Ağır travmalardan sonra sinirlərin bərpasına kömək edəcək süni implant hazırlanır
13.09.2026 07:53

Rusiyalı alimlər zədələnmiş periferik sinirlərin bərpasına kömək edə biləcək yeni süni sinir implantı hazırlayıblar. NİTU MİSİS-in biotibbi mühəndisləri tərəfindən hazırlanmış implant yalnız zədələnmiş sinir uclarını birləşdirmir, həm də yeni sinir liflərinin düzgün istiqamətdə böyüməsi üçün xüsusi mühit yaradır.

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, sinir konduiti adlandırılan boruşəkilli implant təbii sinirin əsas quruluş elementlərini təqlid edir. Onun daxilində yerləşən istiqamətləndirici kanallar və polimer liflər sinir hüceyrələrinin səthə yapışmasına və lazımi istiqamətdə inkişafına şərait yaradır. İmplantın hazırlanmasında biorezorbsiya olunan, yəni orqanizmdə tədricən parçalanaraq xaric olunan polimerlərdən istifadə edilir.

Alimlərin fikrincə, texnologiyanın əsas üstünlüyü mövcud analoqlardan fərqli olaraq sinirin yalnız mexaniki birləşdirilməsi ilə kifayətlənməməsi, onun daxili mikroarxitekturasını da qismən təqlid etməsidir. Bu xüsusiyyət zədələnmiş sinir liflərinin düzgün istiqamətdə bərpasına və nəticədə hərəkət funksiyası ilə həssaslığın daha effektiv geri qaytarılmasına imkan verə bilər.

Hazırda ağır sinir zədələnmələrinin müalicəsində xəstənin öz sinirindən götürülmüş hissənin köçürülməsi əsas üsullardan biridir. Lakin bu yanaşma əlavə cərrahi müdaxilə tələb edir və sağlam toxumaların zədələnməsi ilə nəticələnə bilər. Yeni implant gələcəkdə bu cür əməliyyatlara alternativ ola bilər.

Texnologiyanın xüsusilə ətrafların ağır travmaları, üz sinirinin zədələnməsi, əməliyyatlardan və şişlərin çıxarılmasından sonra yaranan neyropatiyalar, eləcə də yaralanmalardan sonra həssaslığın bərpası zamanı tətbiqi nəzərdə tutulur.

Bununla belə, mütəxəssislər bildirirlər ki, inkişaf hələ ilkin mərhələdədir. İmplant laboratoriya sınaqlarından keçib və patent üçün müraciət edilib. Növbəti mərhələdə prototip hazırlanacaq, daha sonra isə onun effektivliyi və təhlükəsizliyi preklinik və klinik tədqiqatlarla qiymətləndiriləcək. Yalnız bu sınaqlar müsbət nəticə verdiyi halda texnologiyanın mövcud müalicə üsullarına real alternativə çevrilməsi mümkün olacaq.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə