Ürək çatışmazlığında yeniliklər konqresi başa çatıb
05.06.2022 11:23

Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Ürək çatışmazlığında yeniliklər konqresinə yekun vurulub.

 

Konqresin ikinci günündə kardioloq-alim Gülməmməd Hacıyevin xatirəsinə həsr olunmuş klinik hal müsabiqəsi, “Ürək çatışmazlığında hemodinamik dəyərləndirmə”, “Xroniki ürək çatışmazlığı”, “Kardiak görüntüləmə və ikincili mitral çatışmazlıq”, “Ürək çatışmazlığında reabilitasiya”, “İşemik kardiomiopatiya”, “Ürək çatışmazlığı və komorbid vəziyyətlər”, “Ürək çatışmazlığı və spesifik hallar” mövzularında panel sessiyalar keçirilib. Ümumilikdə iki gün ərzində 13 panel sessiyada yerli həkimlərlə yanaşı, xarici ölkələrdən gələn mütəxəssislərin də məruzələri dinlənilib.

 

Azərbaycan Tibb Universitetinin müəllimi, Mərkəzi Klinikanın kardiologiya şöbəsinin müdiri Fidrovsi İbrahimov ürək çatışmazlığına xüsusi diqqət yetirilməsinin səbəbini ölüm faizinin çox yüksək olması ilə əlaqələndirib: “İnsanlar xərçəng xəstəliyindən qorxsalar da, ürək çatışmazlığının ölüm faizində onu çox üstələdiyini bilmələri lazımdır. Konqresi keçirməkdə iki əsas məqsədimiz var idi. Birincisi, ürək çatışmazlığına səbəb ola biləcək hadisələrin qarşısını ala bilmək. Ən yaxşı üsul xəstəlik yaranmadan onun qarşısını almaqdır. Bu, asan, həm də yaşama müddətini uzadacaq bir haldır. İkincisi, ürək çatışmazlığı yaranıbsa, ondan sonra yaşama müddətini və keyfiyyətini artıracaq və ölüm faizini azaldacaq müalicə strategiyalarının, yeniliklərin müzakirəsi və bütün halların yenidən gözdən keçirilməsidir.

 

Azərbaycanda bir tədqiqat apardıq və stend qoyulmuş, o cümlədən cərrahi əməliyyat keçirmiş xəstələri ayrıca dəyərləndirdik. Ürək çatışmazlığı olan xəstələrdə, həmin xəstəlikdən əziyyət çəkməyənlərlə müqayisədə qəfil ölüm hallarında çox ciddi fərqin olduğunu gördük. Ürək çatışmazlığı olanların 76 faizində qəfləti ölüm birbaşa ürək çatışmazlığı ilə əlaqəli ikən, ürək çatışmazlığı olmayanların 50 faizində qəfləti ölüm halları müşahidə oluna bilir”.

 

Mütəxəssis gənclər arasında ürək çatışmazlığından qəfil ölümün ən böyük səbəbinin narkotik maddə istifadəsi olduğunu deyib: “Gənclər narkotikin təsiri altında olduqlarından gizli miokard infarktı keçirdikdə hiss eləmirlər. Bəzən adi qripin fəsadı kimi ürək çatışmazlığı yarana bilər. Digər səbəblər isə qapaq xəstəlikləri, genetik xəstəliklər şəklində qarşımıza çıxır. Son zamanlar enerji içkilərinin də ürək çatışmazlığını yaradan səbəblərdən biri kimi müşahidə edirik. COVID-19 pandemiyası da ürək çatışmazlığı xəstələrinin sayını artırıb.

 

İstanbul Memorial Bahçelievlər Xəstəxanasının kardioloqu Özge Özdem ürəyin işemik xəstəliklərinin çox yayıldığını, xüsusilə də artıq çəki, hərəkətsiz həyat, həddən artıq fəst fud, siqaret istifadəsi, stress fonunda ürək-damar xəstəliklərinin getdikcə artdığını bildirib: “Ürək-damar xəstəlikləri dünyada mortallıq və morbidliyin ən önəmli səbəblərindən biridir. Əvvəllər ürək-damar xəstəliklərinə 55-60 yaşlardan sonra rast gəlinirdisə, hazırda gənc yaşlarda da müşahidə olunur. Təəssüf ki, həmin xəstəliyi 35 yaşlardan etibarən görə bilirik. Pandemiyanın da ürək-damar xəstəliklərinin artımına birbaşa və dolayı yolla təsirləri oldu”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib