırkı nəticələr yalnız C. elegans üzərində əldə edilib. Tədqiqatçılar növbəti mərhələdə bu mexanizmi insan hüceyrələri, hüceyrə kulturları və gəmiricilər üzərində araşdırmağı planlaşdırırlar.
Mütəxəssislərin fikrincə, yeni metod canlı hüceyrələrdə mitoxondrilərin fəaliyyətini idarə etmək və onların funksiyalarını daha dərindən öyrənmək üçün perspektivli tədqiqat platforması ola bilər.
Bu yanaşma gələcəkdə hüceyrələrin enerji istehsalının pozulması ilə əlaqəli yaşlanma və yaşa bağlı xəstəliklərin müalicəsi üçün yeni üsulların hazırlanmasınfa faydalı olacaq.

