Endokrinoloq qalxanabənzər vəzi üçün təhlükəli amillər və müşahidə olunan fəsadlardan danışdı - MÜSAHİBƏ
30.10.2023 12:45

Aztibb.az Səhiyyə Nazirliyinin saytında dərc edilən qalxanabənzər vəzinin normal funksiyasını pozan amillər və müalicəsi mövzusunda endokrinoloq Oqtay Hüseynovla müsahibəni təqdim edir:

- Doktor, ilk olaraq bilmək istərdik ki, qalxanabənzər vəzi nədir və insan orqanizminin normal funksiyasına nə kimi təsir edir?

- Qalxanabənzər vəzi boynun ön hissəsində yerləşən, kəpənəyə bənzər orqandır. Qalxanabənzər vəzi endokrin sistemin bir hissəsidir. Qalxanabənzər vəzi bütün orqanizmin hüceyrələrinin enerji mübadiləsində iştirak edir. Qalxanabənzər vəzin sintez etdiyi hormonlar- Triyodtironin (T3) və Tetrayodtironin (T4)-dir. Qalxanabənzər vəzi metabolizm ilə yanaşı digər orqanlara da təsir göstərir. Belə ki, beyin funksiyalarının inkişafını təmin edir. Eyni zamanda, sinir, skelet-əzələ sisteminin inkişafına, ürəyin yığılma gücü və sayına, karbohidrat metabolismə, orqanizmin termorequlyasiyasına, tiroid hormonlara, iştah və çəkiyə təsir göstərir.

- Qalxanabənzər vəzinin funksiyası pozulduqda orqanizmdə hansı fəsadlar müşahidə olunur?

- Qalxanabənzər vəzinin xəstəliklərindən xəbər verən bir çox simptomlar var. Bu simptomlar vəzin hiper və ya hipofunksiyasınnan asılıdır. Tiroid vəzin normadan çox işləməsi – hipertireoidizm, tiroid vəzin normadan az işləməsi isə hipotireoidizm adlanır. Hipertireoidizm – qalxanvari vəzidə T3 və T4 hormonlarının hər ikisinin və ya birinin sintezinin artmasıdır. Hipertireoidizm, yəni vəzin hiperfunksiyası, aşağıdakı əlamətlərlə özünü biruzə verə bilər: tərləmə, əllərdə əsmə, iştahın artması, əsəbilik, yuxusuzluq, diqqətin azalması, gözlərin bərəlməsi, iki görmə, işığa həssaslıq, arterial təzyiqin yüksək olması, ürək ritminin pozulması-aritmiya, çəkinin azalması, ürək döyüntülərinin sayının artması, yuxuya getmədə çətinlik, saçların incəlməsi, tökülməsi və s. Hipotireoidizm – orqanizmin kifayət qədər tireoid hormonlarını sintez edə bilməməsidir. Hipotireoidizm isə özünü aşağıdakı əlamətlərlə biruzə verə bilər: halsızlıq, qəbizlik, dəridə quruluq, çəkinin artması, üzdə, əllərdə, ayaqlarda şişkinlik, səsin batması, əzələlərdə zəiflik, oynaqlarda ağrı, cinsi zəifliyin yaranması və s. Hipertireoidizm və hipotireoidizm əksər hallarda dərmanla müalicə edilən xəstəliklərdir. Bəzi hallarda isə bu xəstəliklərin müalicəsi cərrahi yolla həyata keçirilir.

- Qalxanabənzər vəzin fəaliyyətinin pozulmasına hansı faktorlar təsir edə bilər?

- Qalxanabənzər vəzinin fəaliyyətinin pozulmasında bir neçə amil rol oynayır. Uzunmüddətli, xroniki stresslər, toksiki maddə ilə zəngin qidalar vəzin fəaliyyətinin pozulmasına səbəb ola bilər. Müxtəlif növ alkoqol, aktiv və passiv şəkildə siqaret çəkmək, zəhərli maddələrlə nəfəs almaq toksiki yüklənməni artırır ki, bu da qalxanabənzər vəzi üçün təhlükəlidir. Güclü şüalanma, və ya radiasiya səviyyəsinin yüksək olduğu yerdə uzun müddət qalmaq, virus (herpes, sitomeqalovirus), bakteriya (stafilokoklar, streptokoklar) və parazitlərlə yoluxma, eləcə də onlarla mübarizə vasitələri qalxanabənzər vəzinin fəaliyyətinə mənfi təsir göstərir.

- Hansı hallarda bu xəstəliklərdən əziyyət çəkənlər əməliyyat olunur?

- Qalxanabənzər vəzin ölçüsü həddən artıq böyükdürsə, qidalanma və danışarkən udqunmada çətinlik törədirsə, boğulma, sıxılma, təngnəfəslik kimi şikayətlər verirsə, tiroid vəzidə olan düyünlərin kiçik olmasına baxmayaraq bədxassəlilik riski daşıyırsa, qalxanabənzər vəzin ölçüsünün böyük olması riskli vəziyyət yaratmadığı halda kosmetik problem yaradarsa cərrahi müalicə seçilir.

Diffuz zəhərli ur (hipertireoidizm) - hormonların istehsalının artması ilə müsahidə olunan xəstəlik zamanı, əgər dərman müalicəsi effekt vermirsə cərrahi müdaxilə və ya radioaktiv yod müalicəsi icra edilir.

Qalxanabənzər vəzinin xoşxassəli şişinin çox miqdarda tiroid hormonu istehsal etdiyi toksik adenoma xəstəliyində də cərrahi metodlardan istifadə olunur.

Əməliyyat üçün göstərişlərdən biri də biopsiya ilə təsdiqlənən qalxanabənzər vəzin xərçəngidir. Erkən diaqnoz və şişin vaxtında çıxarılması ilə yaxşı nəticələr əldə edilə bilər.

- Əməliyyatdan sonra vəzin xəstəliyi yenidən yarana bilərmi?

- Tiroid əməliyyatları boyunun ön səthində kiçik bir kəsik edilməklə aparılır. Təkrarlanan zobun əmələ gəlməsini istisna edən yeganə cərrahiyyə növü qalxanabənzər vəzinin tam çıxarılmasıdır (total tiroidektomiya). Digər hallarda xəstəliyin təkrarlanma ehtimalı var.

Bu halların qarşısını alıb, vaxtında aşkar etmək üçün xəstələri əməliyyatdan sonra daimi nəzarət altında saxlamaq lazımdı. Xəstədə tireoglobulin analizi yoxlanılmalı, həmçinin qalxananbənzər vəzin hormonları və ultrasəs görüntüsü izlənilməlidir. Əməliyyat zamanı və sonrasında edilən düzgün müalicə ilə xəstəliyin yenidən yaranma riski 1%-dən az olur.

- Uşaq və yeniyetmələrdə əməliyyat neçə yaşdan sonra məsləhət görülür?

- Uşaqlarda qalxanabənzər vəzin xəstəlikəri əsasən yod çatışmazlığına görə yaranır. Yod çatışmazlığı müalicə edilməzsə, iləri yaşlarda qalxanabənzər vəzidə böyümə yaranır. Uşaqlarda və yeniyetmələrdə qalxanabənzər vəzidə düyünlərə çox rast gəlinmir. Bədxassəli düyünlər olduqda, yaşdan asılı olmayaraq əməliyyat mütləqdir.

- Əməliyyatdan sonra nələrə diqqət etmək lazımdır?

- Əməliyyatdan sonrakı gün xəstə evə yazıla bilər. Xəstəyə heç bir qida, içki və ya hərəkət məhdudiyyəti qoyulmur. Xəstə əməliyyatdan sonra əməliyyatı icra etmiş cərrah və endokrinoloqun nəzarətində olmalıdır. Əməliyyatdan sonra xəstə həkimin təyin etdiyi vaxtlarda mütəmadi olaraq laborator analizlər (tiroid vəzin hormonları) verməli və USM-dən keçməlidirlər.

Bəzi hallarda xəstəliyin təkrarlanmasının qarşısını almaq və tiroid vəzinin itirilmiş funksiyasını kompensasiya etmək üçün tiroid hormon preparatları təyin edilir (əvəzedici hormonal terapiya). Bu dərmanlar həkim nəzarəti altında qəbul edilməlidir. Dərmanın dozasını özünüzün dəyişdirməyi təhlükəlidir, ona görə də, vaxtaşırı endokrinoloq müayinəsinə gəlmək tövsiyyə edilir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Diyetoloq arıqlamaq üçün daha tez-tez gülməyi və əsnəməyi məsləhət görüb
Suyun düzgün içilməsi ilə bağlı keçmişin məsləhətləri
Sümük bulyonu arıqlamağa kömək edir
TƏBİB Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri üzrə vakant yerlər elan edir
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki tibb müəssisələrinə işçilər axtarılır
Dəmir çatışmazlığı ilə bağlı yaranan anemiya xəstəliyinin təbii yollarla müalicəsi
Aynurə Əliyeva - Suraxanı Tibb Mərkəzinin psixoloqu
Bundan sonra işə qəbul və sürücülük vəsiqəsi əldə etmək üçün tibbi arayışlar elektron olacaq
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
ATU-da Ulu Öndərə həsr olunan konfrans keçirilib
Səhiyyə Nazirliyi akademik Zərifə Əliyevanın 101 illiyi münasibətilə fleşmob təşkil edib
Uzman uroloq-androloq Münasib Məmmədov fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirəcək
 Agentlik və TƏBİB ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı yeni layihəyə start verib   
8 yaşlı uşaq üzərində icbari tibbi sığorta ilə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib