İnsanı həyata qaytaran güc: müasir fizioterapiya
08.09.2026 15:50

Fizioterapiya müasir tibbin yalnız müalicə deyil, həm də profilaktika, reabilitasiya və sağlamlığın qorunması istiqamətində mühüm sahələrindən biridir. Müasir yanaşmada fizioterapevtin və reabilitasiya mütəxəssisinin əsas məqsədi yalnız simptomu azaltmaq deyil, insanın gündəlik həyat fəaliyyətinə və mümkün qədər aktiv həyata qayıtmasına nail olmaqdır.

Bu barədə Aztibb.az-a məlumat verən ATU-nun Fizioterapiya və Tibbi Reabilitasiya kafedrasının professoru, tibb elmləri doktoru Sədaqət Hüseynova bildirib ki, fizioterapiya fiziki faktorlar, terapevtik hərəkətlər və xüsusi reabilitasiya üsullarından istifadə etməklə insanın hərəkət, funksional və fiziki imkanlarının yaxşılaşdırılmasına yönəlmiş tibbi sahədir. 

Onun sözlərinə görə, müasir fizioterapiyada müxtəlif metodlardan istifadə olunur. Bunlara terapevtik məşqlər, kinezioterapiya, manual terapiya üsulları, elektroterapiya, TENS, lazer terapiyası, maqnitoterapiya, hidroterapiya, balneoterapiya, istilik və soyuq tətbiqləri, balans və koordinasiya məşqləri, robotik reabilitasiya və digər müasir texnologiyalar daxildir. 
Lakin fizioterapiyanı yalnız aparat prosedurları ilə məhdudlaşdırmaq düzgün deyil. Müasir fizioterapiyanın əsasını elmi əsaslandırılmış, fərdiləşdirilmiş və aktiv reabilitasiya təşkil edir.

 

Sədaqət Hüseynova qeyd edib ki, fizioterapiyanın əsas məqsədi funksiyanı bərpa etməkdir. İnsan üçün sağlamlığın ən mühüm göstəricilərindən biri onun sərbəst hərəkət edə bilməsi və gündəlik fəaliyyətlərini müstəqil yerinə yetirməsidir. İnsult, travma, onurğa problemləri, oynaq xəstəlikləri, nevroloji və ortopedik patologiyalar, xroniki ağrı sindromları zamanı insanın hərəkət qabiliyyəti və həyat keyfiyyəti əhəmiyyətli dərəcədə məhdudlaşa bilər:


"Belə vəziyyətlərdə reabilitasiya komandasının məqsədi:
•    ağrını və digər simptomları azaltmaq;
•    əzələ gücünü və dözümlülüyü artırmaq;
•    hərəkət amplitudunu yaxşılaşdırmaq;
•    balans və koordinasiyanı bərpa etmək;
•    yerimə və digər funksional bacarıqları inkişaf etdirmək;
•    gündəlik fəaliyyətlərdə müstəqilliyi artırmaq;
•    əmək və sosial həyata qayıdışı dəstəkləməkdir".

 

Nevroloji reabilitasiyada fizioterapiyanın rolundan bəhs edən Sədaqət Hüseynova vurğulayıb ki, fizioterapiya xüsusilə nevroloji reabilitasiyanın mühüm komponentidir. İnsult, Parkinson xəstəliyi, dağınıq skleroz, onurğa beyni zədələnmələri, periferik sinir xəstəlikləri və digər nevroloji patologiyalarda düzgün qurulmuş reabilitasiya proqramı funksional nəticələrin yaxşılaşdırılmasına kömək edə bilər:


"Burada əsas anlayışlardan biri neyroplastiklikdir. Beyin və sinir sistemi müəyyən şərtlər daxilində yeni funksional əlaqələr formalaşdırmaq və zədələnmiş funksiyaların kompensasiyasını təmin etmək qabiliyyətinə malikdir. Təkrarlanan, məqsədyönlü və düzgün seçilmiş hərəkətlər bu prosesin stimullaşdırılmasında mühüm rol oynayır. 
Bu baxımdan, müasir neyroreabilitasiya yalnız passiv prosedurlardan deyil, aktiv məşqlərdən, funksional tapşırıqlardan, sensor stimulyasiyadan, robotik texnologiyalardan, virtual reallıqdan və digər innovativ metodlardan istifadə edir".


Həkim qeyd edib ki, fizioterapiyanın ən mühüm tətbiq sahələrindən biri də ağrı müalicəsidir. Bel ağrısı, boyun ağrısı, oynaq və əzələ-skelet sistemi problemləri milyonlarla insanın həyat keyfiyyətinə təsir göstərir.  Xroniki ağrının müalicəsində yalnız dərman vasitələrinə əsaslanmaq əksər hallarda kifayət etmir. Ağrının səbəbinə uyğun olaraq terapevtik məşqlər, fiziki aktivliyin tədricən artırılması, düzgün bədən mexanikasının öyrədilməsi və digər reabilitasiya üsulları kompleks müalicənin mühüm hissəsini təşkil edə bilər. Əsas məqsəd insanı ağrıdan qorxaraq hərəkətsiz qalmağa deyil, təhlükəsiz və düzgün hərəkət etməyə öyrətməkdir.

 

"Profilaktika müalicədən daha üstündür", - deyə bildirən Sədaqət Hüseynova vurğulayıb ki, fizioterapiyanın əhəmiyyəti yalnız xəstəlik yarandıqdan sonra başlamır. Fiziki aktivliyin artırılması, düzgün hərəkət vərdişlərinin formalaşdırılması, iş zamanı ergonomik qaydalara əməl edilməsi, yaşa uyğun fiziki məşqlərin seçilməsi bir sıra problemlərin qarşısının alınmasına kömək edə bilər. 
Müasir səhiyyənin əsas istiqamətlərindən biri də məhz profilaktik təfəkkürün formalaşdırılmasıdır. İnsan sağlamlığını yalnız xəstəlik zamanı düşünməməli, sağlamlığın qorunmasını gündəlik həyat tərzinin bir hissəsinə çevirməlidir.

 

Rəqəmsal və innovativ fizioterapiyadan söz açan həkim əlavə edib ki, texnologiyanın sürətli inkişafı fizioterapiyanın imkanlarını da genişləndirir. Robotik reabilitasiya sistemləri, virtual reallıq, hərəkət sensorları, biofeedback texnologiyaları, tele-reabilitasiya və süni intellekt əsaslı qiymətləndirmə sistemləri artıq müasir reabilitasiyanın inkişaf edən istiqamətlərindəndir. Lakin texnologiya mütəxəssisin yerini tam əvəz etmir. Əksinə, texnologiyanın əsas üstünlüyü fərdiləşdirilmiş reabilitasiya proqramının daha dəqiq və effektiv həyata keçirilməsinə imkan verməsidir.

 

Onun sözlərinə görə, fizioterapevt – sadəcə prosedur icra edən mütəxəssis deyil. Müasir fizioterapevt xəstəni qiymətləndirən, funksional problemləri müəyyənləşdirən, məqsədlər formalaşdıran və fərdi reabilitasiya proqramı hazırlayan səhiyyə mütəxəssisidir.  Effektiv reabilitasiya isə yalnız bir mütəxəssisin işi deyil. Nevroloq, fizioterapist,həkim-fizioterapevt, əmək terapiyası mütəxəssisi, loqoped, psixoloq, ortoped və digər mütəxəssislərin əməkdaşlığı daha kompleks nəticələr əldə etməyə imkan verir. 
Ən əsası isə xəstə özü reabilitasiya prosesinin aktiv iştirakçısı olmalıdır.


"8 sentyabr bizə bir daha xatırladır ki, hərəkət insan sağlamlığının fundamental komponentlərindən biridir. Fizioterapiyanın əsas fəlsəfəsini bir cümlə ilə ifadə etmək mümkündür: “Məqsəd yalnız xəstəliyi müalicə etmək deyil, insanın həyatını yenidən aktiv, müstəqil və keyfiyyətli etməkdir”, - deyə Sədaqət Hüseynova bildirib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir