Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025 12:41

 

Seliakiya (çölyak) buğda, arpa, çovdar kimi dənli bitkilərdə olan qlüten adlı proteini parçalayan fermentlərin çatışmazlığı ilə əlaqədar nazik bağırsağın genetik xəstəliyidir. Həmin dənli bitkilərdən hazırlanmış qidaların qəbulu nazik bağırsağın iltihabına və zədələnməsinə səbəb olur. Bu xəstəliyi olan insanların orqanizmi qlüteni qəbul edə bilmir. Uşaqlarda seliakiya xəstəliyi adətən erkən yaşda tərkibində qlüten olan süni qidalara keçmə zamanı əmələ gəlir. Əgər xəstəliyin diaqnozu vaxtında qoyulmazsa, uşaqlarda inkişaf geriliyi, boy və çəki artımının, cinsi yetkinliyin ləngiməsi, osteoporoz, həzm sistemi problemləri, qadınlarda hormonal disbalans, vitamin və mineralların çatışmazlığı, anemiya yarana bilər.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, xəstəliyin müayinəsi və ağırlaşma zamanı stasionar terapevtik müalicə icbari tibbi sığorta ilə qarşılanır. Xəstəliyin diaqnostika və müalicəsi pediatr-terapevt və qastroenteroloq tərəfindən aparılır. İxtisaslı həkimin müayinəsi, həmin xəstəliyin əsas müayinə üsulu olan seliakiya paneli və digər laborator analizlər, endoskopiya, biopsiya müayinələri və bəzi genetik müayinələr icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Müayinədən əvvəl qlütenli qidaların pəhrizdən çıxarılması düzgün nəticələrin əldə edilməsinə mane ola bilər. Buna görə müayinə dövründə qlüten istifadəsi davam etdirilməlidir.

 

İcbari tibbi sığorta ilə həmin tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

 

Məlumat üçün bildirək ki, seliakiyaya istənilən yaşda rast gəlinir. Əsasən, xroniki ishal və ya qəbizlik, ürək bulanma və qusma, qarın ağrısı və şişkinlik, dəmir çatışmazlığı, yorğunluq, sümük və oynaq ağrıları, dəri problemləri, uşaqlarda çəki və boy artımında geriləmə, yuxu pozğunluğu, çəki itkisi, qadınlarda menstrual dövrün pozulması, sonsuzluq və hamiləlikdə düşük kimi simptomlarla müşahidə oluna bilər.

 

Həmin xəstəliyi olanlar buğda, çovdar, arpa kimi dənli bitkilərdən hazırlanmış çörək, makaron, şirniyyat kimi qlütenli qidaları tamamilə rasiondan çıxarmalı, həkimin təyin etdiyi pəhrizə riayət etməli, qəbul etdikləri dərman və qida əlavələrinin tərkibində qlüten olub-olmadığını yoxlamalıdırlar. Bununla xəstəliyin simptomları azalır və bağırsaq zədələnməsinin qarşısı alınır.

 

Xəstəlik barədə əhalinin məlumatlılığının artırılması erkən diaqnostika və müalicənin vaxtında təyin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub