Arzu Məhərrəmova: "İnsult həyat üçün təhlükə törədən təxirəsalınmaz vəziyyətdir"
30.07.2023 09:18
İnsultun diaqnostikası müvafiq klinik simptomların müəyyənləşdirilməsinə anamnestik məlumatlara (kəskin başlanğıc, risk amillərinin mövcudluğu), insultun tipinin (işemik və ya hemorragik) müəyyənləşdirilməsinə əsaslanır. Lakin bunlar diaqnostik axtarışın sonuncu həlqəsi deyildir. İnsultun adekvat müalicəsi və ikincili (sonrakı) profilaktikasının aparılması üçün onun mümkün olan səbəbinin/səbəblərinin axtarılması zəruridir.
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı uzman nevroloqu Arzu Məhərrəmova bildirib ki, insult keçirmiş insanlar üçün xəstəxanaya qədər olan yanaşma da önəmlidir. İnsult olma şübhəsi meydana çıxdıqda ilkin diaqnozun qoyulması və xəstənin müvafiq stasionara çatdırılması üçün xəstə və ya onun ətrafında olan başqa insanlar tərəfindən təcili yardım xidmətinə müraciət edilməsi təkidli şəkildə tövsiyə edilir.
 
Uzman həkim qeyd edib ki, insult həyat üçün təhlükə törədən təxirəsalınmaz vəziyyətdir. Buna görə də BQDKP-yə şübhə olan xəstə, hətta cüzi nevroloji defisit olduqda belə tam müayinə və hospitalizasiya məsələsini müzakirə etmək üçün stasionara çatdırılmalıdır.
 
Onun sözlərinə görə, işemik insult zamanı trombolitik terapiyanın terapevtik müddətinin məhdud olmasını, həm də daha gecikmiş hospitalizasiya zamanı insultun ağırlaşmalarının sayının əhəmiyyətli dərəcədə artması və xəstəliyin proqnozunun pisləşməsi faktını nəzərə alaraq, pasiyentin stasionara çatdırılmasının optimal müddəti xəstəliyin baş verdiyi vaxtdan sonrakı ilk 2 saatdır. Güman edilən insultlu pasiyentin nəql edilməsi xəstənin ağırlıq vəziyyətinin dərəcəsindən asılı olmayaraq, ancaq uzanıqlı vəziyyətdə olmalıdır.
 
"İnsultdan sonra nevroloji funksiyaların bərpası üzrə əlaqələndirilmiş reabilitasiya proqramlarının həyata keçirilməsi məqsədəuyğundur. Reabilitasiyanın məqsədi pasiyentin fiziki və psixoloji funksional qabiliyyətlərinin mümkün dərəcədə bərpasına nail olmaqdır. Reabilitasiyanın səmərəli şəkildə həyata keçirilməsi üçün müxtəlif mütəxəssislərin səyi zəruridir. İnsult keçirmiş xəstələrin reabilitasiyasında mütəxəssis-reabilitoloqla yanaşı fizioterapevt, bu sahə üzrə ixtisaslaşmış həkim, psixoloq və sosial sahənin işçisi iştirak etməlidirlər.
 
Reabilitasiya tədbirlərini mümkün qədər tez başlamaq vacibdir. Passiv fiziki hərəkətlər nevroloji defisitin sabitləşdirilməsindən dərhal sonra (əks-göstərişlər olmadıqda bir qayda olaraq insultun başlanmasından sonrakı 2-ci gündən) həyata keçirilməlidir.
 
Passiv reabilitasiya da daxil olmaqla erkən fiziki reabilitasiya insultun pnevmoniya, dərin venaların trombozu, yataq yaraları, həmçinin kontraktura, artralgiya kimi ağırlaşmalarının qarşısını alır", - deyə Arzu Məhərrəmova əlavə edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev