Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsində gənc kursantların andiçmə mərasiminə həsr olunmuş təntənəli tədbir keçirilib. Sıra meydanında təşkil olunan mərasim şəxsi heyətin təntənəli düzülüşü və fakültə rəisinə məruzə olunması ilə başlayıb.
Bu məlumat Aztibb.az-a ATU-dan verilib.
Mitinq açıq elan edildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Təntənəli şəraitdə hərbi andı qəbul edən gənc kursantlar Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət edəcəklərinə söz verərək Fakültə rəisinə məruzə ediblər.
Mərasimdə çıxış edən fakültə rəisi, tibb xidməti polkovniki Məharət Rzayev gənc kursantları hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində müvəffəqiyyətlər arzulayıb.
Daha sonra Hərbi həkim ixtisası hazırlığı kursunun kursantı Nahid Şirinov yoldaşları adından çıxış edərək göstərilən etimadı doğruldacaqlarına söz verib. Mərasimdə çıxış edən valideynlər də öz növbəsində gənc kursantlara xeyir-dua verərək sevinc və qürur hissələrini bölüşüblər.

