Miokard infarktının vaxtında qarşısını necə almaq olar?
22.09.2022 17:23

Mərkəzi Gömrük Hospitalının kardioloqu Tamilla Əliyeva “Həkim məsləhəti” rubrikasında “Miokard infarktı barədə nə bilirik, vaxtında onun qarşısını necə almaq olar?”  sualını cavablandırıb.

 

Həkim bildirib ki, infarkt ürəyi qidalandıran qan damarlarından birində qan təminatının tamamilə dayanması deməkdir. Nəticədə ürəyin həmin sahəsində əzələlər ölür.  İnfarkt üçün arteriyanın 15-30 dəqiqə qan vurmaması kifayət edir: "Bu çox ciddi, həyati təhlükəsi olan xəstəlikdir. Belə ki, hüceyrələrin ölümü zamanı elə şiddətli ağrılar olur ki, pasiyentdə psixi pozğunluq da yaranır".

 

Onun sözlərinə görə, miokard infarktın əsas simptomu döş qəfəsində yaranan sancılardır. Bu ağrı sol tərəfə, sol qola və alt çənəyə də vurur. Eyni zamanda, bu hal ürək bulanması, qusma, ölüm qorxusu hissi ilə də müşayiət olunur. Stenokardiya zamanı pasiyentlərin qəbul etdiyi nitroqlesirin də ağrını azaltmır. Döş qəfəsində ağrılarla yanaşı nəfəs daralması, ayaqların şişməsi, zəiflik də simptomlar sırasındadır. Bu simptomlardan birini belə müşahidə etdikdə dərhal həkimə müraciət etmək lazımdır.

 

Tamilla Əliyeva qeyd edib ki, infarktın heç də bütün növləri ürək ağrısı ilə müşayiət olunmur. Bəzən bu, simptomsuz üzə çıxır. İnfarktın başlıca səbəbi ürəyin damarlarında qan laxtalarının meydana gəlməsidir ki, bu da ürəyin əzələ hüceyrələrində oksigen çatışmazlığı yaradır. Ürəyin işemik xəstəliyinin kəskin mərhələsi olan infarkt çox vaxt insanların ölümünə səbəb olur. Son illər bu problem bütün dünya səhiyyəsinin əsas problemlərindən biri olaraq qalır.

 

"Miokard infarktının əsas səbəbi aterosklerozdur. Xolesterin damarların divarlarına yığılır və trombozun əmələ gəlməsini sanki təhrik edir. Koronar damar xolesterin lövhəsinin yırtılması və ya zədələnməsi səbəbindən tıxanır. Bu xəstəliyin səbəbləri arasında həm bədənin genetik xüsusiyyətləri, həm də yanaşı xəstəliklər və pis vərdişlərlə əlaqəli əldə edilmiş pozğunluqlar var. Yanaşı xəstəliklərə piylənmə, şəkərli diabet, təzyiqin pozulması, periferik damarların xəstəlikləri, pis vərdişlərə siqaret çəkmə, alkoqollu içkilərin qəbulu və narkomaniya aiddir. Yanaşı xəstəlikləri müalicə etməklə, pis vərdişlərdən əl çəkməklə, miokard infarktının qarşısını almaq mümkündür. Daha az rast gəlinən risk amilləri anemiya, qrip, dəm qazından zəhərlənmə, sepsis, sistemli vaskulit də müalicə edilə bilər. Ailədə ürəyin işemik xəstəliyinə tutulan bir nəfər varsa belə, ailənin digər üzvlərinin də həkimə müraciət etmələri, müayinədən keçmələri məsləhətdir", - deyə həkim bildirib.

 

Kardioloq əlaqə edib ki, insanlar ürək-damar xəstəlikləri haqqında müəyyən biliklərə malik olduqları halda həm özlərinin, həm də ətraflarında olan doğmalarının, tanışlarının sağlamlıqlarının qayğısına qala bilərlər.

 

Mərkəzi Gömrük Hospitalının İnvaziv kardiologiya və Kardiologiya şöbələrində diaqnostika və müalicə məqsədli poliklinik xidmətlər, koronar intensiv terapiya və ürək kateterizasiyası, koronar angioqrafiya laboratoriyası, mütəxəssis həkim, tibb bacısı və texniklər fəaliyyət göstərir. Burada ürək-damar xəstəliklərinin effektiv diaqnostikası, müayinə və müalicəsi təcrübəli həkimlər tərəfindən həyata keçirilir. Vaxtında aşkarlanan ürək-damar xəstəliyini erkən müalicə etdikdə, infarktın qarşısını almaq mümkündür.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində