Sağlamlıq imkanları məhdud şəxslər arasında stolüstü tennis yarışları start götürüb
25.04.2022 16:33

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə aprelin 25-də “Şüa” İdman-Sağlamlıq Mərkəzinin zalında əqli və sağlamlıq imkanları məhdud şəxslər arasında stolüstü tennis yarışları start götürüb.

 

Aztibb.az-ın xəbərinə görə, yarışlar xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisələrin şagirdlərindən, məzunlarından, eyni zamanda, ailələrdən olan oğlanlar və qızlar arasında Xüsusi Olimpiya proqramına uyğun keçirilir. Turnirə 70-ə yaxın atlet qatılıb.

 

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri – baş idarəedici Şahin Əliyev jurnalistlərə müsahibəsində silsilə tədbirlər çərçivəsində indiyə qədər atletika, futbol yarışlarının keçirildiyini bildirib: “Silsilə yarışlar aprelin 20-də start götürüb. Bundan əvvəl atletika, futbol yarışları keçirilib, stolüstü tennis turniri davam edir. Bu tədbirlər aprelin 28-də isə metodiki-praktiki seminarla başa çatacaq. Mayın 10-dan etibarən isə komitənin seçmə yarışları başlayacaq. Bu yarışlar 2023-cü ildə Berlində keçiriləcək dördilliyin ən mötəbər turniri olan Xüsusi Yay Olimpiya Oyunlarına hazırlıq və seçmə xarakteri daşıyır. Belə ki, yekun nəticəyə əsasən, yarışda iştirak edəcək yığma komanda formalaşdırılacaq”.

 

Üç il əvvəl keçirilmiş sonuncu Xüsusi Yay Olimpiya Oyunlarında komandamızın parlaq nailiyyət əldə etdiyini diqqətə çatdıran Ş.Əliyev deyib: “Yığmamız beynəlxalq arenalarda keçirilən nüfuzlu yarışlarda böyük uğurlar əldə edirlər. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycan komandası böyük nailiyyətə imza ataraq 25 medal qazanıb. Ən azı bu nailiyyəti növbəti olimpiadada təkrar etməyi qarşıya məqsəd qoymuşuq”.

 

Komitənin sədri qurumun əsas vəzifəsinin xüsusi qayğıya ehtiyacı olan insanların, uşaq və yeniyetmələrin fiziki sağlamlığının bədən tərbiyəsi və idman, yarışlar, tədbirlər vasitəsilə bərpası, onları ailələrdən, qapalı müəssisələrdən, xüsusi və yardımçı internat məktəblərindən xüsusi Olimpiya hərəkatına cəlb edilməsi olduğunu bildirib. Qeyd edib ki, beynəlxalq yarışlara hazırlıq çərçivəsində ilboyu ölkədaxili turnirlər təşkil edilir, bu yarışlarda əqli cəhətdən qüsurlu idmançıların bərpası və cəmiyyətə inteqrasiyası ilə yanaşı, onların sağlam idmançılarla ünsiyyətinə də böyük önəm verilir.

 

Turnirin iştirakçısı Ədalət İsmayılov yarışla bağlı təəssüratlarını bölüşərək deyib: “Stolüstü tennis ilə məşğul olmağı çox sevirəm. Ümumiyyətlə, yarışlarda iştiraka böyük marağım var. Turnirlərdə qələbə qazanarkən unudulmaz hisslər keçiririk. Xalqımıza həmişə qələbə yaraşır”. Ə.İsmayılov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad edib xalqımıza qələbə sevinci yaşatmasından sonsuz qürur duyduğunu bildirib.

 

Yarışın digər iştirakçısı Nuri Babayev idmanla məşğul olmaqla sağlamlığının qeydinə qaldığını, eyni zamanda, asudə vaxtını səmərəli keçirdiyini deyib: “İdmanla məşğul olmaqla həm sağlamlığımızın qayğısına qalır, həm də asudə vaxtımızı səmərəli keçiririk. Qələbə qazananda isə çox sevinirik. Çalışıram ki, idmanın bu növü üzrə özümü daha da inkişaf etdirib, beynəlxalq turnirlərdə yüksək nəticə əldə edim”.

 

Turnirə bu gün yekun vurulacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub