Vətən müharibəsinin həkim qəhrəmanı - ANAR GÜMAYEV
27.09.2022 16:29
Vətən müharibəsinin qəhrəmanlarından biri də həkimlərimiz olub. Onlar həm müharibə, həm də postmüharibə dövründə yorulmadan fəaliyyət göstəriblər. Həkimlər gözüyumulu düşmənin üzərinə gedən, ölməyi gözə alan minlərlə mərd oğulların həyatlarını xilas edən ağ xalatlı qəhrəmanlardır. Həkimlərimiz 44 gün yaralı hərbçilərimizə həm şəfalı əlləri ilə məlhəm oldular, həm də onlara mənəvi dəstək verdilər. Belə həkimlərdən biri də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinin təcrübəli həkimi Anar Gümayevdir.
 
Anar Mirzə oğlu Gümayev 1977-ci ildə Mingəçevir şəhərində anadan olub. 1994-2000-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil alıb. 2000-2001-ci illərdə Mingəçevir ŞMX-nın Reanimasiya şöbəsində internatura keçib. Tibb xidməti baş leytenantı Anar Gümayev 2001-2003-cü illərdə Tovuz rayonunda həqiqi hərbi xidmət keçib.
 
O, 2003-2010-cu illərdə Mingəçevir ŞMX-nın Reanimasiya şöbəsində həkim anestezioloq-reanimatoloq, 2010-2012-ci illərdə Naftalan rayon “Çinar” sanatoriyasının Poliklinika şöbəsində aparıcı terapevt həkim, 2012-2020-ci illərdə Media Clup BP-də həkim işləyib, 2020-ci ildən Mingəçevir ŞMX-nın Reanimasiya şöbəsində həkim anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərir.
 
Vətən Müharibəsinin başlandığı ilk günlərdə könüllü şəkildə Azərbaycan Ordusunun tərkibinə qatılan Anar Gümayev danışır:
 
"Vətən müharibəsi başlayan kimi könüllü orduya yazıldım. İş elə gətirdi ki, dərhal gedə bilmədim. Həmin gün atam rəhmətə getdi. Valideyndən əziz insana ən yaxın kim ola bilər ki? Şükür atamı torpağa tapşırmağa fürsətim oldu. 3 gün sonra ön cəbhəyə yollandım.
Mənim döyüş yolum sanki cəhənnəmdən başladı. Ermənilər Füzulini cəhənnəmə çevirmişdilər. Sanki 1941-1945 müharibəsindəki “Kiçik torpaq” – Krımdakı Kerç uğrunda döyüşlərə bənzəyirdi. Dörd yanımız mərmi, gilizlər və yaralılar idi. Cəbhə xəttinin düşmən müdafiə səddinin ən sərt hissələri məhz bu bölgədə yerləşirdi.
Bu gün də hesab edirəm ki, ən doğru addımı atmışam. Həmin günlərdə əsgərlərimizlə çiyin-çiyinə olmaq indi ən qürurlu ömür səhifələrimdəndir.
Füzulidə yanımıza Smerç raketləri düşümüşdü, xoşbəxtlikdən bir neçəsi partlamadı, şəxsi heyəti ərazidən itkisiz çıxara bilmişdik. Mən 4-cü taborun tibb xidməti rəisi olan baş leytenant kimi həm əldə silahla həmkarlarımla bərabər müdafiə olunmalı və düşmənə zərbələr endirməli, həm də gözüm hər əsgərin üstündə olmalı idim. Hara mərmi düşürdüsə, vəziyyəti müşahidə edib, yaralı olduğu təqdirdə onlara ilkin tibbi yardım göstərirdim".
 
Peşəsini sevən, sənətinə sadiq, təcrübəli Anar həkim döyüşlərdə xeyli yaralı erməni əsgərinə də yardım edib:
 
"Əsir düşmüş erməni əsgərləri ilə ən yüksək səviyyədə qaydalara uyğun davranlırdı. Erməni əsgərinin yarasını sarıyanda bir həkim kimi, bir insana və əsas da əsil azərbaycanlı kimi alicənablıq nümayiş etdirirdik. Təsəvvür edin, o ağır günlərdə düşmənə yardım etmək nə deməkdir. Bu, ruh məsələsidir, əsil türk ruhu, İslam mədəniyyəti, acizə, yaralıya, təslim olmuş adama əl qaldırmaq qədər aciz deyildik, elə bu ruh da bizi Böyük Qələbəyə apardı".
 
Anar Gümayev döyüş günlərində bir sıra uğurlu sınaqlar da həyata keçirib, öyrəndiyi bəzi mütərəqqi təcili tibbi yardım qaydaları uğurlu nəticələr verib, bu təcrübəni orada çalışan həmkarları ilə də bölüşüb.
 
Qeyd edək ki, qəhrəman həkim Anar Gümayev “Fizulinin azadlığına görə” medalı və digər mükafatlarla təltif olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub