Ortoped displaziya patologiyasının orqanizmə təsirlərindən danışdı - MÜSAHİBƏ
20.05.2024 14:33

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Uşaq travmatologiya və ortopediya şöbəsinin həkimi İlham Şıxbabayev uşaqlarda bud-çanaq oynağı problemləri, səbəbləri, diaqnozu və müalicəsi haqqında sualları cavablandırıb.

Aztibb.az Səhiyyə nazirliyinin saytında dərc edilən müsahibəni təqdim edir:

-İlham müəllim, ilk öncə uşaqlarda bud-çanaq oynağı problemləri haqqında ümumi məlumat verərdiniz…

- Bud-çanaq oynağı patologiyaları kiçik yaşlı uşaqlarda əzələ-skelet sistemi anomaliyaları arasında digər patologiyalarla müqayisədə daha çox rast gəlinir. Bu xəstəliklər əsasən qalça displaziyası və bud-çanaq oynağının anadangəlmə çıxığı kimi özünü göstərir. İnsan orqanizmində bud-çanaq oynağını bud sümüyü ilə qalça sümüyünün bir hissəsi olan asetabulum və onların ətrafındakı yumşaq toxumalar əmələ gətirir. Displaziya dediyimiz patologiya zamanı bu birləşmələrin inkişafında dəyişikliklər olur, qalça sümüyündə inkişaf ləngiyir və bud sümüyünün başının oynaqda normal quruluşu pozulur. Nəticədə, uşaq böyüdükcə bu proses daha aydın görünür və bud-çanaq oynağının çıxıqlarına səbəb olur.

-Bud-çanaq oynağının displaziyasının səbəbləri nədir?

- Bu patalogiyanın səbəbini açıqlamaq üçün bir çox nəzəriyyələr irəli sürülüb. Bunların arasında mexaniki faktorlar, hormonlarla bağlı oynaq boşluğu, qalçanın birincili olaraq inkişafdan qalması və genetik amilləri göstərmək olar. Mexaniki faktorlar dedikdə, uşağın ana bətnində duruşu nəzərdə tutulur. Çanaq gəlişi ilə doğulan uşaqlarda displaziyalara daha çox rast gəlinir. Həmçinin, bəzən uşaqların ayaqlarını qundaqlayaraq eyni vəziyyətdə saxlanılması displaziyaların rast gəlməsinə səbəb olur.
Hormonal faktorlar anadan keçən bəzi hormonlarla bağlı uşaqda oynaq bağlarının boşluğuna və displaziyalara səbəb olur.
Genetik amillər çox önəm daşıyır. Əgər ailədə irsi olaraq bu patologiyaya rast gəlinirsə, onların uşaqlarında da rast gəlmə ehtimalı var.

-Bud-çanaq oynağı displaziyası xəstəliyinin diaqnostikası necə aparılır?

- Bu xəstəliyin diaqnozunu qoymaq üçün bir çox klinik, instrumental müayinələrdən istifadə olunur. Əsas diaqnostika üsullarına bud-çanaq oynağının ultrasəs və rentgenoqrafiya müayinəsi üsulları aiddir. Bəzən maqnit rezonans, kompyüter tomoqrafiyası kimi daha geniş müayinə üsullarından da istifadə edilir. Hər bir instrumental müayinə həkim göstərişi ilə aparılır. Yenidoğulmuş uşaqlarda 6 aya qədər ultrasəs müayinəsi istifadə edilir, 4 aydan sonra rentgenoqrafiya müayinəsi aparıla bilər.
İlk 4 ayında rentgenoqrafiya müayinəsi uşaqlarda yetərsiz sayılır. Bunun səbəbi yenidoğulmuş uşağın bud-çanaq oynağını əmələ gətirən strukturların qığırdaqdan ibarət olmasıdır. Rentgenoqrafiya müayinəsində isə qığırdaq strukturlarının dəyərləndirilməsi mümkün deyil.
Ultrasəs müayinəsi ilə bud-çanaq oynağını əmələ gətirən yumşaq toxumalar, qığırdaq və sümük toxumasını dəyərləndirmək mümkündür. Ultrasəs müayinəsində alfa və beta bucaqlar qeyd olunur. Alfa bucağın 60 dərəcədən az olması displaziyanın əlamətidir və ortoped konsultasiyası məsləhətdir. 6 aydan sonra bud-çanaq oynağının dəyərləndirilməsində rentgenoqrafiya üsulundan istifadə edilir.

