ATU BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə beynəlxalq əməkdaşlıqla töhfəsini davam etdirir  
15.07.2026 15:44

Azərbaycan Tibb Universiteti (ATU) BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirərək milli və beynəlxalq səhiyyənin inkişafına mühüm töhfə verir.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, universitetin prioritet istiqamətləri sırasında ana və uşaq sağlamlığı, ictimai səhiyyə, icma sağlamlığı, profilaktik tibb, sağlam həyat tərzinin təşviqi və sağlamlığın möhkəmləndirilməsi xüsusi yer tutur. Bu istiqamətlər BMT-nin SDG 3 – "Sağlam həyat və rifah" məqsədinə uyğun olaraq ana, körpə və uşaq sağlamlığının qorunmasına, infeksion xəstəliklərin profilaktikasına, erkən diaqnostikanın inkişafına və əhalinin sağlamlığının yaxşılaşdırılmasına xidmət edir.

 

Eyni zamanda, ATU beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə, müasir tibbi innovasiyaların tətbiqinə, təcrübə mübadiləsinin inkişafına və elmi potensialın gücləndirilməsinə xüsusi diqqət ayırır ki, bu da SDG 4 – "Keyfiyyətli təhsil", SDG 9 – "Sənaye, innovasiya və infrastruktur", SDG 10 – "Bərabərsizliyin azaldılması" və SDG 17 – "Məqsədlər naminə tərəfdaşlıq" istiqamətlərinin həyata keçirilməsinə mühüm töhfə verir.

 

Bu istiqamətdə növbəti mühüm addımlardan biri Çinin Sian şəhərində keçirilən XIII Avrasiya Uşaq Həkimləri Konqresində Azərbaycanın 11 nəfərlik nümayəndə heyətinin uğurlu iştirakı olub. Nümayəndə heyətinin əsas tərkibini Azərbaycan Tibb Universitetinin alim və müəllimləri təşkil edib.

 

Konqres çərçivəsində ATU alimləri pediatriyanın müxtəlif istiqamətlərini əhatə edən aktual elmi tədqiqatların nəticələrini beynəlxalq elmi ictimaiyyətə təqdim ediblər.

 

ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti Təranə Tağı-zadə "Azərbaycanda uşaqlarda brusellyozun epidemioloji xüsusiyyətləri" mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzədə brusellyozun Azərbaycan üçün endemik infeksiya olaraq qalması vurğulanaraq, uşaqlar arasında xəstəliyin profilaktikası, erkən aşkarlanması və epidemioloji nəzarət sahəsində ölkəmizin təcrübəsi təqdim olunub. Bildirilib ki, bu fəaliyyətlər SDG 3 çərçivəsində infeksion xəstəliklərlə mübarizə və uşaq sağlamlığının qorunmasına xidmət edən prioritet istiqamətlərdəndir.

 

Məruzədə uşaq brusellyozunun uzunmüddətli dinamikası təqdim olunub. Qeyd edilib ki, respirator virus infeksiyalarının dövri epidemiya yüksəlişlərinə baxmayaraq, brusellyoz Azərbaycanda epidemioloji nəzarət altında saxlanılan infeksiyalar sırasındadır.

 

ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Könül Ələmdar qızı Cəfərova "Məktəbəqədər yaşlı uşaqlarda bağırsaq infeksiyalarının rastgəlmə tezliyi ilə qidalanma xarakteri arasında əlaqə" mövzusunda məruzə ilə çıxış edərək, uşaqlarda qidalanma xüsusiyyətlərinin bağırsaq infeksiyalarının inkişafında rolunu əks etdirən elmi nəticələri təqdim edib.

 

ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Aytəkin İsmayıl qızı Adilova "Yenidoğulmuşda qonadal disgenez ilə müşayiət olunan qarışıq xromosom patologiyasının klinik halı" mövzusunda nadir klinik hadisəni təqdim edərək, belə pasiyentlərdə erkən diaqnostikanın və multidissiplinar yanaşmanın əhəmiyyətini vurğulayıb.

 

ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Tahirə Pənahova "Fərdiləşdirilmiş şəbəkə inferensiyasından istifadə etməklə uşaqlarda astma riskinin proqnozlaşdırılması" mövzusunda məruzə ilə çıxış edərək, süni intellektə əsaslanan fərdiləşdirilmiş yanaşmaların pediatriyada tətbiqi və xəstəliklərin erkən proqnozlaşdırılması istiqamətində aparılan elmi araşdırmaların nəticələrini təqdim edib.

 

Konqres çərçivəsində müasir pediatriyanın uşaq sağlamlığı, infeksion xəstəliklər, neyroinkişaf pozuntuları, uşaq nevrologiyası, ortopediya, qidalanma, reabilitasiya və innovativ müalicə metodları kimi müxtəlif aktual istiqamətlərinə həsr olunmuş çoxsaylı multidissiplinar elmi sessiyalar təşkil olunub.

 

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Çinin neyroinkişaf pozuntuları, uşaq serebral iflici və autizm spektr pozuntusu olan uşaqların diaqnostika və kompleks reabilitasiyası üzrə aparıcı tibb müəssisələrindən biri olan Sian Ənənəvi Çin Təbabəti Xəstəxanasının fəaliyyəti ilə də yaxından tanış olub, beynəlxalq klinik protokolların ənənəvi Çin təbabətinin imkanları ilə inteqrasiyalı şəkildə tətbiqini öyrənib. Bu təcrübə SDG 3 – "Sağlam həyat və rifah", SDG 9 – "Sənaye, innovasiya və infrastruktur" və SDG 10 – "Bərabərsizliyin azaldılması" istiqamətlərində innovativ tibbi yanaşmaların və keyfiyyətli səhiyyə xidmətlərinin inkişafına xidmət edən uğurlu model kimi qiymətləndirilib.

Konqres çərçivəsində keçirilən beynəlxalq "Dəyirmi masa" iştirakçı ölkələr arasında elmi əməkdaşlığın daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. İlkin mərhələdə birgə elmi tədqiqatların aparılması, təcrübə mübadiləsinin genişləndirilməsi, müasir klinik yanaşmaların paylaşılması, eləcə də gələcək əməkdaşlıq proqramlarının hazırlanması məqsədilə müxtəlif ölkələrin aparıcı mütəxəssislərini birləşdirən beynəlxalq işçi qrupu yaradılıb. Bu təşəbbüs SDG 17 – "Məqsədlər naminə tərəfdaşlıq" prinsiplərinin praktik həyata keçirilməsinin bariz nümunəsidir və eyni zamanda SDG 4 – "Keyfiyyətli təhsil" istiqamətində beynəlxalq elmi bilik mübadiləsinin genişləndirilməsinə mühüm töhfə verir.

 

Səfərin sonunda Azərbaycan Pediatrlar Assosiasiyasının nümayəndələri xarici həmkarları ilə birlikdə konqresin keçirildiyi klinikanın ərazisində dostluğun, həmrəyliyin və gələcək əməkdaşlığın rəmzi olaraq xatirə ağacı əkiblər.

 

ATU nümayəndələrinin XIII Avrasiya Uşaq Həkimləri Konqresində fəal iştirakı universitetin beynəlxalq elmi nüfuzunun daha da möhkəmlənməsi, yeni akademik tərəfdaşlıqların qurulması və qlobal səhiyyə təşəbbüslərində ölkəmizin fəal iştirakının genişlənməsinə mühüm töhfə verib. Konqres çərçivəsində təqdim olunan elmi məruzələr, qurulan beynəlxalq əməkdaşlıqlar və əldə olunan razılaşmalar SDG 3 – "Sağlam həyat və rifah", SDG 4 – "Keyfiyyətli təhsil", SDG 9 – "Sənaye, innovasiya və infrastruktur", SDG 10 – "Bərabərsizliyin azaldılması" və SDG 17 – "Məqsədlər naminə tərəfdaşlıq" istiqamətlərində Azərbaycan Tibb Universitetinin fəaliyyətinin beynəlxalq səviyyədə uğurla davam etdiyini bir daha nümayiş etdirib.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Sabunçu Tibb Mərkəzində təlim:
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib