AMEA-da vaksinlərin hazırlanması ilə məşğul olan azərbaycanlı alimin məruzəsi dinlənilib
08.04.2022 10:08

Aprelin 7-də Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Molekulyar biomühəndislik beynəlxalq laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədovun “Bitkidə sintez edilmiş COVID-19 peyvəndlərinin və terapevtik zülalların istehsalı və preklinik qiymətləndirilməsi” mövzusuna həsr olunmuş onlayn seminarı keçirilib.

 

Seminarda AMEA-nın Biologiya və Tibb Elmlər Bölməsinə daxil olan elmi tədqiqat institutlarının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) elmi müəssisələrinin əməkdaşları iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova bugünkü seminarın bütün dünya üçün əhəmiyyətli məsələlərdən biri hesab edilən koronavirusla mübarizədə mühüm rola malik olan və böyük aktuallıq kəsb edən vaksinlərin hazırlanması məsələlərinə həsr olunduğunu bildirib.

 

O, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun Azərbaycanda “molekulyar biologiya” ixtisası üzrə ilk doktorluq dissertasiyası müdafiə edən alimlərimizdən olduğunu və dünyanın bir çox aparıcı universitetlərində, elmi mərkəzlərində bu sahədə böyük təcrübə keçdiyini diqqətə çatdırıb.

 

Vitse-prezident professor Tərlan Məmmədovun ABŞ-da vaksinlərin hazırlanması işlərində yaxından iştirak etdiyini, çoxsaylı patentlərin və məqalələrin müəllifi olduğunu vurğulayıb. Əlavə edib ki, azərbaycanlı alim, həmçinin Türkiyədə rəqabətqabiliyyətli qrant layihələrinin reallaşdırılmasında iştirak edir, pandemiya dövründən etibarən vaksinlərlə iş üzərində tədqiqatlarını genişləndirir. Akademik İradə Hüseynovanın sözlərinə görə, Tərlan Məmmədovun hazırladığı vaksin Ümumdünya Səhiyyə Təşkilatının preklinik mərhələdə olan vaksinlər siyahısına daxil edilib və bu istiqamətdə alınmış nəticələr 2021-ci ildə 3 nüfuzlu jurnalda dərc olunub.

 

AMEA-nın vitse-prezidenti Azərbaycanın koronavirusla mübarizədə öndə gedən ölkələrdən biri olduğunu bildirib. O, bu istiqamətdə dövlət başçısı tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, vətəndaşların sağlamlığının qorunmasına göstərilən diqqət nəticəsində bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda əhalinin vaksinasiya təminatı ilə bağlı problemlərin olmadığını diqqətə çatdırıb. Akademik İradə Hüseynova Azərbaycanda yerli vaksinlərin hazırlanması məsələsinin zəruriliyinə toxnub, bu istiqamətdə ölkə alimlərinin böyük potensiala malik olduğunu qeyd edib.

 

Daha sonra AMEA-nın müxbir üzvü, professor Tərlan Məmmədovun “Bitkidə sintez edilmiş COVID-19 peyvəndlərinin və terapevtik zülalların istehsalı və preklinik qiymətləndirilməsi” mövzusunda məruzəsi dinlənilib.

 

Alim İkinci Dünya müharibəsindən sonra bəşəriyyətin ən böyük böhranı kimi qiymətləndirilən koronavirus pandemiyasına səbəb olan SARS-CoV-2 virusu ilə yeganə mübarizə üsulunun vaksinasiya olduğuna diqqət çəkib.

 

O, hazırda dünyada koronavirus əleyhinə yaradılmış vaksinlərin hazırlanma texnologiyası haqqında məlumat verib, 20 nəfərdən ibarət komandası ilə COVID-19-la mübarizə üçün vaksinlərin hazırlanması işinə pandemiyanın ilk günlərindən etibarən başladığını deyib.

 

Professor Tərlan Məmmədov yeni növ koronavirusun RNT tipli oldugu üçün onun mutasiyaya uğrayacağının öncədən gözlənilən olduğunu və ona görə vaksin hazırlanmasında bu mutasiyaların neqativ effektini nəzərə alaraq dizayn etdiyini vurgulayib.

 

Məruzəçi SARS-CoV-2-nin xüsusiyyətləri barədə danışaraq qeyd edib ki, virusun Spike zülalı daha çox mutasiyalara uğrayır, lakin Nukleokapsid zülalının ardıcıllığı daha çox qorunub saxlanılır: “Bu səbəbdən dünyada ilk dəfə olaraq onların hər ikisinin qarışığından ibarət N+RBD antigen kokteyl peyvəndinin hazırlanmasını həyata keçirdik. 1 kq Nicotiana Benthamiana bitkisindən 25 milliqrama qədər, başqa sözlə, 5 min insana kifayət edəcək qədər kokteyl peyvənd hazırlanması mümkündür. Bu vaksin üzərində işlər başa çatdıqda onu “Qarabağ” adlandırmağı düşünürük.”.

 

Onun sözlərinə görə, rəhbərlik etdiyi komanda bu vaksinlərin hazırlanmasında özlərinin təkmilləşdirdikləri texnologiyanı tətbiq edib və hazırda bununla bağlı bir neçə patentə müəlliflik edir. Professor hazırlanmış kokteyl peyvəndin Delta və Omikron (52-dən çox mutasiyası olan) variantlarına qarşı çox effektiv olduğunu və ümumiyyətlə, gələcəkdə ortaya çıxacaq bütün mutasiyalara qarşı dayanıqlı ola biləcəyini vurğulayıb.

 

Alim rəhbərlik etdiyi komanda ilə birgə COVID-19-a qarşı hazırladığı universal terapevtik protein əsaslı dərman barədə də məlumat verərək, onun virusla mübarizədə, xüsusilə yüksək təzyiqi olan insanların COVID-19-a qarşı müalicəsində böyük effektivlik göstərdiyini bildirib. Əlavə edib ki, bu istiqamətdə əldə olunmuş nəticələr molekulyar biotexnologiya sahəsində “Nature” jurnalından sonra ən tanınmış jurnal olan “Frontiers in plant science”də (impakt-faktor 5.753) dərc olunub.

 

Tərlan Məmmədov çıxışının sonunda, həmçinin Akdeniz Universitetində quduzluq və malyariya əleyhinə vaksinlər hazırladıqlarını və bu vaksinlərin insanlar üzərində sınaq mərhələsində olduğunu bildirib.

 

Seminarda məruzə ətrafında geniş müzakirələr aparılıb, professor Tərlan Məmmədov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

 

Müzakirələrdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun laboratoriya müdiri Nuriyyə Səlimova, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nurməmməd Mustafayev, Koreya Respublikasının Pusan Milli Universitetinin tədqiqatçı professoru, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Zülfüqarov, AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru Arif Mehdiyev və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun icraçı direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Məmmədov iştirak ediblər.

 

Seminara yekun vuran akademik İradə Hüseynova Azərbaycanda bu sahədə kadr hazırlığının həyata keçirilməsinin vacibliyinə diqqət çəkib, Tərlan Məmmədovun Azərbaycanda və Türkiyədə təhsil alan tələbələrimizə bu istiqamətdə böyük dəstək olduğunu vurğulayıb.

ÇOX OXUNANLAR
 Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
 Qusarda qanvermə aksiyası:
Qobustan RMX-da konfrans: “Nurlu ömrün salnaməsi”
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
 Sumqayıtda İmmunizasiya Həftəsi çərçivəsində 1263 uşaq peyvənd olunub   
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
Qoşqar Təhməzli: Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir
 Cəlilabadda xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilib   
 Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat   
 AQTA-da konfrans: “Təhlükəsiz qidanın memarlığı”