Həkim-neonatoloq beynəlxalq konqresdə “Yenidoğulmuşların tranzitor halları” mövzusunda çıxış edib
21.11.2020 14:45
Mərkəzi Gömrük Hospitalının həkim-neonatoloqu Təranə Göyüşova 18-20 noyabr tarixlərində onlayn formada keçirilən “Neonatologiyada yeniliklər” mövzusunda beynəlxalq konqresdə “Yenidoğulmuşların tranzitor halları” mövzusunda çıxış edib.
 
Aztibb.az-ın məlumatına görə, Dr.Təranə Göyüşova çıxışında bildirib ki, yenidoğulmuş körpələrin yeni həyat şəraiti ana bətnindən - mayeli, isti və qaranlıq yerdən dünyaya – işıqlı, quru və soyuq yerə gələrkən meydana gəlir və körpələrdə tənəffüs, qan dövranı, bədən temperaturu şəraitinə uyğunlaşmağa başlayır.
 
Yenidoğulmuş uşaqlar doğuş anından nəfəs almağa başlayır və bu tənəffüsün tezliyi ilk həftədə dəqiqədə 30-dan 60-a qədər dəyişir. Dr.Təranə Göyüşova yenidoğulmuşlarda istilik tarazlığının tranzitor pozulması məsələsinə də toxunaraq, deyib: “Körpələrdə temperaturun pozulması nəticəsində onların bədəni asanlıqla soyuya və qıza bilər. İstilik itkisinin artması olan hipotermiya doğum otağında düzgün qulluq olmadığı hallarda baş verə bilər. Bu isə körpələrin qeyri-adekvat tənəffüs almasına, oksigenə ehtiyacın artmasına və qanda şəkərin düşməsinə gətirə bilər".
 
Həkim qeyd edib ki, bunun tam əksi olan hipertermiya isə bədən temperaturunun 38 dərəcəyə qədər yüksəlməsidir. Bunun nəticəsində körpələrdə susuzlaşma və su tarazlığının pozulması halı yaranır. Digər tranzitor hal sadə eritema – dərinin fizioloji qızarmasıdır. Bu, adətən yenidoğulmuşlarda həyatlarının 1 və 2-ci günündə ilk çimizdirildikdən sonra baş verir. Birinci həftənin sonuna yaxın bu qızartı itir.
 
Yenidoğulmuşların çoxunda görülən solğun qırmızı rəng əsasən alın, boynun ön tərəfi, burun kökü, göz qapaqları kimi daha çox orta xətdə yerləşən ləkələrdir. Körpələr bir neçə aylıq olunca müalicəsiz tam solmağa başlayır və körpənin bir yaşına qədər tam olaraq keçir. Bununla yanaşı yenidoğulmuşlarda fizioloji qabıqvermə də ola bilir. Adətən bu hal körpələrin həyatlarının 3-5-ci günü baş verir və 4-6 gün davam edir. Spesifik müalicə tələb etmir və qulluq zamanı adi yağla təmizlənir.
 
"Yenidoğulmuşlarda sarılığın olması da tranzitor haldır. Həyatının 1-ci həftəsində əmələ gələn bu sarılıq qaraciyərin ferment sisteminin natamam inkişafı ilə bağlıdır. Bu sistem hemoqlobini parçalayır və bilirubini xaric edir ki, onun miqdarı dəri rənginin saralmasına gətirir. Bəzi yenidoğulmuşlarda həyatının birinci həftəsində sidik rənginin dəyişməsi müşahidə olunur ki, bu da digər tranzitor hallar kimi 1-ci həftənin sonunda öz-özünə keçib gedir”, – deyə o, əlavə edib.
 
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub