Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 13:44

Azərbaycan səhiyyəsində mühüm yeniliyə imza atılıb. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 19 həftəlik hamilə qadının üzərində dünyada nadir hallarda tətbiq olunan laparoskopik uroloji əməliyyat uğurla icra edilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan xəbər verilib.

 

Bildirilib ki, əməliyyat 20 yaşlı, ilk hamiləliyini yaşayan qadın üzərində aparılıb. Hamiləlik dövründə arterial təzyiqinin dəfələrlə 170–180 mm civə sütununa qədər yüksəlməsi səbəbindən ultrasəs müayinəsindən keçirilən pasiyentin sağ böyrəküstü vəzisində 8 santimetr ölçüsündə törəmə aşkarlanıb.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasına yerləşdirilən xəstənin instrumental və laborator müayinələri nəticəsində törəmənin feoxromositoma olduğu müəyyən edilib.

 

Feoxromositoma nadir rast gəlinən neyroendokrin törəmədir. Bu xəstəlik arterial təzyiqin qəfil və kəskin yüksəlməsinə səbəb ola bilər. Hamiləlik zamanı belə bir vəziyyətin yaranması isə həm ana, həm də bətnindəki körpənin həyatı üçün ciddi təhlükə yaradır.

 

Pasiyentin vəziyyəti nəzərə alınaraq, ginekoloq, endokrinoloq, kardioloq və anestezioloqların iştirakı ilə geniş tibbi konsultasiyalar, zəruri müayinə və əməliyyatöncəsi hazırlıq tədbirləri həyata keçiridikdən sonra 19 oktyabr 2026-cı il tarixində ATU-nun Tədris Cərrahiyyə Klinikasında sağ böyrəküstü vəzinin çıxarılması — sağtərəfli adrenalektomiya əməliyyatı laparoskopik üsulla uğurla icra olunub.

 

Açıq cərrahi müdaxilədən fərqli olaraq, laparoskopik üsul kiçik kəsiklər vasitəsilə həyata keçirilən müasir, minimal invaziv yanaşmadır. Hamiləlik dövründə, xüsusilə də ana və döl üçün ciddi risk yaradan belə bir xəstəlik zamanı bu metodun tətbiqi yüksək peşəkarlıq və diqqətli tibbi planlaşdırma tələb edir. Beləliklə, həyati risk yaradan vəziyyətə baxmayaraq, həkimlər ana və döl üçün yüksək risk daşıyan əməliyyatı müasir, minimal invaziv üsulla uğurla başa vurublar.

 

Əməliyyat ATU-nun Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev tərəfindən icra edilib.

 

Laparoskopik yanaşmanın ən böyük üstünlüyü odur ki, pasiyentin yüksək riskli və ağır bir əməliyyat keçirməsinə baxmayaraq, xəstəxanada qalma (hospitalizasiya) müddəti cəmi 2 gün çəkib. Artıq evə buraxılan pasiyent hazırda həkim nəzarətindədir. Hazırda həm ana, həm də dölün vəziyyəti yaxşıdır və heç bir risk yoxdur.

 

Azərbaycan tibb tarixində ilk olan bu uğurlu əməliyyat, hamiləliyin idarə edilməsi və minimal invaziv cərrahiyyə sahəsində mühüm bir nailiyyətdir.

 

Bu hadisə hamiləlik dövründə nadir və yüksək riskli xəstəliklərin müalicəsində müasir cərrahi texnologiyaların və müxtəlif ixtisaslı həkimlərin birgə fəaliyyətinin əhəmiyyətini bir daha nümayiş etdirir.

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır