USAID və ÜST-nin birgə layihəsi çərçivəsində 34 həkimə təlim keçirilib
01.11.2022 15:32

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə ÜST-nin ölkə ofisinin həyata keçirdiyi “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi çərçivəsində növbəti 2 təlim proqramı başa çatıb.

 

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, 12 gün davam edən və 24 həkimin qatıldığı təcili tibbi yardım həkimləri üçün adaptasiya təlimi iştirakçıların təməl həyat dəstəyi, təkmil həyat dəstəyi və travma həyat dəstəyi kimi önəmli sahələrdəki tibbi biliklərinin, həmçinin komanda üzvü kimi çalışmaq, kommunikasiya və təlim bacarıqlarının gücləndirilməsi məqsədi daşıyıb. Təcili tibbi yardım sisteminin effektivliyinin artırılmasını dəstəkləyən bu cür təlimlərin növbəti 2 il ərzində 2000-dən çox həkimi və 6000 digər tibb işçisini əhatə etməsi nəzərdə tutulur.

 

Təlim proqramını bitirənlə sertifikatlarını ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı və USAID-in missiya direktoru vəzifəsini icra edən Angelina Allen-Mpyisi təqdim edib. Dr. Hande Harmancı ikiillik birlikdə öyrənmə və çalışma prosesinin ilk addımının tamamlanması münasibətilə iştirakçıları təbrik edib və bu seçilmiş gənc həkim qrupunun Azərbaycanda təcili tibbi yardım sisteminin transformasiyasının öncülləri olacağına əminliyini ifadə edib. O, həmçinin təlimin baş tutmasındakı dəstəyə görə layihə tərəfdaşlarına təşəkkürünü bildirib.

 

“USAID Azərbaycanda təcili tibbi yardım sisteminin transformasiyasına kömək edəcək bu istedadlı mütəxəssisləri dəstəkləməkdən məmnundur”, - deyə USAID-in missiya direktoru vəzifəsini icra edən Angelina Allen-Mpysi bildirib. O, həmçinin hökumət tərəfdaşlarına dəstək və sıx əməkdaşlığa görə təşəkkür edib.

 

ÜST-nin təlimin təşkilində yaxından əməkdaşlıq etdiyi Səhiyyə Nazirliyinin nümayəndəsi Ülvi Mirzəyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Rəşad Çobanlı, TƏBİB-in nümayəndələri Teymur Mirzəbəyli və Səkinə Əzizli də tədbirə qatılaraq iştirakçılarla tövsiyələrini bölüşüblər.

 

Bununla yanaşı, layihənin tibbi personalın təlimləri fəaliyyət istiqaməti çərçivəsində Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) 8 günlük “Təməl müəllim inkişafı” təlim proqramı təşkil edilib. İnstitutun 10 müəlliminin qoşulduğu təlim proqramı iştirakçıların təhsildə liderlik, tədris proqramlarının yaradılması, kiçik və böyük qruplarda tədris, xəstəxana şəraitində tədrisin təşkili, qiymətləndirmənin müasir metod və prinsipləri, effektiv geribildirim və tədrisə dair digər bilik və bacarıqlarının artırılmasına xidmət edib.

 

Təlim iştirakçılarının ADHTİ-dəki tədris fəaliyyətlərini davam etdirməsi ilə əldə etdikləri bilik və bacarıqları 80-ə qədər digər həmkarı ilə paylaşması gözlənilir. Təlimi bitirənlərə sertifikatların təqdimedilmə mərasimində ÜST təlimçiləri ilə yanaşı ADHTİ-nin prorektoru Təyyar Eyvazov da iştirak edərək oxşar təlimlərin genişləndirilməsinin ölkənin səhiyyə sisteminin gücləndirilməsi baxımından vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, “Azərbaycanda pandemiyaya cavab tədbirləri” layihəsi Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə əməkdaşlıqda icra edilir və təcili tibbi yardım, ictimai səhiyyə, xəstəxana mühitində infeksiyaların profilaktikası və nəzarət və tibbi personalın təlimləri kimi dörd fəaliyyət istiqamətini əhatə edir.

 

ÜST-nin ölkə ofisi USAID-lə əməkdaşlıqda tibbi personalın professionallığının artırılmasını dəstəkləyən təlimləri davam etdirəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib