Miqrenin diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.06.2025 13:17

Miqren ən geniş yayılmış nevroloji xəstəliklərdən biridir və təkrarlanan şiddətli başağrısı tutmaları ilə xarakterizə olunur. Bu ağrı çox zaman pasiyentin gündəlik həyat fəaliyyətini məhdudlaşdırır, iş qabiliyyətini aşağı salır və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azaldır. Miqrenin vaxtında müəyyən olunması və düzgün müalicəsi pasiyentin həyat keyfiyyətinin yaxşılaşması baxımından olduqca vacibdir.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə miqren xəstəliyinin diaqnostika və müalicəsi üzrə bir sıra tibbi xidmətlər qarşılanır. Bu xidmətlər sayəsində miqrenin dəqiq diaqnozunun qoyulması, xəstəliyin gedişatının izlənilməsi və fərdi müalicə planının hazırlanması mümkün olur.

 

Miqrenin diaqnozu klinik qiymətləndirmə (nevroloji müayinə) və zəruri instrumental-diaqnostik metodların tətbiqi ilə qoyulur. Xəstəliyin səbəbini dəqiq müəyyənləşdirmək və digər nevroloji pozuntuları istisna etmək məqsədilə icbari tibbi sığorta hesabına maqnit-rezonans tomoqrafiya (MRT) və elektroensefaloqrafiya (EEQ) müayinələri aparılır. MRT müayinəsi beynin detallı təsvirini əldə etməyə, başağrılarının digər mümkün səbəblərini (beyin şişi, insult və digər) vaxtında aşkar etməyə imkan verir. EEQ müayinəsi isə beynin elektrik aktivliyini qeydə almaqla, miqren tutmalarının epilepsiya kimi oxşar klinik əlamətlər verə bilən digər hallardan fərqləndirilməsinə xidmət edir.

 

Sözügedən müayinələr miqrenə xas şikayətlərin məhz bu xəstəliklə əlaqəli olduğunu təsdiqləməyə şərait yaradır. Belə ki, miqren tutmaları zamanı yaranan güclü, adətən, başın bir tərəfində lokalizə olunan pulsasiyaedici (nəbzvari) başağrısı, ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslıq kimi əlamətlərin səbəbi müasir diaqnostik vasitələrin köməyi ilə dəqiq qiymətləndirilə bilir. Nəticədə həkim-nevroloq pasiyent üçün effektiv müalicə metodunu müəyyən edir və miqren tutmalarının tezliyi ilə şiddətinin azalmasına nail olunur.

 

Həmçinin tibbi göstərişə əsasən miqren xəstəliyinin stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Vətəndaşlar sözügedən xidmətlərdən yararlanmaq üçün ilk növbədə ailə həkiminə və ya ixtisaslı həkimə (həkim-nevroloqa) müraciət etməlidirlər. Qeyd olunan xidmətlər – həkim-nevroloq konsultasiyası, MRT və EEQ kimi instrumental-diaqnostik müayinələr, eləcə də stasionar müalicə dövründə pasiyentin dərman preparatları ilə təminatı – tibbi göstəriş əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

 

Miqren tutmalarının başlamasına müxtəlif daxili və xarici amillər səbəb ola bilər. Ən çox rast gəlinən qıcıqlandırıcı faktorlar sırasında güclü stres, yuxu rejiminin pozulması və ya yuxusuzluq, hormonal dəyişikliklər (xüsusilə qadınlarda menstrual dövr ərəfəsi), parlaq işıq və ya güclü səsə məruzqalma, habelə bəzi qida məhsullarının (məsələn, şokolad, kofeinli içkilər və digər) qəbulu dayanır. Risk faktorlarından yayınmaq və düzgün müalicə sayəsində miqren xəstəliyinə nəzarət etmək və normal həyat fəaliyyətini bərpa etmək mümkündür.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu