Kimya İnstitutunun alimləri beynəlxalq konfransda neft şlamlarını təqdim ediblər    
08.09.2026 09:14

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun “Kimya-texnoloji proseslərin modelləşdirilməsi” laboratoriyasının əməkdaşları - texnika elmləri üzrə fəlsəfə doktoru dosent Qoşqar Əliyev, texnika elmləri üzrə fəlsəfə doktoru Xuraman Hacıəhmədzadə və konstruktor Lalə İbrahimova Azərbaycan Texniki Universiteti (AzTU) və Türkiyənin Yıldız Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilən 14-cü Qlobal İstiləşmə üzrə Beynəlxalq Konfransda (GCGW-2026) məruzə ilə çıxış ediblər.

 

Bu barədə Aztibb.az-a Kimya İnstitutundan məlumat verilib.

 

Bildirilib ki, onlar baş elmi işçi, AMEA-nın müxbir üzvü Qüdrət Kelbaliyev, Emin Əliyev və doktorant Xədicə Abbaslının da həmmüəllifi olduğu “Abşeron yarımadasının neft şlamlarının utilizasiyası üçün riyazi modellərin işlənib hazırlanması” mövzusunda tədqiqatı təqdim ediblər.

 

Məqalədə Abşeron yarımadasının, o cümlədən Suraxanı, Ramana, Bibiheybət və Balaxanı ərazilərindəki çirklənmiş sahələrdən götürülmüş neft şlamlarının fiziki-kimyəvi və element-molekulyar tərkibinin tədqiqi əsasında onların utilizasiyası üçün riyazi modellərin işlənib hazırlanmasının nəticələri təqdim olunub. Tədqiqat zamanı neft şlamlarının nəmlik, üzvi maddə və kül tərkibi, ağır metalların miqdarı, hissəcik ölçülərinin paylanması və neft-yağ komponentləri müəyyənləşdirilib, İQ-spektroskopiya və ICP-OES analizlərindən əldə olunan nəticələr modellərin əsas ilkin verilənləri kimi istifadə edilib.

 

Təklif olunan kompleks model neft şlamlarının emalında qurutma, ekstraksiya, adsorbsiya və distillə mərhələləri arasındakı qarşılıqlı əlaqələri nəzərə alır. Ekstraksiya və adsorbsiya proseslərinin kinetik, tarazlıq, kütləötürmə və diffuziya xüsusiyyətlərinin riyazi təsviri əsasında prosesin optimal parametrlərinin müəyyənləşdirilməsi, adsorbentin tələb olunan miqdarının seçilməsi və emal səmərəliliyinin proqnozlaşdırılması mümkün olur. Modelin real və pilot sınaqlardan əldə olunan məlumatlar əsasında kalibrlənməsi onun gələcəkdə sənaye miqyasında tətbiqi və proseslərin daha səmərəli idarə olunması üçün imkan yaradır.

 

Çıxışın sonunda müəlliflər konfransın təşkilatçıları tərəfindən sertifikatla təltif ediliblər.

 

Qeyd edək ki, GCGW-2026-da dünyanın 30 ölkəsindən 200-ə yaxın alim, tədqiqatçı, ekspert və mütəxəssis iştirak edib. Konfransa ümumilikdə 125 elmi məqalə daxil olub. Təqdim olunan elmi işlər beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilib və onlardan 85-i konfrans çərçivəsində təqdim olunmaq üçün seçilib. Seçilmiş məqalələrin beynəlxalq indeksli elmi jurnallarda dərc olunması nəzərdə tutulur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Telman Cəfərov
Cell Reports: Eyni məşqlər cinsə görə qaraciyərində fərqli metabolik dəyişikliklər yaradır
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Quba Rayon Mərkəzi Xəstəxanasında növbəti uğurlu endoprotezləşmə əməliyyatı icra olunub
 Xaçmaz RMX-da “Hamilə və yenidoğulanlarda təcili hallar zamanı tibbi yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib   
ADHTİ-də kurslarda iştirak edən müdavimlər Əziz Əliyev Muzeyini ziyarət ediblər
 Regionlarda fəaliyyət göstərən səhiyyə işçilərini tanıtmaqda davam edirik!
 Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşov ESVS 40-cı İllik Görüşündə iştirak edib   
İSİM-in fəaliyyətinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalının əməkdaşı təşəkkürnamə ilə təltif olunub   
Müasir cərrahiyyənin imkanları peşəkar komanda ilə Yeni Klinikada bir araya gəlir  
Yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün 5 vacib vərdiş