Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür    
08.04.2025 09:08

Aprelin 28-də Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü tamam olur. Onun tibbi və elmi fəaliyyəti, hər kəs üçün örnək olan mənəvi keyfiyyətləri ehtiramla xatırlanır.

 

Aztibb.az xəbər verir ki, Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdı. Atası Əziz Əliyev bir çox mühüm vəzifələrdə, o cümlədən rektor, nazir, Mərkəzi Komitənin katibi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi mühüm vəzifələrdə çalışmışdı. Onun enişli-yoxuşlu həyat yolu övladları üçün əsl məktəb idi. Belə bir ailədə böyüyən Zərifə xanım, təbii ki, zəhmətsevərliyi, məsuliyyəti, xeyirxahlığı, nəcibliyi ilə başqalarından seçilirdi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, xalqa və Vətənə bağlılıq kimi ülvi keyfiyyətlər Zərifə xanıma da sirayət etmişdi. O, 1942-ci ildə Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olub və institutu əla qiymətlərlə bitirmişdi. Oftalmologiya elminin sirlərinə dərindən yiyələnmək üçün Moskvaya gedərək Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçmişdi.

 

1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, o cümlədən traxoma geniş yayılmışdı. İnsanları bu xəstəlikdən xilas etmək, səmərəli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Zərifə Əliyeva belə bir vaxtda Moskvadan Vətənə qayıdır və 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Gənc tədqiqatçının araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin geniş yayıldığı rayonlara gedir, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında maarifləndirici söhbətlər aparırdı.

 

Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma xəstəliyi aradan qaldırıldı.

 

1967-ci ildən fəaliyyətini Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında davam etdirən Zərifə Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlir, oftalmologiyanın aktual problemləri ilə bağlı tədqiqatlar aparır. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı idi. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradır və elm aləmində peşə oftalmologiyasının əsasını qoyur. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş həmin laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.

 

Görkəmli alim uzun illər respublikanın iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb.

 

Oftalmoloq-alimin uzun illər apardığı tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarda əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verildi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

 

Akademik Zərifə Əliyeva zəngin elmi irs qoyub: 150-dən çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitləri. “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Gözyaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” – bunlar Zərifə xanım Əliyevanın müəllifi olduğu dərs vəsaitlərinin və monoqrafiyaların heç də tam olmayan siyahısıdır. O, həmçinin iridodiaqnostika və iridoterapiya problemlərini araşdırıb, dünya miqyasında iridodiaqnostikaya aid ilk kitabları yazıb.

 

Görkəmli oftalmoloqun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsəri həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamlarına, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı roluna, tibb işçilərinin təhsil və davranışına həsr olunub.

 

Zərifə xanımın rəhbərliyi və qayğısı ilə həmin illərdə gənc həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdi. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

 

Zərifə xanım insanların gözlərinə nur bəxş etmiş həkim-oftalmoloq, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssəməsi olaraq sədaqətli ömür-gün yoldaşı, cəfakeş ana kimi bu gün xatirələrdə yaşayır.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır