Azərbaycan Tibb Universitetinin (ATU) kitabxanası Bakı Ekspo Mərkəzində keçirilən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. Universitetin elmi potensialını, zəngin informasiya resurslarını və müasir kitabxana xidmətlərini nümayiş etdirən ATU stendi artıq ilk gündən sərgi ziyarətçilərinin diqqətini cəlb edir.
Universitetdən Aztibb.az-a verilən məlumata görə, ATU-nun stendini ziyarət edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan Tibb Universitetinin beynəlxalq tədbirdə iştirakını yüksək dəyərləndirərək məmnunluğunu ifadə edib. Stendimizi ziyarət edənlər arasında Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, millət vəkilləri və digər elm adamları da var.
Sərginin birinci pavilyonunda yerləşən 106 nömrəli stenddə ziyarətçilərə universitetin zəngin elmi və tədris ədəbiyyatı, kitabxana xidmətləri, eləcə də elektron informasiya resursları və rəqəmsal kitabxana imkanları barədə ətraflı məlumat verilir. Təqdim olunan resurslar elmi biliklərə çıxışın genişləndirilməsi, müasir təhsil imkanlarının təşviqi və tibb sahəsində informasiya mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Ziyarətçi fəallığı ilə seçilən sərgidə ATU-nun Elektron Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Ziyafət Eminova və universitetin digər nümayəndələri iştirakçıları maraqlandıran sualları cavablandırır, kitabxananın fəaliyyəti, elektron resurslardan istifadə imkanları və elmi-tədris məlumatlarının əldə olunması yolları barədə məlumat verirlər.
ATU-nun sərgidə iştirakı yalnız universitetin elmi və tədris nailiyyətlərinin təbliği baxımından deyil, həm də kitab mədəniyyətinin inkişafı, mütaliəyə marağın artırılması və rəqəmsal bilik mühitinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Xüsusilə tibb təhsili və elmi tədqiqatlar üçün etibarlı informasiya mənbələrinə çıxışın təşviqi gələcək mütəxəssislərin bilik və bacarıqlarının inkişafına töhfə verir.
Universitetin bu təşəbbüsü Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə də uzlaşır. Belə ki, DİM 4 – Keyfiyyətli təhsil çərçivəsində elmi və tədris resurslarına əlçatanlığın artırılmasına, ömürboyu öyrənmə imkanlarının təşviqinə; DİM 3 – Sağlamlıq və rifah istiqamətində isə tibbi biliklərin yayılmasına və gələcək səhiyyə mütəxəssislərinin elmi informasiya ilə təmin olunmasına dəstək göstərilir. Eyni zamanda, elektron kitabxana xidmətlərinin inkişafı informasiyanın rəqəmsal mühitdə daha əlçatan olmasına şərait yaradır.
Bu il “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunan 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 27-dək davam edəcək.