-Doktor, erkən diaqnozun qoyulmasnın əhəmiyyəti nədir?

- Bud-çanaq oynağı displaziyası zamanı erkən diaqnostika bəlkə də ən önəmli məsələdir. Belə ki, diaqnoz nə qədər erkən dönəmdə - yenidoğulmuşun ilk 3 aylığında qoyularsa, müalicənin effekti o qədər yaxşı olur.
Erkən diaqnoz qoyulan uşaqlarda sadə müalicə üsulları ilə xəstəliyi tam sağaltmaq mümkündür. Bu halda gecikən ağırlaşmalara az rast gəlinir və bud-çanaq oynağının geniş həcmli əməliyyatlarına ehtiyac qalmır.

-Bud-çanaq oynağının displaziyasının və anadangəlmə bud çıxığının müalicəsi necə aparılır?

- Bu xəstəliyin müalicəsi uşağın yaşından və patologiyanın hansı mərhələsində olmasından asılı olaraq, müxtəlif üsullarla aparılır. Bud-çanaq oynağının displaziyasının müalicə diaqnozu qoyulduğu gündən həyata keçirilir. Əks halda bu prosesin ağırlaşmağa doğru getməsi ehtimalı var. Çünki uşaq böyüdükcə dispaziya bud-çanaq oynağının çıxığına çevrilə bilər. Bu xəstəliyi olan yenidoğulan və ilk 6 aylığına qədər olan uşaqların müalicəsi müxtəlif abduksion ortezlər deyilən, uşağın ayaqlarını aralı saxlayan vasitələrlə həyata keçirilir. Bu vasitələrə Pavlik bandajı, abduksion ortezlər, Tübingen ortezi və s. aiddir. Əgər 6 aylığından etibarən bu vasitələr kömək etməzsə, ümumi anesteziya altında çıxığın qapalı və ya açıq üsulla yerinə qoyulması icra olunur və uşaq 2-3 ay gips sarğısında qalır. Hər bir halda məqsəd bud sümüyü başını asetabulumda mərkəzləşdirmək və oynağın normal inkişafını təmin etməkdir. Gecikən hallarda, 1,5 yaş və daha çox olan uşaqlarda isə müxtəlif əməliyyatlar icra olunaraq müalicə aparılır. Displaziyanın erkən mərhələsində tam sağalma şansı çox yüksəkdir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim briqadası tərəfindən Laçında kardioloji müayinələr keçirilib
Diaqnoz Tibb Mərkəzinin şöbə müdiri 
     Yeni Klinikada direktor müavini vəzifəsinə yeni təyinat           
“Xəstəxanadaxili infeksiyaların idarə olunması: Sepsis və antibiotikterapiya” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Tovuz rayonundan olan şəhid, qazi və aztəminatlı ailələr üçün tibbi aksiya
 Nobel mükafatçısı Əziz Sancar Azərbaycan Tibb Universitetində mühazirə oxuyub   
Azərbaycanda bir nəfərdə
 Elmi-praktik seminar: “Qalxanabənzər vəzin follikulyar düyünlərinin diaqnostika və müalicəsinə müasir yanaşma”    
Süni intellekt və tibbi transhumanizm: Diaqnoz, müalicə və proqnozlaşdırma sahəsində irəliləyişlər
Ürək-damar xəstəlikləri ilə mübarizə aparmağın yolları
Ürək döyüntülərinə nə səbəb olur?
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının gənc qastroenteroloqu - Köçəri Köçərli
Mircəlal Kazımi:
Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatı: Daha iki nəfər qarayara xəstəliyinə yoluxub 
TƏBİB İnsan resursları departamentinə işçi axtarır