Urologiya və andrologiya sahəsində tanınmış alim Sudeif İmamverdiyevin 85 yaşı tamam olur
02.07.2023 11:40

Bu gün urologiya və andrologiya sahəsində tanınmış alim, Türk Ağsaqqalları Birliyinin (TAİB) sədri, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyevin 85 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, Sudeif Bəşir oğlu İmamverdiyev 1938-ci il iyul ayının 2-də Astara şəhərində müəllim ailəsində anadan olmuşdur. Astarada orta məktəbin rus bölməsini bitirərək, 1956-cı ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinin Azərbaycan bölməsinə daxil olmuş və 1962-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində o, cərrahiyyə sahəsində elmi işlə məşğul olmuş və mükafatlandırılmışdır.

1968-ci ildə Bakıda namizədlik, 1974-ci ildə isə (36 yaşında) Moskvada “Hər iki böyrək arteriyasının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hər iki dissertasiyada o dövrlər üçün ən yeni diaqnostika və müalicə üsulları tətbiq olunub və tibb ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

 

1975-ci ilin yanvarından tibb elmləri doktoru adı alan S.İmamverdiyev Azərbaycana qayıdandan sonra yenə də, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə kafedrasında assistent vəzifəsində işə başlayır və Tibb İnstitutunda Urologiya kafedrasının açılması ücün çalışır.

 

1975-ci ildə onun təşəbbüsü və səyləri nəticəsində Azərbaycan Tibb İnstitutunda Urologiya kafedrası açılır. 1976-cı ildə Urologiya kafedrasının dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən isə kafedranın müdiri vəzifəsində çalışır.

 

Onun elmi-pedoqoji fəaliyyəti çoxşaxəli və genişdir. Geniş biliklərə və yüksək təcrübəyə malik olaraq o, urologiyanın və andrologiyanın aktual istiqamətlərini inkişaf etdirərək böyük nailiyyətlər əldə etmişdir.

 

Alim cərrahi əməliyyatların təkmilləşdirilməsi istiqamətində böyük işlər görərək urologiya və andrologiyanın müxtəlif sahələrinə həsr olunmuş 13 ixtira və səmərələşdirici təklif vermişdir. Bunlara nefroptozun cərrahi müalicəsi zamanı böyrək və böyrəkətrafı toxumalarda baş vermiş dəyişikliklərin xüsusiyyətlərinə görə tətbiq olunan 4 nefropeksiya üsulu (1984, 1986, 1992, 2008), sistektomiyadan sonra sidik axarının S-vari bağırsağa köçürülməsinin yeni modifikasiyası (1986), prostat vəzinin adenoması olan ahıl və qoca yaşlı xəstələrin taktivinlə immunokorreksiyası (1988), veziko-vaginal fistulaların transperitoneal plastikası (1991), mərcanvari və çoxlu nefrolitiazın cərrahi müalicəsində böyrək arteriyasının sıxılması zamanı böyrəyin işemiyadan müdafiəsi (1993), prostat vəzinin adenoması zamanı yeni hemostaz üsulu (1985, 1997), sidik kisəsi xərçəngində sidiklikdən keçməklə sidikliyin rezeksiyası və ureterosistoneostomiya üsulu (1987, 1998), varikoselektomiya zamanı kollateral venaların aşkarlanması üsulu (2004), Anderson-Xaynes əməliyyatının yeni modifikasiyası (2005) aiddir. Bütün bunlar urologiyanın inkişafına güclü təkan vermiş və xəstələrin müalicəsində böyük dönüş yaratmışdır.

 

Alim Azərbaycan elmini dəfələrlə dünyanın 30-dan çox ölkəsinin mötəbər elmi konfranslarında təmsil etmişdir.

 

O, işlədiyi müddətdə Azərbaycanda elmi kadrların hazırlanması, tədris işlərinin keyfiyyətinin yaxşılaşdırılması və səmərəli uroloji xidmətin təşkili istiqamətində daima çalışmış, öz bilik və bacarığını əsirgəməmişdir. Onun rəhbərliyi altında 15 namizədlik, 3 doktorluq dissertasiyası müdafiə olunub. 1 namizədlik dissertasiyası ilkin müdafiəyə hazırlanır, 3 doktorluq dissertasiyası yazılır. Onun hazırladığı alimlər sırasında xarici ölkə vətandaşları var.

 

S.İmamverdiyev urologiyanın müxtəlif problemlərinə həsr olunmuş 280-dan çox elmi məqalələrin, 8 monoqrafiyanın, 5 dərs vəsaitinin, 1 metodik vəsaitin, 1 dərsliyin müəllifidir.

 

O, 1993-cü ildə Avropa Uroloqlar Assosiasiyasının həqiqi, 2000-ci ildə Gürcüstan Uroloqlar Assosiasiyasının fəxri üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, həmçinin 2005-ci ildə “SKV” Azərbaycan Uroloqlar Assosiasiyasının və Türk Cümhuriyyətləri Androloqlar Konfedarasiyasının sədri seçilib.

 

Professor S.İmamverdiyev 1992-ci ildə məşhur “91”lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, 1995-ci ildə Müstəqil Azərbaycan Respublikasının ilk parlamentinin (Milli Məclis) deputatı, 2000-ci ildə II dövr (2005-ci ilədək) yenidən Milli Məclisə deputat seçilib.

 

Alim elm sahəsində göstərdiyi xidmətlərə görə 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir. 2006-cı ildə isə elm sahəsində göstərdiyi xidmətlərə görə “Y.Məmmədəliyev adına medal”la təltif edilmiş, 2008-ci ildə isə “Əməkdar elm xadimi” adına layiq görülmüşdür. Alim, həmçinin elm sahəsində göstərdiyi xidmətlərə görə 2010-cu ildə Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü seçilmiş, “Elmi məktəbin yaradıcısı” fəxri adına layiq görülmüş və cərrahi urologiyada ixtiraçılıq və səmərələşdirici təklif vermək fəaliyyətinə görə “Nobel” medalı ilə təltif olunmuşdur.

 

Hazırda Türk Ağsaqqalları Birliyinin (TAİB) sədridir.

 

Görkəmli alimi 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-pedaqoji fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub