Altsheymer terapiyasında inqilabi addım: Beyni stimullaşdıran şəffaf eynəklər hazırlandı
06.09.2026 12:14

Taxılan cihazlar vasitəsilə beynin stimullaşdırılmasına yeni yanaşma gözlənilməz nəticə verib. Bu yanaşma yanıb-sönən işıqdan istifadə etməklə aparılan terapiya üsullarını dəyişə bilər.

Aztibb.az “Science Advances” jurnalında dərc olunan məqaləyə istinadən yuazır ki, işıq müəyyən sürətlə yanıb-söndükdə beynin elektrik ritmləri də bu hərəkətlə sinxronlaşmağa başlayır. Tədqiqatçılar bu reaksiyanı erkən mərhələdə Altsheymer xəstəliyinin inkişafını ləngitmək üçün mümkün üsul kimi araşdırırlar.

Lakin bu metodun tətbiqində ən böyük çətinlik işığın pasiyentə çatdırılması idi. İndiyədək insanlar əsasən qaranlıq otaqlarda oturaraq qarşılarındakı yanıb-sönən işığa baxmalı olurdular.

Yeni hazırlanmış şəffaf eynəklər isə otaq işıqlı olduqda belə yanıb-sönür və insanın görmə sahəsində ətraf mühitin qalmasına imkan verir. Maraqlıdır ki, bu zaman beynin işığa reaksiyası zəifləməyib, əksinə, daha da güclənib.

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) alimləri, o cümlədən Hyunwook Chae bu eynəkləri hazırlayıblar. Daha sonra Seul Milli Universitetinin Bundang Xəstəxanasının həkimləri onları 20 sağlam gənc üzərində sınaqdan keçiriblər.

Könüllülər pasiyent deyildilər. Tədqiqatçıları eynəklərin ümumiyyətlə beyin dalğalarını sinxronlaşdırıb-sinxronlaşdıra bilməsi və onların taxılmasının necə hiss olunması maraqlandırırdı. Məqsəd eynəklərin yaddaşı yaxşılaşdırıb-yaxşılaşdırmadığını müəyyənləşdirmək deyildi.

KAIST professoru Seunghyup Yoo deyib: “Bəlkə də beynə hansı işığı çatdırdığımızla yanaşı, bunu necə etdiyimiz barədə də düşünməliyik”.

Beyin hüceyrələri beyin dalğaları adlanan ritmik impulslar yaradır. Daha sürətli ritmlərdən biri qamma dalğalarıdır.

Qamma dalğaları beynin müxtəlif nahiyələri arasında məlumat mübadiləsi, eləcə də yaddaş və diqqət kimi zehni proseslərlə əlaqələndirilir.

2016-cı ildə aparılan araşdırma göstərib ki, Altsheymer xəstəliyinin inkişaf etdirildiyi siçanlarda saniyədə 40 dəfə yanıb-sönən işıq beta-amiloid səviyyəsini azaldır. Bu zülal Altsheymer xəstəliyindən əziyyət çəkən insanların beynində toplanır.

Lakin siçanlar üzərində aparılan daha sonrakı tədqiqatların nəticələri fərqli olub. 2023-cü ildə “Nature Neuroscience” jurnalında dərc edilən araşdırmada Altsheymer xəstəliyi modeli yaradılmış siçanların qamma dalğalarının işıq impulsları ilə ümumiyyətlə uyğunlaşmadığı müəyyənləşdirilib.

İnsanlarda isə bu yanaşmanın xəstəliyin erkən mərhələlərində yaddaş və diqqətin yaxşılaşmasına səbəb ola biləcəyi ehtimal edilir. Bununla belə, indiyədək insanlar üzərində aparılan sınaqlar əsasən qaranlıq və ya zəif işıqlandırılmış otaqlarda həyata keçirilib. Könüllü yanıb-sönən işığın qarşısında oturur və demək olar ki, başqa heç nə görmürdü.

Yeni tədqiqatı aparan xəstəxana komandası daha əvvəl insan beynində ən güclü reaksiyaya səbəb olan işıq tezliklərini müəyyənləşdirib. Növbəti mərhələdə onlar insanın diqqətini otaqdakı mühitdən ayırmadan istifadə edə biləcəyi işıq mənbəyi hazırlamaq qərarına gəliblər.

Eynəklərin linzaları OLED displeylərdən hazırlanmış nazik panellərdən ibarətdir. Bu texnologiya bir çox mobil telefon və televizor ekranlarında istifadə olunur. Panellər 3D printerdə hazırlanmış çərçivəyə yerləşdirilib.

Hər bir panel üzərinə düşən işığın 75 faizini keçirir. Buna görə də işıq yanıb-sönsə belə, otaq görünməyə davam edir. İşığın qırmızı çalarlı olması isə əvvəlki tədqiqatlarda qırmızı və ya qırmızıya yaxın intensiv işığın daha güclü qamma reaksiyası yaratması ilə əlaqədardır.

Bundan əlavə, panellər aşağı temperaturda işləyir. Tədqiqat zamanı onların temperaturu 25°C-dən aşağı olub.

Yoo bildirir ki, işığın yanıb-sönməsi asanlıqla hiss olunur və əlavə işıq görüntünün aydınlığını müəyyən qədər azaldır. Bununla belə, eynəklərdən istifadə insanın ətraf aləmdən təcrid olunması demək deyil.

“Bu, ilk baxışda sadəcə rahatlıq məsələsi kimi görünə bilər. Lakin biz bunun çox vacib olduğunu düşünürük. Nəticədə dəfələrlə və uzun müddət istifadə olunması tələb oluna biləcək stimullaşdırma metodunda normal görmə və gündəlik fəaliyyətə müdaxilənin azaldılması arzuolunan beyin reaksiyasının əldə edilməsi qədər əhəmiyyətli ola bilər”, – professor Yoo bildirib.

Tədqiqatda iştirak edən 13 qadın və 7 kişi olmaqla bütün könüllülər beynin elektrik aktivliyini qeydə alan 64 sensorlu xüsusi başlıq taxıblar. Bu müayinə elektroensefaloqrafiya (EEQ) adlanır.

Bütün iştirakçılar dörd seansdan keçiblər. Sınaqlar şəffaf və qeyri-şəffaf panellərlə, həmçinin otaqda işıq yandırılmış və söndürülmüş vəziyyətdə aparılıb.

Hər seans zamanı eynəklər 2 saniyəlik intervallarla, saniyədə 32-40 dəfə yanıb-sönüb. İşıq impulsları arasında isə bir neçə saniyəlik fasilələr olub. Könüllülərin qamma dalğaları hər dəfə işıq impulslarının tezliyinə uyğunlaşıb. Bu hadisə sinxronizasiya adlanır.

Görmə məlumatlarının emal olunduğu beynin arxa nahiyəsində və başın ön hissəsində yerləşdirilən sensorlar otaq işıqlı olduqda işıq impulsları ilə daha güclü sinxronlaşıb. Tədqiqatçılar bu fərqin təsadüfi olmasının ehtimalının çox aşağı olduğunu bildirirlər.

Şəffaf panellərdən istifadə zamanı reaksiyalar qeyri-şəffaf panellərlə müqayisədə bir qədər daha güclü olub. Fərq kiçik olsa da, onun təsadüfi olması istisna edilib.

Tədqiqat qrupu həmçinin beynin müxtəlif nahiyələrini birləşdirən 1953 əlaqə yolunu izləyib. Bunun üçün beynin arxa hissəsindəki aktivliyin ön hissədəki aktivliyi nə dərəcədə proqnozlaşdıra bildiyi ölçülüb.

Qaranlıq şəraitdə qeyri-şəffaf panellərlə işıq impulslarından sonra arxa hissədən ön hissəyə ötürülən siqnal 89,7 faiz halda daha güclü olub. Şəffaf panellərdən istifadə edilən işıqlı otaqda isə bu göstərici 95,3 faiz təşkil edib.

Professor Yoo bildirib: “Bizi xüsusilə təəccübləndirən nəticələrdən biri ətraf işıqlandırmanın əhəmiyyəti idi. Qamma sinxronizasiyası və funksional əlaqəlilik ətraf işığın olduğu şəraitdə, qaranlıqla müqayisədə əhəmiyyətli dərəcədə daha güclü idi”.

Hər seansdan sonra könüllülər altı mümkün yan təsiri 0-dan 6-ya qədər qiymətləndiriblər. Bunlara yorğunluq, baş ağrısı, başgicəllənmə, işıq parıltısı, göz yorğunluğu və göz ağrısı daxil olub.

Şəffaf eynəklərin işıqlı otaqda istifadəsi zamanı iştirakçılar qeyri-şəffaf eynəklərin qaranlıq otaqda istifadəsi ilə müqayisədə yan təsirləri daha aşağı qiymətləndiriblər.

Baş ağrısı, başgicəllənmə, yorğunluq və göz ağrısı göstəriciləri isə tədqiqatın bütün dörd variantında təxminən eyni olub.

Başqa sözlə, beyin dalğalarını ən güclü şəkildə sinxronlaşdıran şərait həm də işıq parıltısı və göz yorğunluğu baxımından daha aşağı göstəricilərlə müşayiət olunub.

Bütün ölçmələr orta yaşı təxminən 28 olan sağlam yetkinlər üzərində aparılıb. Əlavə sinxronizasiya işıq impulslarının dayandırılmasından sonra da sürətlə yox olub.

Bundan başqa, tədqiqatçılar yanıb-sönən işıq olmadan yalnız otaq işıqlandırmasının təsirini ayrıca sınaqdan keçirməyiblər. Buna görə də yalnız işığın özünün təsiri ilə yanıb-sönmənin təsirini tam şəkildə ayırmaq hələlik mümkün deyil.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub