Reproduktiv itkiləri azaltmaq üçün ana-plasenta-döl sisteminə təsir göstərən ekstragenital fəsadların vaxtında aşkar edilməsi və müxtəlif müalicə vasitələrinin istifadəsinin dərindən öyrənilməsinə ehtiyac var. Tibbi texnologiyanın yüksək inkişafına baxmayaraq, müasir mamalıq və ginekologiyada həllini tapmamış problemlər hələ də mövcuddur. Buna görə də ginekologiya sahəsində yeni müalicə tədbirlərinin tətbiqinə, effektivliyinə dair çoxsaylı elmi tədqiqat işləri aparılır və müzakirələr həyata keçirilir.
Aztibb.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu PHŞ-nin direktoru, t.e.d., professor Cəmilə Qurbanova "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda hibrid formada keçirilən beynəlxalq elmi konqresdə çıxışı zamanı deyib.
C.Qurbanova 5 may - Beynəlxalq Mama Gününə həsr olunmuş konqresdə müasir mamalıq və ginekologiyanın ən maraqlı və aktual mövzulara toxunulduğunu bildirib. Qadın sağlamlığının pozulmasına gətirib çıxaran istənilən problemin hər zaman aktual olduğunu deyən məruzəçi bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 500 min qadın, 8 milyondan çox körpə hamiləlik və doğuş zamanı yaranan ağırlaşmalardan ölür. İnkişaf etməkdə olan ölkələrdə hər dəqiqə bir qadın hamiləlik və ya doğuş zamanı qarşısının alınması, müalicəsi mümkün olan ağırlaşmalardan ölür:
“Təbii ki, ölümlərin əksəriyyətinin qarşısı alına bilinən hesab olunur. Təhlükəsiz doğuş və mamalıq fəsadlarının qarşısının alınması qadınların həyatını xilas etmək üçün yeganə və ən həlledici tədbirdir. Hamiləlik və doğuş fəsadlarının yaranmasında çox böyük rolu olduğuna görə, ekstragenital xəstəliklərin hamilə qadınlarda vaxtında aşkar olunması və qarşısının alınması müasir mama-ginekologiyanın əsas prioritet istiqamətlərindən biridir. Aparılan araşdırmalar göstərmişdir ki, hər il təqribən 500 min ana ölümünün 80 mini ekstragenital xəstəliklərdən baş verir. 2006-cı ildən bu günə qədər ana ölümünün səbəbləri strukturunda ekstragenital xəstəliklər aparıcı yer tutur. İnkişaf etməkdə olan ölkələrin statistikasına görə son 20 ildə hamilə qadınlarda ekstragenital xəstəliklərin sayının artma tendensiyası vardır ki, burada da əsas yeri anemiyalar, sidik yollarının müxtəlif xəstəlikləri, hipertenziv vəziyyətlər tutur”.
Respublikamızda da səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması üzrə həyata keçirilən islahatlarda ana və uşaq problemlərinin həlli ön sıralarda yer alır, bu sahədə çoxsaylı proqramlar hazırlanır. Mamalıq və ginekologiya sahəsində yeni innovasion vasitələrin tətbiqi, müalicə və profilaktik tədbirlərin təkmilləşdirilməsinə, bir sıra xəstəliklərin diaqnostika və müalicəsində isə əsaslı dəyişikliklərin əldə edilməsinə gətirib çıxarmışdır.
Hazırda respublikamızda ana və uşaqların sağlamlığının qorunması, onların rifahı ilə bağlı ümummilli liderimiz Heydər Əliyev tərəfindən aparılan siyasəti onun layiqli varisi, möhtərəm prezident İlham Əliyev cənabları davam etdirir. Onun rəhbərliyi ilə səhiyyənin bütün sahələrində yeni islahatlar aparılmış, yeni-yeni tibb müəssisələri açılmış, tibbi kadrların daha keyfiyyətli hazırlanması məsələləri ön plana çıxarılmışdır ki, bu da qadınların daha etibarlı müalicəsini təmin edir.

