ATU-da icbari tibbi sığorta haqqında maarifləndirmə tədbiri keçirilib
21.11.2022 10:26

Azərbaycan Tibb Universitetində (ATU) icbari tibbi sığorta haqqında maarifləndirmə mövzusunda təlim keçirilib.

 

Tədbiri I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov açaraq mövzunun aktuallığını diqqətə çatdırıb.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin baş məsləhətçisi Elvin Abbasova çıxış edərək təlimin təşkilinə göstərdiyi dəstəyə görə universitet rəhbərliyinə agentlik adından təşəkkürünü bildirib. E.Abbasov ölkəmizdə icbari tibbi sığorta sisteminin 2016-cı ildən Mingəçevir şəhərində və Yevlax rayonunda pilot layihə olaraq fəaliyyətə başladığını, daha sonra Ağdaş rayonunun da pilot layihəyə qoşulduğunu vurğulayıb. Qeyd edib ki, pilot layihədə əldə olunan müsbət nəticələr bu sistemin ölkə üzrə tətbiq edilməsi zərurətini yaradıb: “İcbari tibbi sığorta sistemi hər bir vətəndaşımızın tibbi yardım alma hüququnu təmin edən bir sistemdir. Bundan başqa, BMT tərəfindən təsdiqlənmiş qaçqınlar və məcburi köçkünlər də icbari tibbi sığortadan istifadə edə bilər. Eyni zamanda, ölkəmizdə vətəndaşlığı olmayan şəxslər də icbari tibbi sığortadan istifadə etmək hüququna malikdir”.

 

İcbari tibbi sığorta sisteminin tətbiqində ilkin məqsədin ölkə səhiyyəsində yeni modernləşdirmə mexanizmi yaratmaq olduğunu deyən mütəxəssisin sözlərinə görə, hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə yüzlərlə həyati vacib, dəyəri yüksək əməliyyatlar daxildir: “Əsas məqsədlərdən biri də tibbi xidmətlərə əlçatanlığı artırmaqdır. Yəni keyfiyyət baxımından hələ problemlər olsa da, səhiyyə xidmətlərinə əlçatanlıq baxımından çox irəli getmişik. Ümidvaram ki, gələcəkdə tibbi xidmətin keyfiyyətində də yüksək nailiyyətlər qazanılacaq”.

 

E.Abbasov icbari tibbi sığorta haqqının yığılması qaydalarına da toxunaraq bildirib ki, bu haqq yalnız rəsmi surətdə işləyən əhalidən toplanır: “Bu da hardasa 40 faiz deməkdir, yerdə qalan 60 faiz əhalinin sığorta haqları dövlət büdcəsi hesabına ödənilir. Sığorta haqqı ödəyən də, ödəməyən də eyni xidməti alır. Yəni sığorta sistemi həmrəylik prinsipinə dayanan bir sistemdir. Belə demək mümkünsə, təqaüdlərin verilməsinə oxşar mexanizmdir. İcbari tibbi sığorta fonduna pul toplanır, eyni zamanda dövlət büdcəsindən də ora pul ayrılır və vətəndaşa göstərilən tibbi xidmətin qarşılığı tibb müəssisəsinə agentlik tərəfindən ödənilir”.

 

İcbari tibbi sığorta sistemində xidmətlər zərfini icbari tibbi sığortaya daxil olan bütün müayinə, müalicə və əməliyyatların bir toplusu adlandıran agentliyin nümayəndəsi, bu zərfə 2550 tibbi xidmətin daxil edildiyini, bu xidmətlərin sayının 3000-dən yuxarı qaldırılması haqda dövlətə təkliflər verildiyini deyib.   

 

Həmçinin stasionar xidmət zamanı dərman təminatı, tibbi sərfiyyat və qidalanmanın tam pulsuz olduğunu, ambulator şəraitdə isə dərman təminatının xidmətlər zərfinə daxil edilmədiyini xatırladıb. O, xidmətlər zərfinə daxil olan və daxil olmayan arayışların təsnifatını açıqlamaqla yanaşı, sığorta limitinin olub-olmamasına da aydınlıq gətirib: “Vətəndaş ödədiyi sığorta haqqının məbləğindən asılı olmayaraq, il ərzində heç bir məbləğ limiti qoyulmadan tibbi xidmət ala bilər. Vətəndaşlara tibbi sığorta xidməti TƏBİB-in tabeçiliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan 3000-dən artıq tibb müəssisəsində göstərilir. Əgər hansısa tibbi xidmət dövlət müəssisəsində mümkün olmazsa, vətəndaş agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinə yönləndirilir”.

 

E.Abbasov vətəndaşın daha rahat tibbi xidmət alması üçün görülən tədbirlərdən, eləcə də ailə həkimi institutunun yaradılmasından da danışıb.

 

Bundan sonra agentliyin Tibbi ekspertiza şöbəsinin məsləhətçisi, ATU-nun məzunu Fatiq Həsənov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.  

 

Tədbirin əvvəlində və sonunda tələbələrin icbari tibbi sığorta haqqında biliklərini müqayisəli şəkildə yoxlamaq məqsədilə sorğu aparılıb.  

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib