Professor Vəfa Pənahian: "Burun qanaxmaları havaların və atmosfer təzyiqinin dəyişilməsi ilə də əlaqədar ola bilər"
09.04.2024 12:31

İnsan orqanizmində bir sıra xəstəliklər və ya dəyişikliklər nəticəsində burun qanaxmaları baş verə bilər.

 

Bunu Aztibb.az-a ATU-nun Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri professor Vəfa Pənahian burun qanaxmalarının səbəblərindən danışarkən söyləyib.

 

O, burun qanaxmalarının bir neçə səbəbi olduğunu bildirib: “Hipertoniya xəstəliyində arterial təzyiqin yüksəlməsi kapilyarların tamlığının pozulması və qanaxması ilə nəticələnə bilər. Hipertonik krizlər zamanı burun qanaxmalarının müsbət cəhəti ondan ibarətdir ki, arterial təzyiq bir qədər azalır və hətta bəzi hallarda hemorragik insultun qarşısı alına bilər. Hematoloji xəstəliklərdə qanın laxtalanma sistemində patoloji dəyişikliklər əmələ gəlir və burun qanaxmaları müşahidə olunur. Oxşar problemə şəkərli diabetdə da rast gəlmək olar. Məlumdur ki, şəkərli diabetdə regenerasiya prosesləri gecikir və qanaxma ehtimalı yüksəlir. Böyrək çatmazlığında burun qanaxmaları uremiya və ya hemodializlə əlaqədardır. Hamiləlikdə hipovitaminoz əmələ gəlir və damarların divarlarının elastikliyi pozulur, burun qanaxmalarına səbəb olur. Bundan başqa, burun travmaları və cərrahi əməliyyatlar səbəbindən qan damarları zədələnər və qanaxma yarada bilər. Eləcə də burun qanaxmaları burunun anatomik quruluşun pozulmaları zamanı izlənilir. Belə ki, burun çəpərinin əyriliyi, balıqqulaqlarının böyüməsi, poliplər və sair burun tənəffüsünə mane olan amillər hava durğunluğu yaradır və nəticədə, selikli qışada şişkinlik əmələ gəlir. Bu vəziyyət burun qanaxmaları üçün ən əlverişli şəraitdir”.

 

Vəfa Pənahianin sözlərinə görə, burun qanaxmalarının bir səbəbi də yaşla əlaqədardır. Belə hallara adətən uşaqlarda və yaşlılarda rast gəlinir ki, bu da qan damarlarının divarında gedən dəyişikliklərə bağlıdır. Məlumdur ki, insanın yeniyetmə və yaxud uşaqlıq dövründə damar divarları həddən artıq yumşaq olur. Eyni zamanda, bədənin hər yerində olduğu kimi, burunda da böyümə prosesi gedir. Bu zaman dartılma nəticəsində damarların partlaması müşahidə olunur və nəticədə qanaxma baş verir. Yaşlı insanlarda isə əksinə, qan damarlarının həddən artıq bərkiməsi, yəni elastikliyin azalması səbəbindən yaranan dəyişiklik (arterial təzyiqin artması, fiziki gərginlik və s.) şiddətli qanaxmalara yol aça bilər.

 

Professor bildirib ki, burun qanaxmalarının bir səbəbi isə orqanizmimizlə birbaşa bağlı deyil. Bu, havaların və atmosfer təzyiqinin dəyişilməsidir. Adətən bu hallar yaz və payız aylarında müşahidə olunur. Yaz fəslində havaların, nisbi rütubətin və atmosfer təzyiqin dəyişməsi həssas adamlara mənfi təsir edir. Havaların dəyişkənliyi burunun selikli qişasında qalınlaşmaya, ya da nazikləşməyə səbəb olur. Hətta mukozadan selik ifrazatının axmasına və ya əksinə, qurumasına təkan verir. 

 

Burun qanaxmasında müalicə tədbirlərindən də bəhs edən həkim vurğulayıb ki, ilk öncə qanaxmanı dayandırmaq və səbəbini araşdırılmaq lazımdır: “Xəstə burun qanaxmasıyla müraciət edən zaman qanaxmanın saxlanılmasıyla bərabər, onun səbəbləri də müəyyən olunmalıdır. Əks halda, qanaxmanı tam saxlamaq mümkün olmayacaq və o təkrarlana bilər. Bir neçə saxlama üsulu var. Bildiyiniz kimi, əksər hallarda burun boşluğunun ön tamponadası olunur. Bəzi zamanlar tamponada olduqdan sonra qanaxma arxaya – udlağa doğru davam edir. O zaman ön tamponadayla bərabər arxa tamponada tətbiq edilir. Tibbi sənayenin inkişafı sayəsində son illər süngərli, elastik və havayla doldurulan balon tamponlardan da istifadə olunur. Qanaxma çox şiddətli olmayanda və qansızma müşahidə ediləndə Kisselbax kələfinin kimyəvi turşularla sürtülməsi müsbət nəticə verir. Kimyəvi trixlor, gümüş-nitrat turşularından və il-33 kimi kimyəvi maddələrdən istifadə olunur”.

 

V.Pənahian qeyd edib ki, qanaxma saxlandıqdan sonra xəstənin əsas və yanaşı xəstəlikləri dəqiqləşdirilərək medikamentoz müalicə təyin olunur. Burada qanı qatılaşdıran və damar divarlarını bərkidən dərmanlardan - aminokapron turşusu, tramsamin, disinon, kalsium qlukonat, askorutin və s.) istifadə edilir. Burun qanaxmaları davamlı təkrar olunduqda isə, cərrahi əməliyyata qərar verilir. Cərrahi əməliyyat burun çəpərinin selikli qişasının soyulması və kiçik qan damarlarının dağıdılmasından ibarətdir. Belə müdaxilədən sonra adətən qanaxmalar təkrar olunmur.

ÇOX OXUNANLAR
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
 Tibb müəssisələri arasında şəhid ailələrinin üzvlərinin işlə təmin olunması sayına görə Sumqayıt Tibb Mərkəzi ilk yerdədir   
Sümük bulyonu arıqlamağa kömək edir
Tərtər Rayon Mərkəzi Xəstəxanasının terapevti - Ülviyyə Əkbərova
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
11 aylıq körpə Mərkəzi Klinikada əməliyyat olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
 Yevlax Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib