Vətən müharibəsinin ağ xalatlı qəhrəmanı - AQİL YUSUBOV
17.10.2022 12:04

Sumqayıt Tibb Mərkəzinin (STM) 60 əməkdaşı 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib.
Bu əməkdaşlardan 8 nəfəri həkim-travmatoloqdur.

 

Onlardan biri də STM-in Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri, travmatoloq-cərrah Aqil Yusubovdur.

 

Aqil Yusubov müharibə başlayan kimi könüllü cəbhəyə yollanıb. O, Göygöl Rayon Mərkəzi Xəstəxanasında yaralı əsgər və zabitlərin sağlamlıqlarına qovuşmaları üçün yardım edib.

 

A.Yusubov həmin günləri belə xatırlayır:

"Bir əsgərimiz var idi, ayağının altını qəlpə dağıtmışdı. Sarğı vurdurub, geri qayıtmaq üçün əməlli-başlı bizimlə dava elədi. Yoldaşları ayaqqabılarını gizlətdilər ki, tapa bilməyib, qalsın. İnanın az qala xəstəxananı dağıdırdı. Tibbi komissiya yararsız desə də, axsamadan yeriyirdi ki, yararlı desinlər. Dedi, döyüşə bilməsəm də, postda duraram, o postda duran əsgər bir saat yatmaq imkanı qazanar. Getməmişdən öncə nömrəsini aldıq, o da bizim nömrəmizi aldı. 2 gün sonra zəng gəldi telefonuma, dedilər nömrəniz bir şəhid əsgərin cibindən çıxıb. O, döyüşdə həlak olub. Onun ölümü məni çox sarsıtdı.

 

Mən 44 gün ərzində bir dəfə bir əsgərin “doktor, mən bir gün də artıq qalım” dediyini eşitmədim. Sarğı vuranda, bəzən keyidici vurmadan yaralarına toxunanda da səsləri çıxmırdı. Elə bir ağrımırdılar, dəmirdən idilər. Ağılları, fikirləri ancaq geri qayıtmaqda idi. Avtobuslara dolub cəbhəyə gedənlər xəstəxanada qalanlara acıq verirdilər ki, biz getdik, siz qaldınız".

 

Həkim qeyd edib ki, müharibə bitdikdən sonra da qazilərin sağalması üçün əlindən gələni etməyə çalışıb:

 

"Müharibə başa çatandan sonra əsasən minaya düşürdülər. Amma müharibə günlərində snayper yaraları, qəlpə yaraları və yanıq yaraları çox olurdu. Şəhidlərimizin çoxu yanaraq həlak olmuşdu. Bir də snayperlər bilmirəm bunu bilərəkdən edirdi ya yox, zirehli jilet sinəni qorusa da, boynu, qolları qorumur. Boyunu və bazu sümüyünü hədəfə alırdılar. Güllə bazu kələfinə toxunanda məcbur olub, qolu amputasiya etməli olurduq.

 

O anda yalnız onun həyatını xilas eləməyi düşünürsən. İnsan olaraq yox, peşəkar olaraq baxmaq məcburiyyətindəsən. Kəsməsən, ölə bilər.

 

Bu, inanılmaz idi. Belə şeyə yəqin dünyanın heç yerində rast gəlinməyib. Yaralı əsgəri yataqda saxlaya bilmirdik. Minaya düşüb, topuqdan yuxarı ayağı parçalanıb, sallanır deyir “doktor, şinayla bərkit, botinkanın içində qopmayacaq. Geri qayıdım”.

 

Bir sürücü gəlmişdi, gecəylə təhlükəli dağ aşırımlarından keçərək, öz yük maşınında 17 yaralı əsgəri sağ gətirib çıxarmışdı.

 

Keçdiyi yollar həm qarla, buzla örtülüydü, həm də düşmən zirvədən bu yola nəzarət edə bilirdi. 1-2 saat dəhlizdə boş xərəklərdən birinin üstündə uzanıb yatdı. 3 gün idi yuxusuz idi. Yenidən yaralı daşımaq üçün geri qayıdanda düşmənin açıq gördüyü bir çökəklikdə maşın xarab olmuş, minomyotla vurulmuşdu. Çox mərd oğlan idi rəhmətlik.

 

Yaşananlar asan deyildi. Bir təsəllim var ki, heç bir xəstəm şəhid olmadı, hamısını xilas edə bildim. Allah xalqımıza bir daha müharibə acısı yaşatmasın".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib