Kardioloq Fərid Əliyev: "Miokard infarktının ən çox görülən simptomu sinədə ağrı şikayətidir"
12.04.2022 11:28

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq Fərid Əliyev nazirliyin sosial şəbəkələrdəki hesablarına ürək-damar xəstəlikləri ilə bağlı ünvanlanan sualları cavablandırıb.

 

- Fərid müəllim, infarktın ən çox görülən simptomları hansılardır?

 

- Miokard infarktının ən çox görülən simptomu sinədə ağrı şikayətidir. Ağrı əsasən döş sümüyü arxasında yaranıb, çiyinə, qollara, ənsə, çənə nahiyələrinə, dişlərə, qarın və kürək bölgələrinə yayılır. Bəzən ağrı bu bölgələrdən sadəcə birində hiss edilir və 20 dəqiqədən daha uzun müddət davam edir. Ağrı şiddətli (göynədici, yandırıcı) və ya küt xarakterli, sıxıcı, ağırlıq, basqı hissi şəklində ola bilər. Ağrılar bəzən epiqastral nahiyədə olduğundan diqqətdən qaçmamalıdır.


Bundan əlavə, başgicəllənmə, halsızlıq, ürəkbulanma, qusma, təngnəfəslik və tərləmə, soyuq tər hissi və s. kimi simptomlara da sıx rast gəlinir.

- İnfarkt simptomunu hiss edən şəxs ilkin olaraq nə etməlidir?

 

- Kəskin miokard infarktı zamanı optimal müalicə xəstənin erkən zamanda koronar müdaxilənin icra edilə biləcəyi mərkəzə çatdırılması nəticəsində mümkündür. İnfarkt simptomlarını hiss edən şəxs ilk olaraq dərhal təcili tibbi yardıma məlumat verməlidir. Erkən zamanda təcili yardımla invaziv müdaxilənin (ürəyin koronar (tac) damar açılması proseduru) icra edilə bildiyi mərkəzə çatdırılmalıdır.


İnfarktdan sonra fiziki fəaliyyətin dozası üçün xüsusi proqramlar var. Təhlükəsiz fiziki fəaliyyət növləri və onların intensivliyi ilə bağlı kardioloqla məsləhətləşməniz tövsiyə olunur. Yüksək intensivlikli müqavimət məşqlərindən (ağırlıq qaldırma), günün soyuq saatlarında və yeməkdən sonra idmanla məşğul olma ürəyə əlavə yükdür. Bundan əlavə, miokard infarktından sonra bərpa dövründə bir sıra tənəffüs məşqlərini yerinə yetirmək tövsiyə olunur.

 

- Ürək-damar xəstəliklərinin inkişafı üçün əsas risk faktorları hansılardır?

 

- Kardiovaskulyar xəstəliklərin yaranması yalnız bir səbəbdən olmur. Ona görə də bəzi risk faktorları ürək-damar xəstəlikləri üçün təhlükəni artırır. Belə ki, xroniki böyrək çatışmazlığı, kontrolsuz arterial və diabet olan xəstələrdə ürək-damar xəstəlikləri baxımından risk artmış olur.


Bununla yanaşı, xolesterol səviyyəsinin yüksək olması, piylənmə və depressiya kardiovaskulyar xəstəliklər üçün risk daşıyan patologiyalardandır.


Bu səbəbdən də risk faktorları 2 qrupa bölünür - modifikasiya oluna bilən və oluna bilməyən.


Modifikasiya oluna bilən faktorlara aiddir: yüksək total xolesterol səviyyəsi; hipertenziya; diabet; pəhrizə riayət olunmaması və piylənmə; siqaret və alkoqol istifadəsi; fiziki passivlik.
Modifikasiya oluna bilməyən faktorlara isə ailə (irsi) anamnezi, cins və yaş göstəricisi aiddir.

- Uşaqlarda daha çox hansı ürək xəstəliklərinə rast gəlinir?

 

- Uşaqlarda ürək xəstəlikləri aşağıdakı qrupları əhatə edir: anadangəlmə ürək qüsurları; ürəyin revmatik xəstəlikləri; aritmiya.


Uşaqlarda ürək xəstəliklərindən ən çox rast gəlinəni anadangəlmə anomaliyadır. Bunlara ürək boşluqları arasında arakəsmələrdə və ya ürəkdən çıxan böyük damarlarda olan qüsurlar; mədəciklərarası çəpər qüsuru; qulaqcıqlararası çəpər qüsuru; botal axacağın açıq qalması; ürək qapaq xəstəlikləri; hipoplastik sol mədəcik sindromu; Fallo tetradası və s. aiddir.


Bütün yaş dövrlərində, həmçinin ürəyində heç bir dəyişiklik olmayan uşaqlarda da aritmiya təsaduf olunur. Ürək döyüntüləri sürətlənir və şəxs ürək çırpıntılarını aydın hiss edir. Həyacanlanma, yaxud hər hansı fiziki aktivlik zamanı aritmiya xeyli artır.


Qeyd edim ki, ürəyin revmatik xəstəlikləri müalicə olunmamış təqdirdə streptokok mənşəli yoluxucu infeksiyalar müşahidə oluna bilər.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb