Erkən aparılan düzgün müayinə ölüm faizini azaldır  
28.02.2024 10:32

ATU-nun Şüa diaqnostikası və şüa terapiyası kafedrasının assistenti, Bakı Sağlamlıq Mərkəzinin Radiologiya şöbəsinin şüa diaqnostikası üzrə həkimi, t.ü.f.d. Günel Əliyeva Aztibb.az-a süd vəzi xərçənginin erkən aşkarlanmasının əhəmiyyəti barədə fikirlərini bildirib.

 

Həkimin sözlərinə görə, erkən aparılan düzgün müayinə tədbirləri bu xəstəlikdən ölüm faizini azaldır. Məqsəd 1 sm-ə qədər olan erkən xərçəngləri aşkar etməkdir. Bu halda proqnoz ölüm göstəricisinin 98-99 faiz azaldığını göstərir. Xərçəngin erkən aşkar edilməsinin əsas üstünlüyü odur ki, həm asan və yüngül müalicələrlə kifayətlənir, həm də kiçik əməliyyatlarla əlilliyə gətirib çıxarmayan müsbət nəticədə əldə edirik.

 

Qadın bədəninin 18 yaşdan sonra tam formalaşdığını, hormonal statusunun stabilləşdiyini, ona görə də qızların 18, 20 yaşdan etibarən müayinəyə cəlb olunduğunu deyən Günel Əliyeva bildirib ki, 20-40 yaş arası qadınları mammoqrafik müayinə etmək olmaz: “Çünki, mammoqrafiyanın yüksək effektivliyinə baxmayaraq, cavan qadınlarda, hansı ki, süd vəzləri bu və ya digər səbəbdən yüksək sıxlığı ilə seçilir, onun nəticələri düzgün olmaya bilər. Biz mammoqrafik müayinə zamanı həmin yüksək toxuma fonunda dəyişikliyi görə bilmirik. Ona görə də 20 yaşdan yuxarı qızlarımız ancaq ultrasəs müayinəsindən keçməlidir. Ultrasəs müayinəsinin fiziki əsasları ionlaşdırıcı şüalar deyil, exo, yəni səs siqnalları olduğu üçün bədənə heç bir ziyanlı təsiri yoxdur. Bunu nəzərə alaraq biz qadınlarda erkən aparılan müayinəni USM müayinəsi ilə başlayırıq. Lakin burada bir müstəsna var, genlərdə olan müxtəlif mutasiyalar, xəstələrdə irsi faktorlara meyllilik, yəni ana, xala və digər qohumlarda təkrarlanmış süd vəzi xərçəngi və yaxud yumurtalıq xərçəngi varsa, biz bu qadınları mütləq gen analizinə göndəririk. Gen analizində mutasiya aşkarlanarsa, USM-dən əlavə MRT müayinəsinə də zərurət yaranır. Dünyada artıq bu praktika çoxdan və geniş tətbiq olunur. Bu qadınlarda USM və MRT mütəmadi aparılır, 35 yaşdan etibarən isə gen mutasiyası daşıyan xanımlara artıq mammoqrafik müayinə əlavə olunur. Toxuma sıxlığından və yaxud hansısa bir patologiyanın yayılması səbəbindən dəqiqləşdirici müayinə lazım olduqda, kontraslı MRT-yə müraciət edirik. Əldə etdiyimiz bütün radioloji məlumatdan sonra isə son sitoloji nəticəni patoloq-anotom deyir. Bunlar artıq invaziv müayinələrdir. İnvaziv metodlar vasitəsilə gördüyümüz törəmələrdən əldə etdiyimiz materialları histoloji müayinəyə göndərərək son nəticəni histoloqdan gözləyirik. Alınan nəticəyə uyğun olaraq müalicə və cərrahi əməliyyat taktikaları seçilir”.

 

Mammoqrafik müayinə zamanı müasir rəqəmsal aparatların rolundan da danışan həkim qeyd edib ki, müasir rəqəmsal sistemlərin klinik təcrübədə tətbiqi adi rentgenoqrafiyanın mənfi xüsusiyyətini kompensasiya etməyə imkan verir: “Belə ki, həm şəklin keyfiyyəti yaxşılaşır, həm də eyni zamanda bir neçə proyeksiyada alına bilər, kontrastlıq və parlaqlığı dəyişmək mümkündür, müəyyən hissəni böyüdərək baxmaq olur və s. Həmçinin plyonkadan fərqli olaraq bu sistemdə məlumatlar daha etibarlı qorunur. Unutmamalıyıq ki, hər bir radioloq üçün müqayisəli təhlil çox vacibdir. Əgər xəstə müəyyən müddətdən sonra gəlirsə, həkim 1 il, 6 ay əvvəlki nəticələri tutuşduraraq yeni bir törəmənin yaranıb-yaranmamasını dəqiqləşdirir. Yəni müxtəlif metodları müxtəlif şəkildə kombinə etdikdə, məlumat çox olur və düzgün diaqnoz qoymaq asanlaşır.