TƏBİB-in İcraçı direktoru Anar Bayramovun işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrinə səfəri ikinci gün də davam edib.
Bu məlumat Aztibb.az-a TƏBİB-dən verilib.
Səfərin ikinci günündə Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olunub. Baxış zamanı müəssisədə əhaliyə göstərilən tibbi xidmətlərin təşkili, infrastruktur imkanları, maddi-texniki baza, tibbi avadanlıqlarla təminat, kadr potensialı və pasiyentlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər qiymətləndirilib.
İcraçı direktor müəssisənin rəhbərliyi ilə görüşərək göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsi, pasiyentyönümlü yanaşmanın gücləndirilməsi, tibbi xidmətlərin əlçatanlığının artırılması və iş prosesinin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Səfər çərçivəsində Anar Bayramov Qarabağ Universitetini də ziyarət edib. Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Qarabağ Universitetinin Klinikasının baş direktoru Samir Babayev ilə keçirilən görüşdə səhiyyə və tibb təhsili sahəsində əməkdaşlıq imkanları, gələcəkdə yüksəkixtisaslı tibb kadrlarının hazırlanması, elmi-tədqiqat fəaliyyətinin təşviqi, praktik bilik və bacarıqların inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət perspektivləri müzakirə olunub.
Görüş zamanı işğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun inkişafı ilə yanaşı, bu ərazilər üçün peşəkar tibb mütəxəssislərinin hazırlanmasının əhəmiyyəti vurğulanıb, gələcək əməkdaşlığın hər iki tərəf üçün mühüm töhfələr verəcəyi bildirilib.
Qeyd edək ki, TƏBİB tərəfindən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müasir səhiyyə infrastrukturunun formalaşdırılması və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

