Təyyar Eyvazov: "Azərbaycanda epidemioloji vəziyyət qənaətbəxş və nəzarət altındadır"
05.08.2022 10:14
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov hazırda Azərbaycanda epidemioloji vəziyyət, yoluxma sayında müşahidə olunan artım, virusdan qorunmağın yolları ilə bağlı suallarımızı cavablandırıb.
 
Aztibb.az həmin müsahibəni təqdim edir:
 

- Təyyar müəllim, son zamanlar dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxma halında artım müşahidə olunur. Hazırda ölkəmizdəki epidemioloji vəziyyəti necə dəyərləndirirsiniz?

 

- Qonşu ölkələrin statistik məlumatlarına nəzər yetirsək görərik ki, hazırda infeksiyaya gündəlik yoluxma sayı Gürcüstanda, Rusiyada, Türkiyədə və İranda dəfələrlə artıb. Azərbaycanda da son zamanlar yoluxma sayında artım müşahidə olunur. Əksər məhdudiyyətlərin xeyli vaxtdır aradan qaldırılmasına baxmayaraq, hazırda ölkəmizdə epidemioloji vəziyyət qənaətbəxşdir və nəzarət altındadır.

 

- Bəzi Avropa mütəxəssislərinin proqnozlarına görə, payız fəslində virus aktivləşəcək…

 

- Bəli, hətta bir neçə ay bundan əvvəl qeyd etmişdik ki, bu tip infeksiyalar payıza doğru aktivləşir. Unutmayaq ki, zaman keçdikcə əldə olunmuş kollektiv immunitet zəifləyir. Pandemiyanın hər yeni dalğası virusun daha sürətli və immun nəzarətindən asan yayına bilən mutant variantları törədir. Bundan əlavə, əksər qadağaların aradan qaldırılması virusun yayılması üçün münbit şərait yaradır. Ona görə də ölkəmizdə yoluxma halının payızda yüksəlməsi istisna deyil. Hazırda proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Qeyd edim ki, pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. Yuxarıda qeyd etdiklərimdən əlavə, özümüzü qorumaq üçün birgə səy göstərməliyik.

 

- Son zamanlar bəzi ölkələrdə “Omikron”un mutasiya olunan yeni növləri sürətlə yayılır...

 

- Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son zamanlar dünya üzrə virusa yoluxma sayında müşahidə olunan artım əsasən Avropa və Amerikanın bəzi ölkələrində “Omikron” ştamının mutasiya olunan yeni növləri hesabına baş verib. Həmçinin qeyd edilir ki, virusun təkamülünün istiqaməti və yeni ştamların xüsusiyyətləri qeyri-müəyyən olaraq qalmaqdadır. Hesab olunur ki, bu ştamlar digər koronavirus ştamlarından, məsələn, delta ştamından daha az öldürücü olsalar da, yoluxma sürətinə görə birincidirlər. Virus əsasən yuxarı tənəffüs yollarında sürətlə çoxaldığından hava-damcı yolu yoluxmada xüsusi rol oynayır. Məhz buna görə ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir.

 

- Virusdan qorunmaq üçün insanlar daha çox nələrə diqqət etməlidirlər?

 

- Virusdan qorunma yolları yenə də dəyişməz olaraq qalır. İlk növbədə, qapalı məkanlarda, ictimai nəqliyyatda, yas yerlərində maskadan istifadə, otaqları tez-tez havalandırmaq, insanların sıx toplaşdığı yerlərdə iştirakı minimuma endirmək, sosial məsafəni (ən azı 1.5 metr) gözləmək, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək vacibdir.

Bu sadə tövsiyələr pandemiyanın şiddətli vaxtlarında özünü dəfələrlə doğruldub. Bir müddət gündəlik yoluxmada ikirəqəmli göstəricilər insanlarda bir arxayınlıq formalaşdırdı, sanki hər şey geridə qaldı. Epidemiyanın alovlanma dövrlərində bu sadə qaydalara etinasızlığın nələrə səbəb olduğunu artıq öz acı təcrübəmizdən bilirik və bunu unutmamalıyıq.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib