Bu gün akademik Cəmil Əliyevin doğum günüdür
30.03.2023 17:05

Bu gün dünyaşöhrətli Azərbaycan alimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru, Əməkdar elm xadimi, akademik Cəmil Əziz oğlu Əliyevin doğum günüdür.

 

Akademik Cəmil Əliyev təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da onkologiya sahəsi üzrə bacarıqlı və nüfuzlu mütəxəssis kimi tanınır. C.Ə.Əliyevin uzun illər ərzində gərgin səyləri nəticəsində yaradılmış Milli Onkologiya Mərkəzi təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqaz bölgəsində bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikası problemlərini tədqiq edən, 1500 çarpayılıq klinik bazaya malik ixtisaslaşmış elmi-tədqiqat müəssisəsidir.

 

Onun rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzində 1290 nəfər çalışır. Onkoloji xəstələrin 92 faizi Milli Onkologiya Mərkəzində müalicə olunur. İl ərzində burada 110 minə yaxın pasiyent müayinə olunur, 20 mindən çox insan stasionar müalicə kursu keçir. Son illər Milli Onkologiya Mərkəzinin maddi-texniki bazası akademik Cəmil Əliyevin əvəzsiz xidmətləri sayəsində tam yenilənib, möhkəmlənib və arzuolunan səviyyəyə çatdırılıb. Bu baxımdan akademik Cəmil Əliyevin rəhbərliyi ilə Azərbaycanda ilk dəfə Uşaq Onkologiya İnstitutu binasının inşa etdirilməsi və fəaliyyətə başlaması, kadr potensialının möhkəmləndirilməsi, ən müasir tələblərə cavab verən cərrahiyyə bölməsinin, həmçinin ambulator xidmətinin təminini yerinə yetirən binanın yüksək dərəcəli təşkili və müasir avadanlıqla təchizi xüsusilə diqqəti daha çox cəlb edir ki, bütün bunlar da əhaliyə tibb xidmətinin dünya standartları səviyyəsində aparılmasına, müayinə, diaqnostika, müalicə və profilaktika tədbirlərinin, xəstələrin reabilitasiyasının rahatlıqla yerinə yetirilməsinə möhkəm zəmin yaradır. Bu da onun tərəfindən ölkə onkologiyasına ərməğan edilən ən gözəl töhfələrdən sayılır.

 

Milli Onkologiya Mərkəzinin nəzdində yaradılmış Onkoreqistr 2015-ci ildə Beynəlxalq Onkoloji Xəstəliklər Assosiasiyasına üzv qəbul edilib.

 

Cəmil Əziz oğlu Əliyev 1946-cı il martın 30-da Bakı şəhərində tanınmış alim və görkəmli ictimai xadim Əziz Əliyevin ailəsində anadan olub.

 

1968-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1973-cü ildə Bakı şəhərində “onkologiya” ixtisası üzrə “Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostikası və müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1978-ci ildə Moskvada SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzində “onkologiya” ixtisası üzrə “Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib və tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1987-ci ildə elmi kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə “onkologiya” ixtisası üzrə professor elmi adı alıb.

 

Professor C.Ə.Əliyev 1994-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasına rəhbərlik edir. C.Ə.Əliyev süd vəzi, başın yumşaq toxumaları və boyun şişlərinin diaqnostikası sahəsində görkəmli aparıcı mütəxəssislərdən biridir.

 

C.Ə.Əliyev Azərbaycanda müasir klinik onkologiyanın və süd vəzi xərçənginin diaqnostikası və müalicəsi üzrə alimlər məktəbinin banilərindən biridir. O, hal-hazırda da uzun illər ərzində yaratdığı Azərbaycan elmi onkologiya məktəbinə uğurla rəhbərlik edir.

 

Cəmil Əliyev 600-dən çox elmi məqalənin, 10 ixtiranın, 18 monoqrafiya və tələbələr üçün dərs vəsaitinin müəllifidir. Onun elmi rəhbərliyi altında 8 tibb elmləri doktorluğu və 48 tibb üzrə fəlsəfə doktorluğu müdafiələri işlənib uğurla müdafiə edilib.

 

C.Ə.Əliyev Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının əcnəbi üzvü, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Amerika Birləşmiş Ştatları M.D.Anderson Xərçəng Mərkəzinin fəxri professoru, Hammersmit Kral Universiteti Hospitalının fəxri doktoru, həmçinin bir çox beynəlxalq elmi qurumun və ictimai təşkilatın tərkibinə seçilib.

 

1980-ci ildə “Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı” monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının akademik N.N.Petrov adına mükafatına layiq görülüb.

 

Professor Cəmil Əliyevin adı 1996-cı ildə İngiltərənin Kembric Beynəlxalq Bioqrafiya Mərkəzinin dünya intellektualları arasında “Kim kimdir?” bioqrafik toplusuna daxil edilib.

 

Akademik Cəmil Əliyev 2015-ci ildə Avropa Təbiət Elmləri Akademiyasının dünyanın ən məşhur cərrahlarına təqdim edilən N. Piroqov ordeninə, “Avropanın fəxri alimi” adına və V.Leybnits medalına, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının qaraciyərin subklinik patologiyasının onkoloji problemlərinin tədqiqi ilə bağlı elmi əsərlərinə görə akademik M. Mirqasımov adına mükafatına layiq görülüb.

 

O, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə səhiyyə sahəsində xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilmişdir. 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Mükafatlar Şurasının qərarı ilə “Elm və Sülh elçisi” fəxri adına layiq görülüb.

 

AZƏRTAC 

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub