Amsterdamda ATU araşdırması diqqət çəkdi: Yaşlılarda eşitmə itkisi ilə bağlı mühüm əlaqə aşkarlanıb  
12.08.2026 11:57

Azərbaycan Tibb Universitetinin (ATU) yaşlı şəxslərdə sensorinevral eşitmə itkisi ilə bağlı apardığı elmi tədqiqat Niderland Krallığında keçirilən beynəlxalq elmi konfransda təqdim olunub.

 

Universitetdən Aztibb.az-a bildirilib ki, ATU-nun “İctimai sağlamlıq və səhiyyənin təşkili” kafedrasının assistenti, doktorant Samirə Mirhadi Amsterdam şəhərində keçirilən qlobal tədbirdə “Yaşla əlaqədar sensorinevral eşitmə itkisində lateralizasiya” mövzusunda məruzə ilə çıxış edib.

 

Tədqiqat yaşlı şəxslərdə sensorinevral eşitmə itkisinin sağ, sol və ikitərəfli rastgəlmə xüsusiyyətlərini, eləcə də eşitmə itkisinin lateralizasiyası ilə dominant əl arasında mümkün əlaqəni araşdırıb.

 

Bakı şəhərində fəaliyyət göstərən bir gerontoloji mərkəz və üç ambulator poliklinikanın tibbi sənədləri əsasında aparılan araşdırmanın nəticələri yaşla əlaqədar sensorinevral eşitmə itkisində müəyyən lateralizasiya xüsusiyyətlərinin olduğunu göstərib.

 

Araşdırmaya əsasən, sağtərəfli eşitmə itkisinə daha çox rast gəlindiyi, eşitmə itkisinin ağırlıq dərəcəsinin yaş artdıqca yüksəldiyi, həmçinin eşitmə itkisinin tərəfi ilə dominant əl arasında nəzərəçarpan əlaqənin olduğu müəyyənləşdirilib.

 

Tədqiqatın digər mühüm nəticəsi yaşlı şəxslər arasında eşitmə itkisinin profilaktikası və erkən aşkarlanması ilə bağlı məlumatlılığın artırılmasının vacibliyidir. Eşitmə qabiliyyətinin qorunması yaşlı insanların yalnız fiziki sağlamlığı deyil, həm də ünsiyyət imkanları, sosial fəallığı və həyat keyfiyyəti baxımından mühüm əhəmiyyət daşıyır.

 

Bu istiqamət BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, xüsusilə DİM 3 – “Sağlamlıq və rifah” məqsədi ilə səsləşir. Yaşlı əhali arasında eşitmə problemlərinin erkən aşkarlanması, profilaktik maarifləndirmənin gücləndirilməsi və vaxtında tibbi müdaxilənin təmin olunması sağlam və fəal yaşlanmanın dəstəklənməsinə xidmət edir.

 

Eyni zamanda, eşitmə məhdudiyyətlərinin erkən müəyyənləşdirilməsi və müvafiq səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılması yaşlı insanların sosial həyatda daha fəal iştirakına imkan yaratmaqla DİM 10 – “Bərabərsizliyin azaldılması” istiqamətinə də töhfə verir.

 

Əldə olunan nəticələr yaşla əlaqədar sensorinevral eşitmə itkisinin epidemioloji xüsusiyyətlərinin daha dərindən öyrənilməsi, risk qruplarının müəyyənləşdirilməsi və yaşlı əhali üçün daha hədəfli profilaktik yanaşmaların hazırlanması baxımından elmi və praktiki əhəmiyyət daşıyır.

 

ATU əməkdaşının tədqiqatının beynəlxalq elmi platformada təqdim olunması universitetdə ictimai səhiyyə və yaşlı əhalinin sağlamlığı ilə bağlı aktual problemlərin araşdırılmasına, əldə olunan elmi nəticələrin beynəlxalq elmi mühitdə paylaşılmasına və səhiyyədə dayanıqlı yanaşmaların təşviqinə verilən önəmi nümayiş etdirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır