Tibb Bacılarının I Respublika Forumu keçirilib
12.05.2022 23:57
Mərkəzi Gömrük Hospitalında 12 may - Beynəlxalq Tibb Bacısı Günü münasibətilə Tibb Bacılarının I Respublika Forumu keçirilib. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, eləcə də Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı olan Türkiyənin "Florence Nightingale" Xəstəxanalar qrupu və “Dayaq“ patronaj xidmətinin əməkdaşlığı ilə həyata keçirilmiş Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
 
Aztibb.az xəbər verir ki, açılış nitqi ilə çıxış edərək Forum iştirakçılarını salamlayan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim Ceyhun Məmmədov səhiyyə sahəsində həkimlərlə yanaşı, onların ən yaxın silahdaşı olan tibb bacılarının və digər orta tibb personalının fəaliyyəti və zəhmətinin danılmaz olduğunu vurğulayıb. O, deyib: ”Bildiyiniz kimi, qlobal səhiyyə tendensiyalarına uyğun olaraq bu gün Azərbaycanda da tibb bacısı ixtisasının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır.
 
Deyərdim ki, ölkəmizdə bu sahə həm tədris, həm də praktiki bacarıqlar baxımından öz inkişaf dövrünü yaşamaqdadır. Bu gün Respublikamızda baza tibb bacısı təhsili ilə yanaşı, ali «tibb bacısı işi» ixtisasının yaradılması, tibb bacılarının nəzəri və praktiki bilik və bacarıqlarının artırılması istiqamətində təlimlərin həyata keçirilməsi, bu sahədə qurumlararası əməkdaşlığın gücləndirilməsi çox vacib əhəmiyyət kəsb edir.”
 
Mərkəzi Gömrük Hospitalında tibb bacılarının inkişafı üçün mütəmadi olaraq tədbirlər həyata keçirildiyini qeyd edən C.Məmmədov forum vasitəsilə göstərilən səylərin ümumrespublika səviyyəsində bütün tibb bacılarını əhatə etməsindən məmnunluq duyduğunu ifadə edib. C.Məmmədov çıxışının sonunda “12 may Beynəlxalq Tibb Bacısı Günü” münasibətilə tibb bacılarını təbrik edib və forumun işini açıq elan edib.
 
Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Əməkdar həkim, t.e.d. Rəşad Mahmudov, TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Firəngiz Əliyeva, Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov, Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru, Əməkdar müəllim Dilarə Məmmədəliyeva və Türkiyənin "Florence Nightingale" Xəstəxanalar Qrupunun Tibb bacısı xidmətlərinin təşkili şöbəsinin müdiri Hülya Şahin Uyan da çıxış edib. Çıxış edən spikerlər tibb bacılarının inkişafına istiqamətlənmiş tədbirin bu sahə ilə əlaqəli yerli və beynəlxalq statuslu aidiyyatı qurumları bir platforma ətrafında birləşdirdiyini qeyd edərək mövcud ənənənin Mərkəzi Gömrük Hospitalı tərəfindən başladılmasını yüksək qiymətləndiriblər.
 
Rəsmi hissədən sonra Forum günün birinci yarısında “Orta tibb işçisinin müasir hazırlıq hədəfləri” sessiyası ilə, günün ikinci yarısında “Tibb bacısının işində nəzəriyyənin təcrübəyə tətbiqi” və “Tibb bacılarının peşəkar fəaliyyət standartları” sessiyaları ilə öz işinə davam edib.
 
Tədbirdə Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı tibb bacıları ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin mütəxəssisi Halib İbrahim Durak, Dokuz Eylül Universitetinin Tibb bacısı fakultəsinin dosenti Fatma Vural, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli, Türkiyə Tibb Bacısı Dərnəyinin rəhbəri Azize Atlı Özbaş və digər spikerlərin də məruzələri dinlənilib.
 
Respublikanın müxtəlif özəl və dövlət tibb müəssisələrində çalışan 80 nəfər tibb bacısının əyani, 200 nəfərədək tibb bacısının distant iştirak etdiyi Forumda tibb bacılarının inkişafı üçün zəruri olan təhsil məsələləri, praktiki bacarıqlar üçün simulyasiya tədrisi, təşkilatlanmanın əhəmiyyəti və digər bir çox mövzularda ümumilikdə 14 məruzə təqdim olunub.
 
Təqdimatların sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
 
Daha geniş auditoriyanın əhatə edilməsi üçün tədbir "ZOOM" platforması ilə yanaşı Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən də canlı yayımlanıb.
 
Forum sertifikatların təqdim edilməsi və qrup şəklinin çəkilməsi ilə yekunlaşdırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib