Dövlət tibb müəssisələrində vətəndaşlara ödənişsiz psixoloji konsultasiya xidməti göstərilir (FOTO)  
22.09.2022 17:04

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində psixoloji yardım xidməti təşkil olunur. Sözügedən xidmət əhalinin psixi sağlamlığının yaxşılaşdırılmasına və psixoloji gərginlik hallarının aradan qaldırılmasına yönəlib. Bu məqsədlə TƏBİB-in tabeliyindəki 52 tibb müəssisəsində artıq 86 psixoloq ştatı yaradılıb. Hazırda yeni ştat üzrə 35 tibb müəssisəsində psixoloq ixtisası üzrə ali təhsil almış 45 kliniki psixoloq fəaliyyət göstərir. Digər tibb müəssisələrinə də kliniki psixoloqların işə qəbulu nəzərdə tutulub.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, ixtisaslaşdırılmış psixoloji yardım xidməti icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmasa da, vətəndaşların psixi sağlamlığının qorunmasının vacibliyini nəzərə alaraq həmin şəxslərə xidmət ödənişsiz şəkildə həyata keçirilir. Tibb müəssisələrində kliniki psixoloji yardım həm uşaqlara, həm də böyüklərə göndərişsiz göstərilir.

 

Mütəxəssislər depressiya, narahatlıq, qorxu, aşırı həyəcan və stres fonunda gündəlik həyatlarında psixoloji problemlər və sarsıntı yaşayan insanların psixoloji dəstək üçün psixoloqa müraciət etmələrini tövsiyə edirlər. Nərimanov Tibb Mərkəzinin psixoloqu Mələk Seyidovanın sözlərinə görə, psixoloqlar daha çox biopsixososial yanaşma ilə xəstəlikləri təyin edir və psixoloji problemlərin bioloji və sosial tərəflərinə diqqət edərək müalicə zamanı problemə uyğun fərqli psixoterapevtik texnikalardan istifadə edirlər:

 

“İnsanın duyğu, düşüncə və ya davranışlarında hər zamankı hal ilə müqayisədə fərqliliklər yarana bilər. İnsan özünü emosional olaraq narahat hiss edə bilər və ya əvvəllər zövq aldığı fəaliyyətlər artıq ona mənasız gələ bilər. Bu kimi şikayətlər uzun müddət davam edirsə psixoloqa müraciət etmək lazımdır. İnsan müəyyən bir hadisə yaşadıqda bu müxtəlif düşüncələrə gətirib çıxarır. Həmin düşüncələr də fərqli neqativ duyğular yarada bilər. Yaranan bu duyğu insanın davranışlarına təsir etdiyi üçün arzuolunmaz nəticələrlə yekunlaşa bilər. Neqativ düşüncələrin alternativ düşüncələrlə əvəz olunması üçün psixoterapiyadan istifadə olunur”.

 

Qeyd edək ki, ödənişsiz psixoloji xidmətə konsultasiya və testlər, dəyərləndirmənin nəticələrinə uyğun müalicə planının tərtib edilməsi, psixoterapiya müalicəsi (koqnitiv-davranış terapiyası, şəxsiyyətlərarası terapiya və s.) və ya ehtiyac olduqda multidisiplinar yanaşma daxildir (nevroloqlar, terapevtlər, psixiatrlarla və s. birlikdə iş).


Psixoloji yardım psixoloji problemlərin həlli, şəxsiyyətlərarası münasibətlərin və psixi sağlamlığın yaxşılaşdırılması, şəxsiyyətin inkişafı, sosial adaptasiya məqsədi ilə psixoloji prinsiplər və metodlar əsasında həyata keçirilən tədbirlərdir. Psixoloji yardım müddətindən asılı olaraq təcili, birdəfəlik, qısamüddətli (12 sessiyaya qədər) və uzunmüddətli (12 sessiyadan çox) ola bilir. Psixoloji yardım zamanı etik kodeksə uyğun olaraq pasiyentlə bağlı məlumatların konfidensiallığı qorunur.


Qeyd olunmalıdır ki, həmçinin Bakı şəhərində Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Psixi Sağlamlıq Mərkəzi, TƏBİB-in tabeliyində olan Uşaq Nevroloji Xəstəxanasında uşaq və yeniyetmələrə psixi və psixoloji xidmət göstərilir. Həmin xəstəxanalarda Daun və autizm əksikliyi və hiperaktivlik pozğunluğu olan uşaq və yeniyetmələr reabilitasiyalara cəlb edilir, eyni zamanda psixopedaqoji iş aparılır. Uşaqlarının problemləri barədə valideynlər də maarifləndirilərək onlar da terapiyaya cəlb edilir, bəzi valideynlərə uşaqla məşğul olmaq üçün ev tapşırıqları verilir. Eyni zamanda xəstəxanalara müraciət edən valideynlərə ümumi maarifləndirici təlimlər də keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub