TƏBİB-in yaradılmasının 5-ci ili münasibətilə “Bir ömür xidmətinizdə...” adlı hesabat tədbiri təşkil olunub
20.12.2023 19:07

Dekabrın 20-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaradılmasının 5-ci ili münasibətilə “Bir ömür xidmətinizdə...” adlı hesabat tədbiri keçirilib.

 

Aztibb.az bu barədə TƏBİB-in feysbuk səhifəsinə istinadla xəbər verir.

 

İlk olaraq Fəxri xiyabana ziyarət təşkil edilib, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə TƏBİB kollektivi Ulu Öndər Heydər Əliyevin və dünya şöhrətli oftalmoloq alim Zərifə Əliyevanın məzarı üzərinə tər çiçəklər düzüblər.

 

Daha sonra təşkil olunan hesabat tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, TƏBİB-in 5 illiyinə həsr olunan videoçarx nümayiş olunub.

 

Tədbiri giriş sözü ilə açan İcraçı direktor Vüqar Qurbanov TƏBİB-in keçdiyi 5 illik inkişaf yolundan bəhs edib:

 

“Tibb sahəsinin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə artıq 5 ildir ki, xidmətinizdəyik. Ötən 5 ilə nəzər saldıqda görürük ki, TƏBİB-in yaranmasının ilk illəri çətin və məsuliyyətli dövrlərə təsadüf etdi. TƏBİB tərəfindən dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə, daha sonra 44 günlük Vətən müharibəsində tibbi xidmətlərin uğurlu təşkili kimi məsul vəzifələr uğurla icra edilib”.

 

V.Qurbanov çıxışında TƏBİB-in tabeli tibb müəssisələrində göstərilən tibbi xidmətlərdən, maddi-texniki bazanın yenilənməsindən də söz açıb:

 

“Hazırda TƏBİB-in tabeliyində ümumilikdə 3 046 tibb müəssisəsi fəaliyyət göstərir ki, onlardan da 2 834-ü ilkin səhiyyə xidməti, 202-si ixtisaslı, 10-u isə respublika təyinatlı tibb müəssisələridir. Həmin tibb müəssisələrində 94 084 nəfər əməkdaş çalışmaqdadır. Onlardan 53 389 nəfəri tibb heyətidir. Tibb müəssisələrinin yüksək ixtisaslı həkimlərlə təmin olunması istiqamətində də mühüm addımlar atılıb. “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində 17 tibb müəssisəsində xarici ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil alan 102 həkim-mütəxəssis işə qəbul edilib.

 

Bu gün icbari tibbi sığorta təminatına alınan 3315 sayda tibbi xidmətin 90% faizdən çoxu TƏBİB-in tabeliyində olan tibb müəssisələrində icra edilir: 634 sayda olan ambulator tibbi xidmətlərin 98%-i, 931 sayda laborator xidmətlərin 100%-i, 77 sayda fizioterapiya və reabilitasiya xidmətlərin – 100%-i, 266 sayda stasionar terapevtik xidmətlərin – 99%-i, 1 334 sayda stasionar cərrahi xidmətlərin – 70%-i, həmçinin ilkin səhiyyə və təcili təxirəsalınmaz tibbi yardım xidmətlərinin 100%-i icra edilir”.

 

Daha sonra bu il 100 illik yubileyini qeyd edən təcili təxirəsalınmaz tibbi yardım xidmətinə həsr olunan videoçarx nümayiş olunub.

 

Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış edərək TƏBİB-in yaradılmasının icbari tibbi sığorta sisteminə keçidlə bağlı görülən ən mühüm tədbirlərdən olduğunu bildirib:

 

“TƏBİB-in uğurlu fəaliyyəti əhalinin keyfiyyətli tibbi xidmətdən yararlanmasına birbaşa təsir edir. İcbari tibbi sığorta çərçivəsində əhaliyə tibbi yardımın göstərilməsində əsas yük TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə düşür. Buna görə də TƏBİB-lə qarşılıqlı əməkdaşlıq etməkdə, bir məqsədə xidmət edərək - əhalinin vaxtında, keyfiyyətli xidmətlə təmin edilməsində, vətəndaşların səhiyyə ilə bağlı xərclərinin azaldılmasında maraqlıyıq. Qoyulan hədəflərə çatmaq üçün bu gün biz səmərəli əməkdaşlıq edirik.

 

Agentlik dövlət tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi avadanlıqlarla təchizatının yaxşılaşdırılması istiqamətində TƏBİB-ə dəstək göstərir. Ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanandan bu günədək Agentlik tərəfindən dövlət tibb müəssisələri üçün 400 milyon manatdan çox məbləğdə yeni cihaz, avadanlıq, müxtəlif dərman vasitələri, 349 sayda təcili tibbi yardım avtomobili alınıb. Dövlət səhiyyə sisteminə aid tibb müəssisələrində idarəetmənin və tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlərə göstərdiyimiz dəstək bundan sonra da davam edəcəkdir”.

 

Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, millət vəkili, akademik Əhliman Əmiraslanov çıxış edərək icbari tibbi sığorta sisteminin tətbiqinin başlanmasının TƏBİB-in yaranmasını labüd etdiyini qeyd edib:

 

“Bu gün TƏBİB uğurla fəaliyyət göstərir. Amma hələ TƏBİB-in qarşısında görüləcək çox iş var. Çox sevindirici haldır ki, bu gün səhiyyə sahəsinə qoyulan büdcə vəsaiti də ilbəil artır. Bir neçə il əvvəl səhiyyə sisteminə ayrılan vəsait heç 800 milyona çatmırdı, amma bu gün bütün səhiyyə qurumlarına ayrılan vəsait 3 milyarda çatıb. Əvvəllər tibbi xidmətlər hər kəs üçün əlçatan deyildi. Bu gün bir çox müayinə və müalicə prosedurları icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində keyfiyyətlə təqdim olunur. Məsələn, ötən əsrin 90-cı illərində ürək-damar xəstəliklərindən əziyyət çəkən və imkanı olan şəxslər əməliyyat etdirə bilirdilər, imkanı olmayanlar dünyasını dəyişirdi. Hər bir şəxs üçün bu əməliyyatlar əlçatan deyildi. Bu gün isə nəinki açıq ürək əməliyyatları, o cümlədən orqan transplantasiyası əməliyyatları da ödənişsiz icra olunur”.

 

Daha sonra çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova TƏBİB, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən “Bir ömür xidmətinizdə” adlı jurnalist müsabiqəsi barədə məlumat verib.

 

Z.Ədilova bildirib ki, TƏBİB istər pandemiya dönəmində, istərsə də 44 günlük Vətən müharibəsinin ən çətin günlərində böhran kommunikasiyasının bütün alətlərindən istifadə edərək cəmiyyəti məlumatlandırmağa çalışıb:

 

“Bu gün TƏBİB-in, tibb müəssisələrinin fəaliyyəti ilə əlaqədar istənilən məlumatın sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə qanunla müəyyən edilmiş qaydada əldə edilməsi üçün şərait yaratmağa səy göstəririk. 2023-cü ilin ilk 3 rübü ərzində qurumun fəaliyyəti ilə bağlı 195 press-reliz yayımlanıb, 3 300-dən çox informasiya sorğusu cavablandırılıb, 1 150-dən çox televiziya çəkilişi təşkil edilib. Sosial şəbəkələr üzərindən 2 000-dək müraciət daxil olub və aidiyyəti üzrə cavablandırılıb”.

 

Ulu Öndər Heydər Əliyevin və dünya şöhrətli oftalmoloq alim Zərifə Əliyevanın 100 illik yubileyi, eyni zamanda TƏBİB-in fəaliyyətə başlamasının 5 illiyi ilə bağlı media nümayəndələri arasında “Bir ömür xidmətinizdə...” devizi ilə yaradıcılıq müsabiqəsinə gəlincə isə bildirilib ki, müsabiqəyə 40-a qədər material təqdim olunub:

 

“Təqdim olunan materiallar Heydər Əliyev siyasəti və Azərbaycan səhiyyəsi, Zərifə Əliyeva şəxsiyyəti, tibdə fenomenallıq, Azərbaycan oftalmologiya elmi, Azərbaycanda tibb xidməti, TƏBİB-in fəaliyyəti, tibbi xidmətdə yeniliklər, vətəndaş məmnuniyyəti və sağlam gələcək, səhiyyə və tibb sahəsində dövlət siyasəti: qabaqcıl yanaşma, beynəlxalq standartların tətbiqi kimi mövzuları əhatə edib. Hər yer üzrə 2 qalib müəyyənləşib”.

 

Tədbirin sonunda jurnalist müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

 

Müsabiqədə I yerə Sitarə Həmidova (Azərbaycan Dövlət Radiosu) və Zarina Orucəliyeva ("Sputnik - Azərbaycan" İnformasiya Agentliyi), II yerə Elnarə Kərimova ("Cümhuriyət" qəzeti) və Hicran İbrahimli (ARB24 TV), III yerə isə Samirə Abdullayeva ("Report" İnformasiya Agentliyi) və Məlahət Rzayeva ("Şərq" qəzeti) layiq görülüblər.

 

Qaliblərin hər birinə “Təşəkkürnamə” və mükafat fonduna uyğun olaraq hədiyyələr təqdim olunub.

 

ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Seminarda müasir ginekologiyada lazer texnologiyalarının rolundan bəhs olunub
2 nömrəli Bakı Baza Tibb Kolleci Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib