Unutmayaq ki, koronavirus hələ də təhlükəlidir - Səhiyyə Nazirliyi
25.07.2022 13:51

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) direktoru Qəhrəman Haqverdiyev ölkədə COVID-19 infeksiyasına yoluxma hallarındakı artımın səbəbləri, koronovirusdan qorunmağn yolları ilə bağlı sualları cavablandırıb. Aztibb.az həmin müsahibəni təqdim edir.

 

- Qəhrəman müəllim, hazırda dünya ölkələrində COVID-19 infeksiyası ilə bağlı ümumi vəziyyət necədir?

 

- Ölkəmizdə peyvəndləmə yüksək səviyyədə olduğundan Azərbaycanda epidemioloji sabit vəziyyət qalmaqdadır ki, bu da tam olaraq müvafiq səhiyyə orqanlarının nəzarətindədir. Səhiyyə Nazirliyinin tapşırığına əsasən, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən dünyada, o cümlədən ölkəmizdə COVID-19 infeksiyasına yoluxma hallarının dəyişməsi ilə bağlı vəziyyət diqqətlə izlənilir, tendensiyalar təhlil edilir.
Təəssüf ki, bu il iyun ayının ortalarından etibarən dünyada koronavirusa yoluxma hallarının sayında artım qeydə alınır və artıq pandemiyanın növbəti dalğası haqqında danışılır. Son iki həftə ərzində dünyada COVID-19 infeksiyasına yoluxanların sayında kəskin artım müşahidə olunur. Belə ki, dünyanın 110 ölkəsində yeni koronavirusa yoluxma hallarının sayının artdığı qeyd edilir.

 

- Yoluxma hallarının artmasına səbəb nədir?

 

- Mütəxəssislər artımı bu ilin iyun ayından yayılan və əvvəlkilərdən daha yoluxucu olan virusun yeni variantları ilə əsaslandırırlar. Omikron indi epidemiyanın aparıcı qüvvəsidir, 7 ayda 290 milyon insanı yoluxdurub. Onun öldürücülük qabiliyyəti təxminən 0,35 faizdir və peyvəndləmənin aktiv şəkildə aparıldığı dövlətlərdə bu rəqəm daha aşağıdır. Epidemioloqlara görə, pandemiyaya qarşı tədbirlərin yumşaldılması və ya tamamilə ləğvi yoluxucu ştamların ölkələrin sərhədləri boyunca daha sürətlə yayılmasına kömək edir. Amma müsbət xəbərlər də var. Ağırlaşma və ölüm hallarının sayı alfa, beta, qamma və ən təhlükəli delta kimi ştamların üstünlük təşkil etdiyi əvvəlki dövrə nisbətən xeyli azdır. Əlbəttə, bu ümidverici vəziyyətin yaranması peyvəndləmə səviyyəsi ilə sıx bağlıdır. Lakin buna baxmayaraq, infeksiyaların sayının artması, delta ştamları nisbətində olmasa da, ölüm hallarının artmasına səbəb ola bilər. Məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həyəcan təbili çalmağa başladı.

 

- Ölkəmizdə də yoluxma hallarında müəyyən artım müşahidə olunur. Vətəndaşlara nəyi tövsiyə edərdiniz?

 

- Təəssüf ki, Azərbaycanda da COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Qonşu ölkələrdə də həftəlik xəstələnmə hallarında artım var. Belə ki, son iki həftə ərzində qonşu Türkiyə, İran, Gürcüstan və Rusiyada koronavirusa yoluxanların sayında əhəmiyyətli dərəcədə artım qeyd edilib.

Əhali arasında belə bir fikir yayılıb ki, koronavirus xəstəliyi artıq kəskin respirator virus infeksiyası (KRVİ) kimi davam edir və xəstələnsə də, qısa müddət ərzində sağalır. Amma unutmamalıyıq ki, xəstəliyin hətta yüngül halı belə, post-COVID sindromuna, 6 ay və daha çox davam edə bilən “uzunmüddətli kovid" adlanan sindroma səbəb ola bilər. COVID-19 virusunun yeni mutasiyalarının meydana çıxması ilə onun klinik mənzərəsi çox da dəyişməyib. Bu, qızdırma, zəiflik, baş ağrıları və əzələ ağrısı, qarın ağrısı və ishaldır. Həmçinin profilaktika tədbirləri də dəyişməz qalıb. Belə ki, əllərin tez-tez və düzgün yuyulması (ən azı 20 saniyə), sosial məsafənin saxlanması (təxminən 1,5-2 metr), insanların sıx toplaşdığı yerlərdə, xüsusən, qapalı məkanlarda və ictimai nəqliyyatda maskaların taxılması, otaqların tez-tez havalandırılması vacib tövsiyələrdəndir. İnfeksiya əlamətləri varsa, həkimə müraciət etmək və ətrafdakı insanlarla təmasdan çəkinmək, simptomlar davam edərsə, COVID infeksiyasının olub-olmamasını bilmək üçün testdən keçmək mütləqdir.

Vətəndaşlarımıza tövsiyə etmək istərdim ki, diqqətli olsunlar. Unutmayaq, yeni növ koronavirus hələ də bizimlədir və hələ də təhlükəlidir. Bu sadə tədbirlərə əməl etməklə özümüzü və yaxınlarımızı təkcə koronavirusdan deyil, digər yoluxucu xəstəliklərdən də qoruya bilərik.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb