Son vaxtlar yayılmış bağırsaq qripi ilə necə mübarizə aparmalı? - Mütəxəssis AÇIQLADI
13.04.2022 12:39

Son bir ayda həkimlər uşaqlarda qusma, yüksək hərarət və ishalla müşahidə edilən virusun yayılması ilə bağlı əhalini xəbərdar edirlər. Rotavirus adlanan bu infeksiya uşaqlarda aşkarlanarsa, ona uyğun müalicənin aparılması tövsiyə olunur. Xəstəliyə daha çox 5 yaşa qədər olan uşaqlarda rast gəlindiyini deyən mütəxəssislər simptomların bir həftədən bir aya qədər davam edə biləcəyini söyləyirlər.

 

Aztibb.az xəbər verir ki, hazırda epidemiya şəklində olan bu virus haqqında ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosenti Sevda Məmmədova məlumat verib.

 

Həkim-pediatr rotavirus infeksiyasının 9 tipi olduğunu, insanlarda onun 3 tipinə, uşaqlarda isə daha çox A tipinə rast gəlindiyini bildirib. Onun sözlərinə görə, bu virus, ilk növbədə mədə-bağırsağın selikli qişasını zədələyir və özünü müxtəlif əlamətlərlə büruzə verir: “Ola bilsin ki, bəzi hallarda uşaq səhər tezdən durarkən ürəkbulanma, qusma baş versin. Bir neçə saatdan sonra hərarət yüksələ, daha bir neçə saatdan sonra isə ishal, qarın nahiyəsində ağrılar başlaya bilər. Bəzi hallarda uşaq boğazında ağrıların olmasından da şikayətlənir. Başqa bir əlamət: uşaq süstdür, halsızdır, arabir qarnında ağrıların olduğunu deyir, bir dəfə qusuntusu, bir-iki dəfə də ishalı olub və s. Müəyyən əlamətlərinə görə rotavirus infeksiyasına əhali arasında “bağırsaq qripi” də deyirlər”.

 

S.Məmmədova qeyd edib ki, rotavirusun əlamətləri ilə infeksion qastroenteritin əlamətləri çox oxşardır. Ona görə də, valideyn uşaqlarda ilkin əlamətlər müşahidə edəndə özbaşına müalicəyə başlamamalıdır: “Çünki onlar bunun rotavirus infeksiyası, yoxsa bakterial qastroenterit olduğunu qarışıq sala bilərlər. Ən yaxşısı, ilk saatlarda həkimə müraciət edərək diaqnozu dəqiqləşdirmək və düzgün diaqnoz əsasında müalicəyə başlamaq lazımdır. Təəssüf ki, bəzi valideynlər uşaqda ishal başlayan kimi antibiotik “təyin edirlər”. Hətta internetdə oxuduğu hansısa simptomun onun uşağındakı əlamətlərlə eyni olduğunu düşünərək özbaşına müalicə aparan valideynlər var. Belə hallara  qətiyyən yol vermək olmaz. Unutmamalıyıq ki, simptomlar eyni, müalicələr isə müxtəlif  ola bilər. Rotavirus infeksiyasında susuzlaşma getdiyinə görə daha çox su-elektrolit balansını normaya salmaq vacibdir. Hər uşağa antibiotik vermək doğru deyil. Əvvəlcə qanın, sidiyin ümumi analizi götürülməli, yalnız ətraflı kliniki müayinə və laborator analizlərin nəticələrindən sonra müalicə təyin olunmalıdır”.

 

Bu infeksiyanın həm də mövsümi xarakter daşıdığını vurğulayan mütəxəssis bildirib ki, xəstəliyin ilkin əlamətləri 12 saatdan 1-2 günə kimi üzə çıxır. Müalicəsi yüngül formalarda 6-7 gün, ağır formalarda 10-14 gün çəkir. Üçüncü mərhələ isə bərpa dövrüdür ki, 4-5 gün, ağırlaşmalardan sonra 10-14 gün çəkə bilir: “Simptomlar başlayan kimi, həkimə müraciət edilərsə, ağırlaşmalar olmayacaq. Ağırlaşmalara gətirib çıxaran əsas səbəb həkim nəzarətindən kənar aparılan müalicələrdir. Bir də uşağın immun sistemi nəzərə alınmalıdır. Əgər uşağın immun sistemi yaxşıdırsa, vəziyyətdən tez çıxacaq. İmmun sistemi zəif, yanaşı xəstəlikləri olan uşaqlarda rotavirus aşkar edilərsə, həkim müdaxiləsi mütləqdir”.

 

Əslində, rotavirusun yüngül və ağır formasından asılı olmayaraq, bütün hallarda həkimə müraciət etməyin zəruriliyini bildirən S.Məmmədovanın sözlərinə görə, bəzən uşağın vəziyyətini o dərəcəyə çatdırırlar ki, adi şöbəyə yox, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirmək lazım gəlir. Həkim-pediatr qeyd edib ki, 6 aylıq uşaqda rotavirus infeksiyası yüngül formada keçdiyindən, müalicəsi həkim nəzarəti altında ev şəraitində də mümkündür.

 

O, eyni zamanda xatırladıb ki, xəstəliyin orta və ağır formalarında müalicə mütləq xəstəxana şəraitində aparılmalıdır: “İmmun sisteminin həddindən artıq zəifliyi səbəbindən bəzi uşaqlarda ishal, süstlük, yuxululuq halları olsa da, hərarət yüksəlmir. Yəni hər vaxt qızdırma olması 100 faizlik göstərici deyil. “Qızdırma yoxdursa, yaxşı olar” - yanaşması da yanlışdır. Bəzi valideynlər qızdırmadan çox qorxurlar. Lakin qızdırma bir müdafiə reaksiyasıdır. Ona görə də qızdırmanın olmaması ilə müşahidə edilən əlamətlər daha çox narahatlıq yaratmalıdır. Bütün valideynlərə, uşaqlara möhkəm cansağlığı arzulayıram. Valideynlərə tövsiyəm odur ki, xəstəliyin ilk əlamətlərini hiss edən kimi həkimlə məsləhətləşsinlər. Birdəfəlik yadda saxlasınlar ki, həkim təyinatı olmadan müalicə, antibiotiklərdən istifadə yolverilməzdir. Hər bir valideyn ilk növbədə uşağının sağlamlığı barədə düşünməlidir. Bunun üçün isə ən doğru və yeganə seçim həkimə müraciətdir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib