Ürək çatışmazlığında yeniliklər konqresi işə başlayıb
03.06.2022 15:11

İyunun 3-də Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə Ürək çatışmazlığında yeniliklər konqresi işə başlayıb.

 

Tədbirdə çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov tədbirin məqsədinin kardiologiyada ən çox qeydə alınan ürək çatışmazlığı xəstələrinin müalicəsi, profilaktikası sahəsində həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi olduğunu deyib.

 

“Tədbirdə Türkiyə, Gürcüstan, Qazaxıstan, Avropa Kardiologiya Cəmiyyətindən mütəxəssislər iştirak edirlər. Konqres Türkiyə Kardiologiya Cəmiyyəti və Avropa Kardiologiya Cəmiyyətinin dəstəyi ilə keçirilir. Ümid edirəm ki, konqres xalqımız üçün faydalı olacaq və vətəndaşlara göstərilən kardioloji xidmətin keyfiyyətinin daha da artırılmasına kömək edəcək", - deyə cəmiyyətin sədri bildirib.

 

Ü.Rəhimov cəmiyyətin kardiologiya sahəsində təşkil etdiyi konfranslar, həkimlər üçün EXQ kursları, həyata keçirilən sosial layihələr barəsində məlumat verib və gələcək planlardan danışıb. O, sentyabrda Şuşada kardiologiya sahəsinə dair konfrans keçiriləcəyini də diqqətə çatdırıb.

 

Konqresdə çıxış edən Səhiyyə Nazirliyinin nümayəndəsi Ülvi Mirzəyev ürək çatışmazlığının yoluxucu olmayan xəstəliklər arasında ən vacib xəstəliklərdən biri olduğunu vurğulayıb: “Səhiyyə sistemlərinin effektivliyi ürək çatışmazlığı ilə əlaqədar olan meyarlarla - xəstələrin vəziyyəti, onların xəstəxanaya yatışı, xəstəliyin mortallıq və morbidliyi ilə ölçülür. Ürək çatışmazlığı hər birimiz üçün prioritet məsələlərdən biridir. Həmin xəstəliklə mübarizədə hər kəsin dəstəyi, poliklinika, xəstəxana həkimləri, terapevtlər, kardioloqlar, ümumi ailə həkimləri, kardiologiya cərrahları, kardioreabilitoloqların birgə komanda şəklində çalışması çox vacibdir”.

 

Azərbaycan Kardiologiya Cəmiyyətinin ürək çatışmazlığı işçi qrupunun sədri Aysel İslamlı, Türkiyə Kardiologiya Cəmiyyətinin ürək çatışmazlığı işçi qrupunun sədri Ahmet Çelik, Avropa Kardiologiya Cəmiyyətinin nümayəndəsi Ana Abreu bu sahədə bilik və təcrübə mübadiləsinin, yeniliklərin bölüşülməsinin xəstəliklə mübarizədə daha effektiv nəticə əldə edilməsinə töhfə verəcəyinə inandıqlarını bildiriblər.

 

Tədbir “Ağır ürək çatışmazlığı”, “Kəskin ürək çatışmazlığının idarə olunması”, “HFrEF və aritmiyalar”, “Ürək çatışmazlığında tövsiyədən kənar yanaşmalar” və “Ürək çatışmazlığı və pulmonar hipertenziya” mövzularında panel sessiyalarla davam edib.

 

Konqresin işinə iyunun 4-də yekun vurulacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib