Terapevt: "İmmunitetin zəifləməsini havanın soyuq olması ilə əlaqələndirmək düzgün deyil"
07.01.2024 09:43
Həkim təyinatı olmadan istifadə edilən dərmanlar zərərlidir. Xüsusən qış fəslində havanın soyuq keçməsi immun sistemimizə də təsir göstərir. İmmunitetin zəifləməsi də bir sıra xəstəliklərin yaranmasına gətirib çıxarır.
 
Aztibb.az xəbər verir ki, bunun Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 1 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti İradə Səbziyeva deyib. Onun sözlərinə görə, qeyri-düzgün yaşam tərzi, düzgün olmayan qidalanma, əmək fəaliyyətinin düzgün tənzimlənməməsi, gigiyenik qaydalara düzgün riayət etməmək kimi amillər immunitetin zəifləməsinə səbəb olur:
 
“Əgər hər hansı şəxsdə xroniki xəstəlik varsa və o, həmin xəstəliyi nəzarətdə saxlamırsa, bu zaman immun sistemi zəifləyə bilər. İmmunitetin zəifləməsini təkcə havanın soyuq olması ilə əlaqələndirmək də düzgün olmaz. Çünki qeyd etdiyimiz amillər yalnız soyuq havada və ya qış aylarında baş vermir. Yay fəslində də qeyd olunan faktorlara nəzarət edilməzsə, bu zaman da immunitetin zəifləməsi müşahidə edilir. Sadəcə olaraq qış aylarında bu hala daha çox rast gəlinir”.
 
İ.Səbziyeva qeyd edib ki, immun sisteminin gücləndirilməsi üçün ilk növbədə yuxu rejiminə düzgün əməl edilməli, qidalanma rejiminə və digər məqamlara xüsusilə nəzarət edilməlidir. Bununla yanaşı, havaya uyğun gündəlik geyimlər istifadə edilməlidir ki, xəstələnmə hallarının qarşısını almaq mümkün olsun. Çünki, hava ilə gələn infeksion xəstəliklər də immun sisteminin zəifləməsini sürətləndirir. Qidalanma zamanı əsasən vitaminlərə, mövsümi meyvə-tərəvəzlərə, ət və ət məhsullarına daha çox üstünlük vermək lazımdır ki, immunitetin zəifləməsinin qarşısını almaq mümkün olsun. Lazım gələrsə, həkim təyinatı ilə profilaktik olaraq orqanizmdə çatışmazlıq göstərən mineral və vitamin balansını normaya çatdırmaq üçün müxtəlif kompleks preparatlardan istifadə etmək olar.
 
Həkim-terapevt vurğulayıb ki, dərman preparatlarına müalicə məqsədilə müraciət edilirsə, bu, mütləq qaydada həkim nəzarəti ilə aparılmalıdır. Onun sözlərinə görə, qanda həmin elementlərin miqdarı bilinəndən sonra buna uyğun olaraq vitaminlər təyin edilməlidir:
“Əgər bunlar normanı keçərsə, əlbəttə ki, bu vitaminlər orqanizmdə fəsadlara səbəb ola bilər. Məsələn, orqanizmdə vitamin A-nın normadan artıq olması ürəkbulanma, görmənin pozulması, yorğunluq, əsəbilik, iştahasızlıq, qusma, saç tökülməsi kimi fəsadlara səbəb ola bilər. Son zamanlar bir çox insanlar həkim təyinatı olmadan belə immun sistemini gücləndirmək üçün vitamin D qəbul edir. Lakin unutmaq olmaz ki, bu vitaminin nəzarətsiz qəbulu mədə-bağırsaq sisteminin qeyri-düzgün işləməsinə, ishala, qaraciyər, böyrək və digər orqanlarda fəsadlara səbəb olur. Bununla yanaşı, vitamin C-nin normadan artıq qəbulu dəridə səpgilərin yaranmasına və digər zərərlərə gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, bu vitaminlərin həkim təyinatı olmadan istifadəsi sonradan orqanizm üçün çox ciddi fəsadlarla nəticələnə bilir. Hamilələr, qaraciyər, böyrək çatışmazlığından, şəkərli diabetdən əziyyət çəkən şəxslər vitamin qəbulu zamanı xüsusilə diqqətli olmalıdır”.
 
Bəzi şəxslərin qış aylarında immun sistemini gücləndirmək üçün müxtəlif antibiotiklərdən də istifadə etdiyini deyən İ.Səbziyeva bildirib ki, həkim təyinatı olmadan dərman preparatlarının, vitaminlərin, ələlxüsus da antibiotiklərin qəbulu sonradan ciddi xəstəliklərə gətirib çıxaran çox ciddi fəsadlara səbəb olur. Antibiotikin qəbulu zamanı həkim-mütəxəssislər şəxsin bu preparatlara qarşı allergiyasının, yanaşı xəstəliklərinin olub-olmamasını və digər məqamları yoxladıqdan sonra antibiotiklər təyin edirlər. Praktikamızda dəfələrlə rast gəlirik ki, xəstə özbaşına şəkildə, yəni həkim təyinatı olmadan antibiotik qəbul edib və ağırlaşmış şəkildə allergik vəziyyətə düşüb. Bu zaman xəstəliyin müalicəsi xeyli müddət çəkir və müalicə prosesi daha ağır gedir.
 
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib