Azərbaycan Tibb Universitetinin (ATU) Oftalmologiya kafedrasında göz xəstəliklərinin diaqnostikası və müalicəsində malpraktis hallarına həsr olunmuş təlim keçirilib.
ATU-dan Aztibb.az-a bildirilib ki, təlimdə malpraktisin mahiyyəti, oftalmoloji praktikada mümkün səhvlər, onların pasiyent sağlamlığına təsiri və bu halların hüquqi aspektləri barədə ətraflı məlumat verilib.
Mövzu üzrə mühazirə ilə çıxış edən tibb elmləri doktoru, dosent Tural Qəlbinur bildirib ki, oftalmologiyada malpraktis halları müxtəlif səbəblərdən yarana bilər. Bunlara iltihabi proseslərin idarə edilməsində gecikmələr, pasiyentin müalicə prosesinin yetərincə izlənilməməsi, cərrahi müdaxilələrin mümkün risklərinin pasiyentə lazımi səviyyədə izah edilməməsi, eləcə də cərrahi ağırlaşmalar daxildir.
Təlim zamanı gecikmiş və ya yanlış diaqnostikanın oftalmologiyada ciddi, bəzi hallarda isə geri dönməz nəticələrə səbəb ola biləcəyi vurğulanıb. Xüsusilə qlaukoma, şəkərli diabetin fəsadlarından olan diabetik retinopatiya, torlu qişa qopmaları və göz travmaları zamanı vaxtında və düzgün diaqnostikanın mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Məruzəçi malpraktis iddiasının hüquqi baxımdan əsaslandırılması üçün bir sıra mühüm meyarların nəzərə alınmasından da bəhs edib. Bunlara həkim-pasiyent münasibətlərinin mövcudluğu, tibbi standartlardan yayınma və həmin yayınma ilə pasiyentə dəymiş zərər arasında səbəb-nəticə əlaqəsinin müəyyənləşdirilməsi aiddir. Bu prosesdə əsas məqamlardan biri konkret zərərin baş verdiyinin və həmin zərərin həkimin fəaliyyəti və ya fəaliyyətsizliyi ilə əlaqəsinin müəyyən edilməsidir.
Təlim çərçivəsində, həmçinin oftalmoloji praktikada tibbi səhvlərin qarşısının alınması, pasiyent təhlükəsizliyinin təmin edilməsi, diaqnostika və müalicə zamanı tibbi standartlara riayət olunması və həkimlərin hüquqi məsuliyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

